İtaliyanın xüsusilə cənub bölgələrində məşhur olan "Panzerotti" pizza xəmirinə bənzəyən bir xəmirin içərisinə müxtəlif inqrediyentlər qoyularaq hazırlanan, aypara şəkillidli ləzzətli bir təamdır. Çölü xırtıldayan, içi isə yumşaq və axışqan pendiri ilə həm doyumlu, həm də praktik bir seçimdir.
Milli.Az Panzerotti üçün lazım olan ərzaqları təqdim edir:
Xəmiri üçün:
3 stəkan un
1 paket instant maya (tez həll olan)
1 çay qaşığı duz
1 çay qaşığı şəkər tozu
1 stəkan ilıq su
2 xörək qaşığı zeytun yağı
İçliyi üçün:
1 stəkan rəndələnmiş mozzarella pendiri
2 xörək qaşığı pomidor sousu
1 çay qaşığı kəklikotu (kekik)
İstəyə görə: kolbasa, salam və ya göbələk
Qızartmaq üçün:
Bitki yağı
Hazırlanma qaydası
Bir qabda un, duz və şəkər tozunu qarışdırın. Üzərinə mayanı əlavə edin. Ortasını açaraq ilıq su və zeytun yağını tökün. Yumşaq bir xəmir əldə edənə qədər yoğurun.
Xəmirin üzərini örtərək təxminən 30-40 dəqiqə mayalanması üçün isti bir yerdə saxlayın.
Mayalanmış xəmirdən qoz böyüklüyündə parçalar qoparın və kiçik dairələr şəklində yayın.
Xəmirin ortasına pomidor sousu, mozzarella pendiri və istədiyiniz digər ərzaqları yerləşdirin.
Xəmiri aypara şəklində qatlayın və kənarlarını möhkəm sıxaraq bağlayın (bişərkən açılmaması üçün kənarlarını çəngəllə də basa bilərsiniz).
Hazırladığınız panzerottiləri qızğın yağda hər iki tərəfi qızıl rəngi alana qədər qızardın.
Artıq yağını çəkməsi üçün kağız dəsmalın üzərinə qoyun. İsti halda servis edin.
Panzerottilərin içinin yaxşı bişməsi və pendirin tam əriməsi üçün yağı çox həddindən artıq qızdırmamağa, orta-yüksək atəşdə bişirməyə diqqət edin.
Lalə Qüdrətova
Milli.Az





