Güney Azərbaycanın "Ata" aviaşirkətinin sahibi Məhəmmədrza Zunuzi Tehran-Təbriz aviareysində təyyarə bələdçisinin sərnişinləri "xoş gəldiniz" ifadəsi ilə qarşılamasının siyasiləşdirilməsini və bunun separatçılıq aktı olmasını iddia edənləri tənqid edib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
O, aviaşirkətdə separatçılığın başlaması iddiasının mediada belə işıqlandırılmasına toxunaraq deyib:
"Separatçı sizsiniz və sizin əcdadınızdır. Nə baş verib? Yalnız tapşırılıb ki, qonaqlara fars və ingilis dilləri ilə yanaşı, türk dilində də "xoş gəldiniz" deyilsin. Bunun harası separatçılıqdır, konstitusiyada qeyri-fars dillərdən istifadə hüququ yer almayıb? Tarixi oxuyun və görün nə olub. İranın ali rəhbəri, prezident türk dilində danışmır? Öz şəhərimizdə, Təbrizdə də türk dilində danışmamalıyıq? Bu nə qanundur?" - Zunuzi əlavə edib.
Qeyd edək ki, bir neçə gün öncə panfars sosial media fəalı Əmir Seyidin X hesabında paylaşım edərək, "xoş gəldin" ifadəsinə etiraz edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun