Maraqlı

Quran və Əhli-beyt – ayrılmaz əmanətlər

4 Dekabr 2021 22:50
0 Şərh     Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quran və Əhli-beyt - ayrılmaz əmanətlərHəzrət Mühəmməd Peyğəmbərin (s) vəfat günü ərəfəsində bir daha xatırlanması gərəkən mövzulardan biri də o həzrətin ümmətə vəsiyyətidir. Peyğəmbərin (s) vəfatı ilə vəhy qapısı bağlandı. Amma o həzrət bunun əvəzində insanların azğınlığa düşməsinin qarşısını almaq üçün onlara iki məhək daşı, iki meyar vəsiyyət etdi: Quran və Əhli-beyt. Məsumları görmədiyimiz, Allahla birbaşa rabitə vasitəsindən məhrum qaldığımız bu zəmanədə hər düşüncəmizi, hər əməlimizi bu iki meyarla yoxlamalı və dəyərləndirməliyik.

Hədisdə nə deyilir?

Peyğəmbər öz vəsiyyətini bu gün "səqəleyn (iki ağır əmanət) hədisi" kimi tanınan kəlamda elan etmişdir. Dini mətnlərdə dönə-dönə vurğulanan, şərh edilən, hətta bəzi mənbələrdə qəsdən təhrif edilib fərqli şəkillərə salınan bu hədisdə buyurulur: "Sizin aranızda iki ağır (qiymətli, mühüm) əmanət qoyuram: Allahın kitabı və itrətim (nəslim). Bunlara bağlansanız, zəlalətə düşməzsiniz. Bunlar (qiyamət günündə) cənnət hövzunun kənarında mənim hüzuruma çatana kimi bir-birindən ayrılmazlar".

Peyğəmbər (s) bu hədisi dəfələrlə buyurmuşdur; son həccə səfəri zamanı ən azı 3 məkanda yüz min nəfərdən artıq müsəlmanın qarşısında hədisi təkrar etməsi məlumdur. Bu fakt hədisin əhəmiyyətini daha da artırır. Təvatür həddində olan səqəleyn hədisi 20-dən çox səhabə vasiəsilə nəql edilib. Hədisi rəvayət edənlərin arasında Əhli-beyt (ə) dostları ilə yanaşı, əks cəbhədə yer tutmuş Abdullah ibn Zübeyr, Əbdürrəhman ibn Ovf, Abdullah ibn Ömər və Əbu Hüreyrə kimi şəxslərin də adlarına rast gəlirik.

Niyə Quranla yanaşı itrət?

Həzrət Mühəmməd Peyğəmbərin (s) Qurani-Kərimlə yanaşı öz itrətini də vəsiyyət etməsi təsadüfi deyil. Qurani-Kərim hər nə qədər əhəmiyyətli və ilkin dərəcəli mənbə olsa da, dini hökmlərin əsaslandırılmasında birinci yeri tutsa da, yenə qərəzli və qərəzsiz yozumlara məruz qalır. Hərçənd ki, Qurani-Kərimin mənası təhrif edilməyib və Allah-Taala onun təhrif olunmasına qiyamət gününə kimi icazə verməyəcəyinə zəmanət verir (bax: Hicr surəsinin 9-cu ayəsi). Bununla belə, tarix boyunca Qurani-Kərimdən xeyli sui-istifadələr edilməsinin və batil istiqamətlərdə yozulmasının şahidi oluruq. İmam Əlinin (ə) zamanında Qurani-Kərimi nizələrin ucuna taxaraq, onu öz batil məqsədi üçün alətə çevirmiş Müaviyə ilə sülh bağlandıqdan sonra xəvaric adlı cərəyan İmamın (ə) əleyhinə qiyam qaldırdı. Həzrət Əli (ə) öz əmisi oğlu, sadiq silahdaşı və Quran təfsiri üzrə mütəxəssis olan Abdullah ibn Abbası xəvariclə danışıqlara yolladı. Bu zaman İbn Abbasa tövsiyə etdi ki, xəvariclə Quran əsasında mübahisə etməsin. Çünki onlar Quran ayələrini istədikləri cür yozaraq öz xeyirlərinə mənalandırcaqlar:

"Onlarla Quran əsasında mübahisə etmə. Çünki Quran (təvil, təfsir, batini və zahiri məna kimi) çoxlu ehtimal və yozumlara malikdir. Birini cən deyəcəksən, birini də onlar deyəcəklər. Onlara sünnəyə əsaslanaraq dəlil gətir. Çünki onlar heç vaxt sünnəyə əsaslanan dəlildən qaçmağa yol tapa bilməzlər" (Nəhc əl-bəlağə, 77-ci məktub).

Qurandan uzaq olan Quran hafizləri

Hələ Allahın Rəsulu (s) vaxtilə qabaqcadan xəvaricin haqqında məlumat vermiş və onların Qurana yanlış yanaşdıqlarını göstərmişdi: "Ümmətimdən elə bir dəstə çxacaq ki, sizin Quran oxumağınız onların Quran oxumaqlarının yanında heç nə olacaq... Quranı elə oxuyacaqlar ki, sanki onlar üçün nazil olub, amma əslində Quran onların əleyhinədir" (Bihar əl-ənvar, 33-cü cild, səh. 329).

Abdullah ibn Abbas xəvariclə apardığı müzakirədən sonra İmam Əlinin (ə) yanına qayıdanda İmam ondan soruşdu ki, xəvaricin düşərgəsində nə gördün? İbn Abbas cavab verdi: "Allaha and olsun, baş açmadım ki, onlar necə adamlardır!" İmam soruşdu: "Onları münafiqə bənzətdin?" İbn Abbas: "Xeyr, Allaha and olsun ki, onların siması münafiq sifətinə oxşamır. Alınlarında səcdə izi var, onlar Quranı oxuyur və təvil edirlər (Qurana rəmzi mənalar verirlər)" (Nəhc əl-səadə).

Rəvayətlərdə deyilir ki, xəvaric dəstəsində olanların arasında Quran hafizləri, gözəl avazla Quran oxuyan qarilər üstünlük təşkil edirdi. Lakin bununla belə, onlar Nəhrivan savaşında İmam Əlinin (ə) - Allahın hüccətinin və Peyğəmbərin (s) haqq xəlifəsinin üzünə qlınc çəkdilər. Ümmət içində Quranı ən yaxşı tanıdıqları ehtimal edilən şəxslər Qurandan ən uzaq nöqtədə imiş. Bunun səbəbi Quran maarifinin həqiqətindən xəbərsiz olmaları, ayələrin zahiri mənasında ilişib qalmaları və Qurana öz istəkləri əsasında şərh vermək, daha doğrusu, Quranı öz nəfslərinə tabe etmək istəkləri idi. Onlar səqəleynin yalnız yarısını qəbul etməyə hazır idilər. Amma nadanlar dərk etmirdilər ki, Quranla itrət yanaşıdır, onarın birini o birisi olmadan qəbul etmək mənasızdır. Allahın Rəsulu (s) "onlardan ayrılmayın, yoxsa zəlalətə düşərsiniz" deyərkən, bu əmanətlərin hər ikisini nəzərdə tutmuşdu. Həmçinin, "bu ikisi qiyamət günündə cənnət hovzunun başında mənim hüzuruma yetişənə kimi bir-birindən ayrılmazlar" buyurarkən, dünyanın sonuna kimi, hər zamanda və hər məkanda Quranla Əhli-beytin (ə) yanaşı olduğunu diqqətə çatdırmışdı. Təəssüf ki, din pərdəsi altında mübarizəyə qalxan, İmam Əlini (ə) dini qanunları pozmaqda günahlandıran xəvaric qoşunu bu həqiqəti dərk etməkdən çox uzaq idi. Əhli-beyti (ə) qəbul etməmək, Quranın zahiri ilə kifayətlənmək insanı ömrünün sonunda İmam Əlinin (ə) qılıncı ilə həlak olmaq dərəcəsinə gətirib-çatdırar. İmam Əlinin (ə) və tərəfdarlarının qılıncı ilə həlak olan şəxsin yeri isə mütləq cəhənnəmdir.

Hədis və rəvayətlərimizdə Əhli-beyt imamları (ə) Qurani-natiq (danışan Quran) adlandırılır (Quranın özü isə samitdir, yəni susqundur, danışmayandır). Quran öz haqqını müdafiə etmək, öz üzərindən böhtanları təmizləmək, ona yanlış yozum verənləri ifşa etmək qabiliyyətinə malik deyil. Bu missiya Peyğəmbərin (s) və ondan sonra varisləri olan imamların öhdəsinə düşür.

Quranla itrətin vəhdəti quşun qoşa qanadı kimidir. Quran Allahın vəhyi olmaq etibarilə qanunvericilik baxımından tam legitimliyə malik sənəddir. İmamların Allahdan vəhy almadıqlarını və buna görə də qanunverici kimi çıxış etmək səlahiyyətinə malik olmadıqlarını iddia edən qüvvələr Quranın hökmü qarşısında təslim olmağa məcbur idilər. Quran Əhli-beyt imamlarının (ə) fəaliyyəti üçün əsas baza və bünövrə idi. Öz növbəsində Quranı düzgün anlamaq üçün mütləq imamlara ehtiyac var idi.

Tarix sübut edir ki, Əhli-beyt imamlarının (ə) ümmət içində olduqları 250 il ərzində Quranı onlardan daha yaxşı anlayan və anlada bilən, müqəddəs kitabın dərin mənalarını açan kimsə olmamışdır. Əhli-beytin (ə) Qurana, Peyğəmbər (s) şəriətinə sadiqliyinin kökündə iman məsələsindən əlavə, həm də müsbət mənada varislik təəssübü dururdu. Bu din onların ulu babasının zəhmətləri hesabına, 23 illik əziyyətləri bahasına ərsəyə gəlmişdi. Bu dini qorumaq yolunda onların babası İmam Əlinin (ə), İmam Hüseynin (ə) qanı tökülmüşdü. Onların bu irsə xəyanət etmələri qeyri-mümkün idi, əksinə, varislik qeyrəti onları İslamın müdafiəsi yolunda daha əzmkar və daha qətiyyətli olmağa sövq edirdi. Buna görə İmam Hüseyn (ə) Mədinəni tərk etdiyi zaman öz hərəkatının missiyasını açıqlayarkən "mən babam Mühəmmədin (s) ümmətini islah etmək üçün qiyama qalxıram... Mən babam Mühəmmədin (s) və atam Əli ibn Əbu Talibin (ə) yolu ilə gedirəm" buyurmuşdu. Buna görə o həzrət Kərbəla çölündə ölümün gözünə dik baxaraq "əgər babamın dini mənim həlak olmağımla yaşayacaqsa, onda ey qılınclar, məni vurun" söyləmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.