Maraqlı

Şəriət, təriqət və həqiqət və ya Allaha aparan yol hardan keçir?

25 Sentyabr 2021 19:45
0 Şərh     Baxış: 270

Can ilə tən oldu bir həqiqət,

Birləşdi şəriətü təriqət.

Nəsimi

Sufilik mövzusundakı kitablarda, habelə, sufi şeirlərində "şəriət, təriqət və həqiqət" məfhumlarına tez-tez rast gəlirik.
Sufiliyin əsas termininə çevrilmiş bu sözlərə müxtəlif cür açıqlamalar verilmişdir. Hətta sufi mənbələrində bu üç anlayışın Həzrət Mühəmməd Peyğəmbərə (s) aid bir hədisdən götürüldüyü də iddia olunur: "Şəriət mənim sözlərim, təriqət mənim əməllərim, həqiqət isə mənim hal və vəziyyətlərimdir". Hicri VII əsrdə yaşamış məşhur sufi Əzizəddin Nəsəfi bunu nəzərdə tutaraq, "əl-İnsan əl-kamil" kitabında yazırdı: "Bil ki, şəriət - peyğəmbərlərin sözü, təriqət - peyğəmbərlərin əməli, həqiqət isə peyğəmbərlərin gördükləridir. Salik (haqq yolçusu) gərək şəriət elmindən lazım olduğu qədər öyrənsin və yadda saxlasın, sonra təriqət əməllərindən lazım gəldiyi qədər yerinə yetirsin. Bundan sonra səy və çalışqanlığına uyğun olaraq, həqiqət nurları onun üzünə işıq saçacaq".
Şəhid Mürtəza Mütəhhəri bu üç anlayış barədə məlumat verərək yazır: "Ariflərlə başqaları, xüsusilə, fəqihlər arasında mövcud olan əsas ziddiyyətli məsələrdən biri - ariflərin şəriət, təriqət və həqiqət barədə özünəməxsus görüşləridir.

Ariflər və fəqihlər bu barədə eyni fikirdədirlər ki, şəriət bir sıra faydalı göstərişlərin üzərində qurulmuşdur. Fəqihlər söyləyirlər ki, bu göstərişlər insanı səadətə, yəni maddi və mənəvi nemətlərdən ən kamil səviyyədə istifadə etmək imkanına çatdırmaq məqsədi daşıyır. Amma ariflər bu əqidədədirlər ki, bütün yollar Allaha gedib çıxır, bütün göstərişlər də insanı Allaha doğru aparan şərt, imkan və vasitələr kimi qəbul edilməlidir.

Fəqihlər yalnız bunu deyirlər ki, şəriət pərdəsi altında bir sıra faydalı göstərişlər gizlənib ki, bunlar şəriət hökmlərinin səbəbi və ruhu sayılır.
Həmin faydalı göstərişlərdən bəhrələnməyin yeganə yolu şəriətə əməl etməkdir. Ariflər isə bu fikirdədirlər ki, şəriətdə gizlənmiş həmin faydalı göstərişlər insanı Allaha yaxınlaşdıran, həqiqətə qovuşduran mənzil və mərhələlərin növləridir". Yəni fəqihlər şəriəti insana səadət gətirən vasitə hesab etdikləri halda, ariflər daha da irəli gedir, daha böyük iddia ilə çıxış edirlər və deyirlər ki, şəriət insanı nəinki səadətə, hətta Allaha doğru aparan vasitədir.

Şəhid Mütəhhəri mövzuya bir qədər də aydınlıq gətirərək yazır: "Ariflərin fikrincə, şəriətin batini bir yoldan ibarətdir ki, bu yolu "təriqət" adlandırırlar. Bu yolun sonu isə "həqiqət"dir, yəni arif öz "mən"ini əldən verib özündən fani olduqdan sonra ortaya çıxan əsil tövhiddir. Buna görə də arif üç məfhuma inanır: şəriət, təriqət və həqiqət. İnanır ki, şəriət - təriqətin vasitəsi və qabığıdır.

... Ariflərin əqidəsincə, insanın təşəkkül tapdığı üç tərkib hissəsi - bədən, ruh və ağıl bir-birindən ayrı olmadığı, əksinə, bir-birinə qovuşmuş və zahir-batin münasibətində olduğu kimi, şəriət, təriqət və həqiqət də bu xüsusiyyətlərə malikdir. Yəni bunların biri zahir, o biri batin, üçüncüsü isə batinin batinidir" (Şəhid Mütəhhəri. İslami elmlərlə tanışlıq, 3-cü cild, səh. 94-96).

Ümumilikdə sufilik (bəzi azğın və bidətçi qolları çıxmaq şərtilə) İslam şəriəti ilə həmahəng şəkildə mövcud olmuş, ilkin mərhələ olaraq şəriəti dini qaydaların məcmusu kimi qəbul etmişdir.
Mütərəqqi fikirli, geniş dünyagörüşünə malik ariflər və sufilər hər hansı məzhəbə bağlı olmuş və həmin məzhəbin ehkamlarını dəqiqliklə icra etmişlər. Bu şəxslərin söz və əməllərində şəriətlə təriqət arasında uyğunsuzluq müşahidə edilmir. Böyük sufi şəxsiyyətlər namaz, oruc, həcc kimi şəriət hökmlərini nəinki inkar etməmiş, hətta bunları ifrat həddə icra etməklə xalq içində məşhur olmuşlar. Onların öz kəlamları da bu fikri təsdiqləyir. Məsələn, Cüneyd Bağdadi təsəvvüf barədə deyirdi: "Bu, o kəsin yoludur ki, sağ əlində Allahın kitabını (Quranı), sol əlində Müstəfa sünnəsini tutmuş olsun və bu iki şamın işığında yol getsin ki, nə şühbə girdabına, nə də bidət zülmətinə düşməsin".

Təriqət barəsində ariflər demişlər: "Təriqət - haqq yolunun yolçusuna (salik) məxsus bir yolla irəliləməkdir. Dünyadan üz çevirmək, davamlı zikr, yaradılışın əvvəlinə diqqət yetirmək, laqeydlik (yəni ruh aramlığı), tənhalığa qapılmaq, daim təharətli və dəstəmazlı olmaq, doğruculluq, ixlas və sairə sifətlər bura aiddir. Şəriət zahiri hökmlərdən ibarətdir və qabıq kimidir, təriqət onun içi, ləpəsidir" (Şərhi-Gülşəni-raz).

Seyri-süluk yolunun məqsədi və son nöqtəsi isə "həqiqət"dir. Xacə Abdullah Ənsarinin sözləri ilə desək, "həqiqət başdan-başa heyrətdir".
Həqiqətə yetmək üç mərhələ üzrə inkişaf edir: təxəlli, təhəlli və təcəlli. (Qeyd edirik ki, bu adların yazılışında bir incəlik vardır. Adların hər üçü bircə hərflə fərqlənir. Fərqləndikləri "x", "h" və "c" hərflərinin ərəb əlifbası ilə yazılış şəkli də demək olar ki, eynidir və yalnız nöqtə təfavütünə malikdir).

Təxəlli - pis sifətlərdən təmizlənmək və insanı Allahdan uzaqlaşdıran əməlləri tərk etməkdir.
Təhəlli - gözəl və bəyənilən sifətləri özündə tərbiyə etmək və öz əxlaqını bunlarla bəzəməkdir.
Təcəlli isə haqqın cilvələnməsi, arifin qəlbində haqq nurunun parlamasıdır.

Sufilərin fikrincə, təcəllanın da üç növü vardır: feli, sifati və zati. Göründüyü kimi, bunlar həm də tövhidin mərtəbələridir. Sufilər Həzrət Mühəmməd Peyğəmbərə (s) aid etdikləri bu hədisi də dediklərinə sübut kimi göstərirlər: "Həqiqətən, Allah Adəmi yaratdı və onda təcəlli etdi". Beləliklə, təcəlli - mərhələlər üzrə arifin qəlbində əvvəlcə Allahın feil və əməllərinin, sonra ad və sifətlərinin, ən sonda isə zatının zahir olmasıdır.
Ariflərin fikrincə, həqiqət mərhələsi qeyri-məhdud və sonsuzdur. Allahın bütün sifətləri sonsuz olduğu, zatı qeyri-məhdud olduğu üçün, Onu dərk etməyin də həddi-hüdudu yoxdur...

(İkinci hissə)

Ariflər şəriəti inkar edirlərmi?

Mövlana Cəlaləddin Rumi "Məsnəviyi-mənəvi"nin beşinci dəftərinin dibaçəsində (girişində) şəriət, təriqət və həqiqətin bir-biri ilə əlaqəsi haqqında belə yazır:
"Şəriət - yolu işıqlandıran şama bənzəyir. Əlinə şam götürməsən, yol gedə bilməzsən və bunsuz bir iş görmək mümkün olmaz. Yola düşəndən sonra sənin gedişin təriqətdir. Çatdığın məqsəd və hədəf isə həqiqətdir. Buna görə demişlər ki, "həqiqətlər zühur edəndə şəriətlər batil olar". Demişlər ki, "göstərilən yerə çatdıqdan sonra bələdçi tələb etmək eyibdir, göstərilən yerə çatmazdan əvvəl bələdçini atmaq isə bəyənilməz əməldir".
Şəriət - tibb elmini öyrənməyə, təriqət - bu elmə uyğun olaraq pəhriz saxlamağa və dərman içməyə, həqiqət isə əbədi sağlamlıq əldə edib əvvəlki ikisindən xilas olmağa bənzəyir. İnsan öləndə şəriətlə təriqətin hər ikisi onun üçün aradan götürülər, həqiqət isə qalar.

Şəriət elmdir, təriqət əməldir, həqiqət Allaha qovuşmaqdır: "Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı əməllər etsin və Rəbbi üçün etdiyi ibadətə heç kəsi şərik qoşmasın!" (Kəhf, 110).

Bəziləri bu qəbildən olan sözləri əldə əsas tutaraq düşünürlər ki, guya sufilərin əqidəsinə görə, həqiqət mərhələsinə qədəm qoyan şəxsin boynundan bütün şəriət vəzifələri (buna təklif deyilir) götürülər. Guya nə qədər ki, salik hələ kamala yetməyib, seyrü-süluk yolunun əvvəlində şəriətə bağlanmağa borcludur. Lakin təkamül yolu ilə irəliləyib haqqın içində fani olduqda bütün məhdudiyyətlər, bağlılıqlar, tabeçiliklər qırılır.

Bu fikrin həqiqətə uyğun olmadığını görmək üçün klassik sufi mənbələrini və təsəvvüf şeyxlərinin həyat tərzini izləmək kifayətdir.
Əgər bəzi kitablarda bu fikrə rast gəlinirsə də, nəzərə almaq lazımdır ki, bu, sufilikdə bəyənilməyən bir nəzəriyyədir və sufilərin özləri bu cür fikirləri azğınlıq kimi qiymətləndirmişlər. Yuxarıda "Məsnəviyi-mənəvi"dən gətirilmiş sitata gəlincə, buradakı bəzi ifadələr mütləq rəmzlər vasitəsilə şərh olunmalıdır. Belə ki, əksər ariflərin və sufilərin fikirncə həqiqətə çatmaq yalnız ölümdən sonra mümkündür. Çünki dünya əlaqələri insanı tamamilə Allaha bağlanmaqdan uzaq qoyur. Ölümdən sonra insan Allahın bilavasitə hüzurunda qərar tutur. Axirət aləmində isə təklif yoxdur, orada yalnız dünya əməllərinə görə cavabdehlik mövcuddur.

Qeyd edək ki, bəzi sufi şeir nümunələrində (məsələn, Nəsimi yaradıcılığında) şəriət, təriqət və həqiqət anlayışlarına daha biri, yəni mərifət əlavə olunur və bu zəncirin halqalarının sayı dördə çatdırılır. Lakin klassik sufi ədəbiyyatı nümunələrinin əksəriyyətində yalnız ilk üç məfhum göstərilir. Dörd məfhumla bağlı aşağıdakı hekayət çox maraqlıdır:

Deyirlər ki, bir gün Mövlananın müridlərindən biri ondan soruşdu: "Mən təsəvvüfdə dörd qapı məsələsini anlaya bilmirəm. Şəriət, təriqət, mərifət və həqiqət mərtəbələri nə deməkdir?"
Mövlana dərgahda (dərviş xanəgahında) namaz qılıb zikr deyən 4 nəfəri ona göstərib deyir: "Bax, görürsənmi, orada dörd adam ibadət edir. Sən onlara yaxınlaş, hərəsinə qəfildən bir sillə vur. Gör əvəzində səninlə nə cür rəftar edəcəklər?" Mürid birinci adama yaxınlaşıb ona bir sillə vurur. Adam qəzəblə yerindən qalxır, müridə bir sillə vurub yenə duasına davam edir. Mürid ikinci adama sillə vurur. O da qəzəb içində qalxıb həmin şəkildə cavab vermək istəyir. Amma birdən-birə nə isə düşünüb əlini aşağı salır və ibadət yerinə qayıdır. Üçüncü adama sillə vuranda o sakitcə arxaya dönüb müridə nəzər salır, heç nə demədən öz işinə davam edir.

Dördüncü adam isə müridin silləsinə etina etmir, heç nə olmamış kimi duasını və zikrini söyləməklə məşğul olur.
Mürid Mövlananın yanına qayıdıb əhvalatı ona danışır. Mövlana deyir: "O adamların hər biri haqqa doğru gedən yolun fərqli mərtəbəsindədir. Birinci şəxs hələ şəriət mərtəbəsindən keçməyib. Ona görə də şəriətdə qana-qan, gözə-göz əmri ilə hərəkət edib, vurduğun silləyə sillə ilə cavab verdi. İkinci adam təriqət mərtəbəsindədir. O, əvvəlcə pisliyə pisliklə cavab vermək istədi, amma səbr və təvazökarlıq göstərib sənin günahından keçdi, pisliyi yaxşılıqla cavablandırdı. Üçüncü adam mərifətə çatıb. Bilir ki, xeyri də-şəri də, neməti də-bəlanı da, izzəti də-zilləti də verən Allahdır. Amma marağı güc gəldiyi üçün dönüb baxdı ki, ona qarşı bu pislik kimin vasitəsi ilə gəlib. Dördüncü adam isə artıq həqiqət mərhələsindədir. O, Allahda fanidir, buna görə də sənin vurduğun silləni heç hiss də etmədi".

Sufi böyüklərinin şəriətə bağlılıqlarını təsəvvür etmək üçün Cüneyd Bağdadinin bu kəlamını yada salmaq yerinə düşər:
"Təsəvvüf bir evə bənzəyir ki, şəriət onun qapısıdır". Bayezid Bistami isə belə demişdir: "Bir kəs Allahın əmr və qadağanlarına, Peyğəmbərin sünnəsinə tabe deyilsə, havada bardaş qurub oturduğunu görsəniz belə, sözünə etibar etməyin". Səhl ibn Abdullah Tüstəri isə belə söyləmişdir: "Bizim yolumuzun təməli bu yeddi xüsusiyyətdir: Allahın Kitabına bağlanmaq, Peyğəmbərin sünnəsinə tabe olmaq, halal yemək, başqalarına əziyyət və yük olmamaq, günahdan çəkinmək, tövbə etmək və hər şeyin haqqını gözləmək".
Məşhur təsəvvüf şeyxlərindən olan Şah Nemətullah Vəli rübailərinin birində yazırdı (farscadan tərcümə):

Din elmini bilmək şəriətdir,

Onu əmələ çevirmək təriqətdir.

Əgəer elmlə əməli Haqqın razılığından ötrü

İxlasla bir araya gətirsən, bu, həqiqətdir.

Yenə təsəvvüf böyüklərindən olan Şiblinin belə söylədiyini rəvayət edirlər: "Şəriət odur ki, Ona (Allaha) ibadət edəsən.
Təriqət odur ki, Onu istəyəsən (axtarasan). Həqiqət odur ki, Onu görəsən". Əlbəttə, sonuncu ifadədə Allahı gözlə yox, batini bəsirətlə "görmək" nəzərdə tutulur. Amma bu da məlumdur ki, bəzi sufi mətnlərində şəriət hökmləri ilə daban-dabana zidd olan mətləblər mövcuddur. "Şəthiyyat" adlı bu sözlər bəzi sufilər tərəfindən vəcd (özünü unutmaq, özündən getmək) halında söylənmişdir. Bəziləri bu şəthiyyatları əldə əsas tutaraq, bütünlükdə sufiliyi rədd etmiş və sufilərə qarşı düşmən mövqeyində durmuşlar. Bəziləri isə bunun tam əksinə olaraq, şəthiyyat qəbilindən olan bütün sözləri rəmzlər diliylə izah etməyə çalışmış, onları təmizə çıxarmaq üçün dəridən-qabıqdan çıxmışlar.

Həqiqət isə bundan ibarətdir ki, şəriətə qarşı yönəlmiş sözlərin bir qismi sonralar sufilərə aid edilmiş, onların ünvanına yazılmışdır. Bir qisim sözlər isə həqiqətən rəmzlər vasitəsilə açıqlanmağa, "şifrə olunmağa" möhtacdır və onların mənası heç də ilk baxışda göründüyü kimi ziyanlı deyildir. Əlbəttə, bunları çıxdıqdan sonra yerdə qalan mətləbləri heç cür yaxşılığa yozmaq mümkün deyildir.

Məhz bu mətləblər qərəzli məqsədlə sufilik cərgəsinə soxulmuş təxribatçı şəxslərin, yaxud da fikir çaşqınlığına düçar olmuş, əslində isə irfan və təsəvvüfdən xəbəri olmayan cahillərin məhsuludur.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.