Maraqlı

Valve şirkəti Steam Deck adlı portativ oyun konsolunu təqdim edib - İ QİYMƏT

20 İyul 2021 19:15
0 Şərh     Baxış: 290

Valve şirkəti özünün portativ oyun konsolunu təqdim edib. Steam Deck adını əldə etmiş yeni portativ konsol Nintendo Switch ilə rəqabət aparmalıdır. Təqdim edilmiş yeni portativ oyun konsolu 60 Hz-lik təsvir yenilənməsini dəstəkləyən 1200x800 piksel keyfiyyətli 7 düym ekrana sahibdir. Ekran həm sağdan həm də soldan müxtəlif idarəetmə düymələri ilə əhatə edilib. Bununla yanaşı idarəetmə düymələrinin yerləşdikləri yerlərdə joysticklər və sensorlu panellər mövcuddur. Əsas texniki özəlliklərə gəldikdə isə Steam Deck konsolu Zen 2 arxitekturasına sahib AMD prosessoru, 3.5 GHz tezlikdə çalışan RDNA 2 qrafik sürətləndirici, 1.0-1.6 GHz tezlikdə çalışan GPU və 16 GB RAM ilə təchiz olunub.

Steam Deck-in daxili yaddaş həcminə gəldikdə isə o bu məsələdə 3 variantda təqdim olunub: 64 GB eMMC (PCle Gen 2), 256 GB NVMe SSD (PCle Gen 3) və 512 GB NVMe SSD (PCle Gen 3). Oyun konsolunun hər 3 versiyası microSD dəstəyinə sahibdir. Bununla yanaşı Steam Deck Bluetooth 5.0, 2 diapazonlu Wi-Fi, USB-C girişi ilə təchiz olunub. Konsolun USB-C girişi təsvirin xarici ekrana saniyədə 60 kadr sürətlə 8K keyfiyyətində və saniyədə 120 kadr sürətlə 4K keyfiyyətində əks olunmasını dəstəkləyir. Bunun üçün oyun konsolunun komplektində olan xüsusi qoşulma stansiyasından istifadə etmək lazımdır. Qoşulma stansiyasında 2 ədəd USB-A 2.0, 1 ədəd USB-A 3.1, DisplayPort 1.4, HDMI 2.0, Power Delivery dəstəkli USB-C və Ethernet girişləri mövcuddur.

Konsol 40 vatt saat gücündə olan batareya ilə çalışır. Oynanılan oyundan asılı olaraq konsol bu batareya vasitəsilə 2-8 saat çalışa bilir. Steam Deck 45 vatt gücündə olan şarj cihazı vasitəsilə şarj olunur. Proqram təminatına gəldikdə, konsol SteamOS 3.0 vasitəsilə çalışır. Onun daxilinə Steam mağazası inteqrasiya edilib. İstifadəçi öz istəyinə uyğun olaraq Steam Deck-ə Windows və ya digər əməliyyat sistemini quraşdıra biləcək. Steam Deck bu ilin dekabr ayında satışa çıxacaq. 64 GB yaddaşa sahib model 400$-a, 256 GB yaddaşa sahib model 530$-a, 512 GB yaddaşa sahib model isə 650$-a satılacaq.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.