Maraqlı

Kipr adasındakı xanım səhabə məzarı

19 İyun 2021 22:40
Baxış: 1 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümmi-Haramın əsl adının nə olduğu dəqiq məlum deyil. Məşhur rical alimi İbn Əbdilbirr də onun adının dəqiq bilinmədiyini "əl-İstiab" kitabında qeyd etmişdir (4-cü cild, səh. 443). Bacısı Ümmi-Süleymin adı olan Rümeysa və ya Ğümeysa adları bəzən Ümmi-Harama da aid edilir.

Atasının adı Milhan və ya Malik ibn Xalid şəklində yazılır. Ümmi-Haram Mədinənin yerli əhalisi sayılan Xəzrəc qəbiləsinin bir qolu olan Bəni-Nəccardan idi. Həm anası, həm də atası bu soya mənsub olmuşdur.

Ümmi-Haramın bacısı Ümmi-Süleym məşhur səhabə Ənəs ibn Malikin anasıdır.
O, Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra oğlu Ənəsi həzrətin yanına gətirərək xidmətə qoymuşdu. Ümmi-Haramın iki qardaşı İslam uğrunda yürüşlərdə şəhid olmuşdu. Hicrətdən əvvəl Peyğəmbərə (s) beyət etmiş mədinəlilərin arasında Ümmi-Haram da vardı.

Milli.Az islam.az-a istinadən bildirir ki, Ümmi-Haramın Peyğəmbərlə (s) qohumluğu barədə tarixi mənbələrdə müəyyən məlumatlar verilir. Belə ki, Peyğəmbərin (s) babası Əbdülmüttəlibin anası (Haşimin həyat yoldaşı) Səlma da Mədinədən idi və Nəccar oğulları soyundan çıxmışdı. Peyğəmbər (s) kiçik yaşlarnda ikən anası ilə birlikdə Mədinəyə getmiş və bir müddət qohumlarının yanında qalmışdı. 6 yaşında Aminə xatunla birlikdə Mədinədən Məkkəyə qayıdarkən, yolda anası vəfat etmişdi.

Ümmi-Haramla Peyğəmbər (s) arasında süd qohumluğunun olduğunu yazırlar. Bu süd qohumluğu fərqli şəkillərdə izah edilir. Bəzi məlumatlara görə, Peyğəmbərin (s) əcdadları ilə Ümmi-Haramın ulu əcdadları arasında süd qohumluğu var imiş. Bəzi mənbələr isə Ümmi-Haramı Allah Rəsulunun (s) süd xalası adlandırır. Ümmi-Haramla Aminə xatun arasında da süd qohumluğunun olması mümkündür. Hər halda, Allahın Rəsulu (s) hicrətdən sonra bu ailəyə və bu evə tez-tez gedib-gəlmiş, Ümmi-Harama xüsusi sayğı bəsləmişdir. Peyğəmbər (s) Qüba məscidinə gedərkən, bu ailəyə də baş çəkərdi.

Əsasən, əhli-sünnə mənbələrində yer almış rəvayətlərə görə, bir gün Peyğəmbərimiz (s) bu evdə günorta yuxusuna getmiş və yuxudan təbəssümlə oyanmışdı.
Ümmi-Haram Peyğəmbərin (s) sevincinin səbəbini öyrənincə, həzrət buyurmuşdu: "Yuxumda ümmətimdən bir dəstənin taxt kimi gəmilərdə cihada getdiyini gördüm". Ümmi-Haram, onun da bu dəstədən olması üçün dua etməsini Peyğəmbərdən (s) istədi və həzrət, ondan ötrü dua etdi. Hadisə daha bir dəfə də təkrar oldu. İkinci dəfə Peyğəmbər (s): "Yuxuda ümmətindən bir dəstənin quru yolla cihada çıxdığını gördüm" buyurdu. Yenə Ümmi-Haram həmin dəstədən olması üçün o həzrətdən dua etməsini dilədi, bu dəfə həzrət: "Sən birinci dəstədən olacaqsan" deyə, cavab verdi (Səhihi-Buxari, Cihad kitabı, 3-cü və 8-ci bablar; Səhihi-Müslim, İmarə kitabı, hədis 160 və s. mənbələr).

Ümmi-Haram məşhur səhabə Übadə ibn Samitin həyat yoldaşı idi və onların Mühəmməd adlı bir oğulları da vardı.
Ümmi-Haram digər müsəlman qadınlar kimi Ühüd və Hüneyn qəzvələrində müsəlman ordusunun arxa cəbhəsində həkim kimi fəaliyyət göstərmiş, yaralılara qulluq etmişdi. Əri Übadə ibn Samit savadlı şəxs idi, yazıb-oxumağı bacarırdı. Peyğəmbər (s) hələ Məkkədə ikən Mədinədən gəlib həzrətlə görüşmüş və onu Mədinəyə dəvət etmiş birinci və ikinci Əqəbə beyəti iştirakçılarından biri də Übadə idi. Übadə hicrətdən sonra savadsız müsəlmanlara dərs deyir, Quran öyrədirdi. Quranı əzbər bildiyi və vəhyi qələmə aldığı rəvyət edilir.Allahın Rəsulunun (s) vəfatından sonra, Ömərin hakimiyyəti dövründə Übadə ibn Samit Şam, Fələstin və Misir fəthlərində iştirak etdi. O, həmin yerlərdə də öz savadını müsəlmanlardan əsirgəmir, Quran maarifini təbliğ edirdi.Hicri 28-ci (miladi 648-ci ildə) Bizansın əlində olan Kipr adasından müsəlman torpaqlarına ardıcıl hücumlar edildiyini nəzərə alaraq, bu adanı fəth etmək qərara alındı. Übadə ibn Samitlə birlikdə Ümmi-Haram da Kipr səfərinə çıxdı.

Müsəlmanların ilk dəniz yürüşü adlandırılan bu səfər Ümmi-Haramın arzusunun gerçəkləşməsi üçün vasitə oldu. Müsəlmanlar adanı fəth edib, oranı İslam torpaqlarına qatdılar. Geri qayıtmaq istərkən, Ümmi-Haramı öz tərkinə almış qatırı gəmiyə mindirəndə qatırın ayağı büdrədi. Ümmi-Haram heyvanın tərkindən yerə yıxıldı və ruhunu Allaha təslim etdi. Beləliklə, Allah Rəsulunun (s) duasına uyğun olaraq, ilk dəniz fatehlərinin cərgəsində yer qazanmış Ümmi-Haram Kipr adasında torpağa tapşırıldı. Bu gün də onun məzarı üzərində ucaldılmış türbə "Xala Sultan" adı ilə məşhurdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.