Maraqlı

Yatağını şirlə bölüşən azərbaycanlı ailə: heyvan qadını ərinə qısqandı, 14 yaşlı oğlunu parçaladı, özünü şikəst elədi

13 İyun 2021 12:00
Baxış: 11 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən əsrin sonlarına doğru 1980-ci ildə Bakıda yaşayan Bərbərovlar ailəsi ətrafdakı insanların böyük maraq və diqqət mərkəzində olub. Ailənin bu qədər ilgi çəkməsinə səbəb onların evlərində bir çox heyvanlarla yanaşı həm də şir saxlamaları idi.

King adlı şiri kinorejissorlar "Şir evdən getdi", "Oğlan, qız və şir" və "İtalyanların qeyri-adi sərgüzəştləri" adlı filmlərə çəkib. Lakin Kinqin bu ailədə uzun müddət yaşaması, ailənin sevimlisinə çevrilməsi sonradan faciəyə gətirib çıxarır.

Gəlin hələ tələsməyək. Kinqin ailəyə gəlişinsdən başlayaq. Bu, bir təsadüfdən olub. Nina Bərbərova və qızı Yeva Bakı zooparkında gəzərkən, təsadüfən xəstə və anası tərəfindən atılmış şir balası ilə rastlaşırlar. Balaca Yeva şiri it bilərək ondan çox xoşlanır. Anasından xahiş edir ki, şiri evlərinə aparsın. Nina xanım qızının arzusunu yerinə yetirərək zoopark işçiləri ilə danışır və şir balasını evinə aparmaq üçün lazım olan icazəni ala bilir.

Şiri evlərinə gətirdiyi üçün çox xoşbəxt olan Yeva ona Kinq, yəni Kral adını verir.

Evində başqa heyvanlar da saxlayan ailə qısa zaman ərzində Kinqə öyrəşir. Onun yaxşı qidalanması və tez böyüməsi üçün səfərbər olurlar. Əvvəllər süd və digər ağartı məhsulları ilə qidalanan Kinq bir ildən sonra inanılmaz dərəcədə dəyişir, əzəmətli şirə çevrilir. O, ətlə, balıq piyi ilə qidalanmağa başlayır. Ailənin tanışı veterinar həkim Mixail Smirnov şirə qayğı və köməklik göstərir. Bir müddət sonra ailə düşünür ki, şiri artıq geriyə, zooparka qaytarsınlar. Lakin Kinq evdən uzaqlaşdırıldığını anlayaraq aparıldığı avtomobildə dəhşətli həngamə qoparır. Ailə üzvlər qorxuya düşərək Kinqi evə qaytarırlar.

Bərbərovlar ailəsi təkcə Bakıda deyil, bütün SSRİ-də məşhurluq qazanır. Onlar haqqında bir neçə sənədli film çəkilir. Sovet alimləri ailənin şirlə yaşayışını elmi təcrübə kimi müşahidə edirlər.

Müəyyən mənada "ev şirinə" çevrilən Kinq ətrafındakı insanlara təhlükə törətmədiyi üçün tezliklə "Şir evdən getdi", "Oğlan, qız və şir" və başqa filmlərə çəkilir. Bu filmlərin arasında ən çox "İtalyanların Rusiyadakı qeyri-adi sərgüzəştləri" Kinqə məşhurluq gətirir. Lev Bərbərov məşğul olduğu memarlıq sahəsindən uzaqlaşaraq, Kinqin prodüserinə çevrilir. Kinostudiyalarla danışıqlar aparmağa başlayır.

Müsahibələrinin birində Nina Bərbərova xatırlayır:

"Kinq ərimə heyran idi. Qadın olduğumu anladığı üçün mənə qarşı da mehriban idi. Bilmirəm, bu, onda erkək qısqanclığı idi, yoxsa başqa səbəb var idi, amma yetkinlik yaşına çatdıqdan sonra Kinq bizim çarpayıda, ərimlə mənim aramda yatırdı. Bir də gecə yarısı güclü səsdən ayılıb görürdüm ki, ərim döşəməyə yıxılıb".

Bərbərovların ailəvi dostu olan fotoqraf Vladimir Alekseyev də Kinqi "ev pişiyi" kimi xarakterizə edir:

"Onlar Kinqi daim isti şəraitdə saxlayırdılar. İlk vaxtlar onun qabaq pəncələri hərəkət edə bilmirdi. Günlərlə edilən masajdan sonra Kinq qabaq pəncələrini hərəkət gətirə bilsə də, pəncələrdəki qüsur onda ömrü boyu qaldı. Əgər "İtalyanların qeyri-adi sərgüzəştləri" filminə baxsanız, küçədə qaçan Kinqin ön pənclərindəki qüsuru müşahidə edə bilərsiniz. Kinq çox gözəl və mehriban şirə çevrilmişdi. O, özünü əsl ev pişiyi kimi aparırdı. Bir problem var idi ki, qonaqları yekə dili ilə yalayırdı. Amma Kinq adamı çox bezdirəndə onu qovmaq, üstünə qışqırmaq olurdu. Belə olanda o sakitcə uzaqlaşır və mənzildə öz yerinə çəkilirdi".

Bərbərovlar ailəsinin və onlara yaxın olan adamların sözlərinə görə, Kinq ailə üzvləri ilə həmişə çox mehriban imiş. Bəzən elə olurmuş ki, ər-arvadın yataq otağına daxil olur, Ninanı və yaxud Levi çarpayıdan qovaraq onların çarpayısında uzanaraq möhkəm yuxuya gedirmiş. Səhər hamı ilə bir vaxtda yuxudan durur, nahar edir və uşaqlarla oynayır. Uşaqlar onun bığlarını dartır, belinə minib at kimi sürürlər. Kinq isə heç kimdən incimir, heç kimi qorxuya salmır.

Nina xanım xatırlayır:

"Kinq evdəki bütün heyvanlarla yola gedirdi. Xüsusilə çəkisi 4 kiloqramdan az olan Çap ləqəbli qara it özünü "ded", Kinqi isə "dux" hesab edirdi. Kinq nəsə dəcəllik edəndə Çap hürə-hürə onun arxasınca düşürdü. Günahkar Kinq stolun altına girərək quyruğunu bulayırdı. Yatanda da bir yerdə yatırdılar. Əvvəlcə Kinq, arxasınca Çap onun iri pəncələrinin arasında uzanırdı. Yeməyi də bir qabdan yeyirdilər. Öncə Çap yeməyin dadına baxır, sonra Kinqi çağırırdı. İt çox az yemək yeyib geri çəkilirdi, amma şirə bütöv ərzaqla dolu soyuducu da bəs etmirdi. Gündə ona kilolarla ət, yumurta və balıq piyi lazım olurdu. Maaşımız böyük olmadığı üçün Kinqi yemləməkdə çətinlik çəkirdik. Məcbur olurduq onun filmlərdə çəkilməsinə razı olaq. "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" onun ən məşhur və sonuncu filmi idi".

"İtalyanların qeyri-adi sərgüzəştləri" filminin çəkilişləri zamanı Bərbərovları müvəqqəti olaraq məktəb binasına yerləşdirirlər. Leninqrad polisi hər səhər səsgücləndirici vasitəsilə ətraf binaların sakinlərini xəbərdar edirdi ki, məktəbdə şir yaşayır, əraziyə yaxınlaşmasınlar, lakin bəzi insanlar bu xəbərdarlığa məhəl qoymurdular.

Nina Bərbərova:

"Həmin gün assistentimiz Saşa Kinqlə məktəbin idman zalında futbol oynayırdı. Məhz həmin zalın böyük pəncərələri küçəyə açılırdı. Saşa Kinqi bir neçə dəqiqəlik qoyub, özünə çay içməyə gedib. Elə bu vaxt Markov - heç zaman onun soyadını unutmaram - pəncərə önündə peyda olub. Kinq tanımadığı adamı görüb pəncərəyə yaxınlaşıb. Şahidlərin dediyinə görə, Markov şirin qabağında arxaya-qabağa tullanmaqla onu qıcıqlandırmağa başlayıb. Bu, Kinq üçün oyun-oynamağa dəvət idi, çünki bizim assistentimiz ona "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" filmindəki səhnəyə görə insanı izləyib yerə yıxmağı öyrətmişdi. Arxa pəncələri üzərində dayanan Kinq qəfil pəncərəni sındıraraq Markovun üzərinə atılır və onu yerə yıxır. Markovu məktəbin yanında gözləyən qız isə "kömək edin, şir adam parçalyır" deyə qışqırmağa başlayıb. Elə bu an atəş səsi eşitdik. Sonradan öyrəndik ki, günorta yeməyindən qayıdan milis leytenantı Qurov səs-küy gələn tərəfə qaçıb. Məktəb divarının yaxınlığında vəziyyəti aydınlaşdırmamış Kinqə atəş açıb. Şir həmən anda oğlandan aralanaraq sınmış pəncərəyə doğru geri çəkilib, lakin görünür leytenant Qurov həvəsə gəlib və daraqdakı bütün güllələri Kinqin bədəninə boşaldıb. Tələbə Valentin Markov isə yalnız yüngül sıyrıqlar almışdı".

Bununla da Kinqin rahat həyatı başa çatır.

Onun iştirakı ilə olan filmlər böyük populyarlıq qazanır. Kinq də məşhurlaşır. Lakin ölümündən sonra...

Lev Bərbərovun qızı və Kinqin yaxın dostu balaca Yeva uzun zaman dostunu və onun ölümünü unutmur:

"Yadıma gəlir, atam pəncərədən tullandı və Kinqə sarı getdi. Kinq geniş açılmış gözlərilə məktəbin divarına yaxın yerdə uzanmışdı. Nə baş verdiyini anlamayan atam onu qucaqlasa da, Kinq nəfəs almırdı. Bu vaxt anam gəldi. Məktəbin divarı boyu toplaşan kütlənin içindən bir səs gəldi: "Sizin şir insan parçalayıb!" Növbəti gün üstü açıq yük maşınında gedirdik. Kinq hansısa matəm örtüyünə bürünmüşdü və qarşı tərəfdən əsən külək ölü şiri sanki tərpədirdi. Biz tez-tez qonaq getdiyimiz yazıçı Yakovlevin mülkünə getdik. Kinqi orda dəfn etməyə qərar vermişdik. Yadımdadır, filmdə bizlə birlikdə çalışan sirk ustası Yura ağlaya-ağlaya Kinqi çiyinlərinə aldı və gənc palıd ağacının yanına qoydu. Lakin hamıdan çox Çap əziyyət çəkirdi. Bakıya döndükdən sonra dəhlizdə Kinqin əşyaları olan qutu qoymuşduq. Çap əvvəlcə qaça-qaça Kinqi axtarır, sonra isə qutunun içinə girərək orada nəfəs alırdı. Həkim Çapı yoxladı və infarkt vəziyyətinə düşdüyünü deyərək, çox yaşamayacağını söylədi. Doğurdan da, növbəti gün o, öldü".

Kinqin ölümü ilə ailə böyük sarsıntı yaşayır. Uşaqlar gecələr yuxudan oyanıb şirin adını çəkir, sayıqlayırlar. Uşaqları bu əzabdan xilas etmək üçün Lev Bərbərov ailəyə ikinci şir balası gətirməli olur. Nina xanım isə sanki gələcəkdə onları gözləyən faciəni hiss edir. O, evə ikinci şirin gəlişinin əleyhinə olur. Ərinin israrı onu sumağa vadar edir.

İkinci şirin gəlişində isə nədənsə bir çox şəxslər və qurumlar maraqlı imiş. Moskva intellegentsiyası onları dəstəkləyir, bütün SSRİ boyu onlara yeni şir axtarmağa başlayır. Kazan zooparkından tapılan bala şır 1 aylıq karantindən sonra təntənəli şəkildə ailəyə təqdim edilir. İlk şirin xatirəsinə ona Kinq II adı verilir.

İkinci şir birinciyə oxşamır.

O, ətrafındakılardan özünə hörmət tələb edir.

1975-ci ildə Bərbərovlar ailəsinin həyatından olan real faktlar əsasında rejissor Konstantin Bromberq və ssenarist Yuri Yakovlev "Mənim şirim var" filimin çəkir. Baş rolları Kinq II, ailənin övladları - Roma və Yeva Bərbərova oynayırlar. Kinq II ən çox Romanı sevirdi. Uşağa çox bağlanmışdı və onun bütün tələblərini dərhal yerinə yetirirdi. Roma onun belinə çıxıb at kimi sürürdü. Romanın etdikləri çəkiliş qrupunun digər üzvləri üçün qadağan idi. Kinq itaəti sevmirdi. Rejissor Bromberqin Kinq II-ni soyuq çaya tullanmağa vadar etmək istəyi faciə ilə bitir. Şir onun ayağıın dişləyir. Dişləri rejissorun baldırında 8 santimetrlik dərin yaraya səbəb olur.

Digər insident Kinq II-nin ağzına rulet vermək istəyən operator assistenti ilə baş verir. Həmin vaxt qəfil hərəkət etdiyi üçün şir onun barmağının yarısın qoparır.

Film hazır olandan sonra onu həm uşaqlar, həm də böyüklər izləyirlər.

Bərbərovlar M.Qorki adına kinostudiya ilə danışıqlar aparmağa başlayırlar. Lakin tale bu kinolayihələrə mane olur. Kinq II-nin həyatı da öz sələfininki kimi faciəvi sonluqla bitir.

Ailədə böyük mehribançılıq və xoşbəxtlik hökm sürürdü. Ümumittifaq məşhurluğu olan Bərbərovlar heyvanla insan münasibətlərinə yeni baxış gətirmək üzrə idilər. Bərbərovlara hər cür köməkliyin göstərilməsi ilə bağlı Azərbaycan SSR-in rəhbərliyi xüsusi göstəriş vermişdi. Dövlət şir üçün ət ayırırdı. Hətta, Kinq II üçün mikroavtobus da ayrılmışdı. Bu, o vaxtlar üçün ağlasığmaz hadisə idi.

Birdən-birə hər şey məhv oldu!

Faciə faciə arxasınca gəldi.

1978-ci ildə Lev Bərbərov infarktdan vəfat etdikdən sonra ailə şiri saxlamaqda çətinlik çəkir. Buna görə onu Berlin zooparkına hədiyyə etməyi düşünür. Lakin alınmır.

Nina Bərbərova:

"Ərim vəfat etdikdən sonra mən iki uşaq, şir və digər heyvanlarla dolu evdə təkbaşına qaldım. Kinq öz sahibini axtarırdı və ona məxsus əşyalar tapdıqda iyləyir, üstünə baş qoyaraq yatırdı. Düzdür, o, mənə də tabe idi və buna görə heç kim təhlükə barədə düşünmürdü".

1980-ci il noyabrın 24-də Kinq II Nina Bərbərovaya ağır xəsarət yetirir, oğlu 14 ayşlı Romanı isə öldürür. Hadisə yerinə gələn polis işçiləri şiri güllələyib öldürürlər.

Nina Bərbərova:

"Həmin gün mənim üçün kabusa çevrildi. Səhər nəşriyyata yollandım. Evimizdə böyütdüyümüz bütün heyvanlardan bəhs edən kitab hazırlanırdı. Sonra evə tələsdim ki, uşaqlar və heyvanlara yemək verim. Mənzilə daxil olanda tüstü iyi hiss elədim. Kinq özünü qəribə aparırdı və balkondakı tora doğru qaçdı. Lyalya adlı pumamız isə divanda uzandı. Balkona yaxınlaşanda gördüm ki, alkoqolik qonşumuz plastmas yandıraraq şirin üstünə atır. Mən əsəbiləşdim, "Siz nə edirsiz? Bu saat milis çağıracam!" - dedim. Bu vaxt oğlum Roma məktəbdən evə gəldi. Əvvəl ona yemək verdim, sonra isə Kinqə yaxınlaşdım. Əti doğrayıb qabda onun qabağına qoydum. Bu zaman o mebelin üzərinə çıxaraq, beli üstə ordan yerə düşdü. Sonra isə üstümə atıldı. Başımı dişlədi və arxası üstə yerə yıxdı".

Anasının səsinə qaçan 14 yaşlı Roma şirin boğazından tutub dartır, lakin qan iyindən başını itirmiş Kinq II anasının gözləri önünündə oğlunu parçalayır. Əvvəl onun başını dişləyir. Sonra onurğa sümüyünü qırır.

Nina Bərbərova:

"Mən huşumu itirmişdim. Atəş səsləri eşidəndə özümə gəldim. Qonşular tərəfindən çağırılan milislər dama qalxaraq mənzilə atəş açırdılar. Qapını sındırdıqdan sonra Kinqi öldürə bildilər. Səsdən qorxuya düşən puma küçəyə qaçmaq istəyən anda ürəyindən güllə yarası aldı. Halbuki, o, heç kəsə hücum etmək istəmirdi, sadəcə qorxmuşdu".

Nina Petrovnadan oğlunun ölüm xəbərini uzun müddət gizlədiblər. O, yalnız xəstəxanadan çıxdığı gün bunu öyrənir və yenidən üç ay xəstəxanada müalicə almalı olur. Yaşamaq istəməsə də, Kazım adlı bir azərbaycanlı ona həyata inamı qaytarır. O, Kazımla evlənir və yenə uşaqları olur.

Bu, indi Azərbaycanın tanınmış aktyoru, Xalq artisti Kazım Abdullayevdir.

"Həkimlər möcüzə nəticəsində məni xilas etdilər. Dəlicəsinə sevdiyim oğlumu isə itirdim. Baş verənlərdən sonra intihar barədə fikirləşirdim. Mənə qızım və dostum Kazım baxırdı. Kazımla evləndim və daha iki uşaq - Fərhad və Rahil dünyaya gəldi. Daha evdə vəhşi heyvan saxlamırıq, yalnız itlər, pişiklər və tutuquşular var. Kinq II-yə qarşı kin bəsləmirəm. Axı o, heyvandır, insan deyil və nə etdiyini anlamırdı. Yeganə, özümü bağışlaya bilmirəm ki, ilk övladım Romanı qoruya bilmədim".

Nina Bərbərova aldığı xəasrətlərə görə, ömrünün sonunacan həkim nzəaərtində oldu. O, 2018-ci ilin iyulun 12-də vəfat etdi. Nina xanım vəfat edəndə, evində çoxlu heyvanlar olsa da, şir yox idi. Yalnız evin görməli guşəsində Kinq I və Kinq II-nin fotoşəkilləri asılı idi. Onlardan birində Kinq II-ni bərk qucaqlamış Romanın da şəkli var. Kulis.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.