Maraqlı

«Lə iləhə illəllah» zikrinin savabı

5 Yanvar 2020 21:20
0 Şərh     Baxış: 1 412

İslam ədəbiyyatında "lə iləhə illəllah" təhlil, "subhanəllah" təsbih, "əl-həmdu lillah" isə təhmid kimi təbir olunur.

Hər kəs dildə "lə iləhə illəllah" desə, yəni Allahın birliyini iqrar etsə, eləcə də dediklərinə sadiq olsa, həqiqətən müvəhhid və tək Allaha imanlıdır. Belə insan Allahın amanındadır, dünya və axirət əzabı ona haramdır. Bu şəxs Behiştdə peyğəmbərlər və digər ləyaqətə çatanlarla yoldaş olacaqdır.

Həqiqi "təhlil" insan qəlbində o zaman təcəlla edir ki, insan Quran və Əhli-beyt (ə) vasitəsi ilə öz Allahını tanısın və Ona itaət etsin. Bu yolu gedən insanın bütün vücudu "Allahdan başqa hər şey batildir" deyə fəryad qoparır.

Doğrudan da, varlıq aləmində insanı nemətlərə qərq edəcək, Onu çətinliklərdən qurtaracaq və nəhayət, xoşbəxtliklərə qovuşduracaq ikinci bir kəs yoxdur. Dua edən şəxs öz acizliyinə və günahlarına etiraf etdikdən sonra təbii olaraq öz çətinliklərini həll etmək üçün hər şeyə qadir olan varlığa üz tutaraq deməlidir: "Lə iləhə illə əntə, subhanəkə və bihəmdik." (Səndən başqa bir məbud yoxdur, Sən paksan və mən Sənə həmd-səna edirəm.)

Behiştin dəyəri

Allahı tanıyaraq "lə iləhə illəllah" deyən, əməldə bütün saxta məbudlardan üz döndərib Allahdan qeyrisinə itaət etməyən insan Behiştin dəyərini hazırlamağa başlamışdır. İmam Rza (ə) öz ata-babalarından, onlar da Həzrət Peyğəmbərdən (s) nəql edirlər ki, Allah-Taala belə buyurmuşdur:

لا إِلَهَ إِلا اللَّهُ حِصْنِي، فَمَنْ دَخَلَ حِصْنِي أَمِنَ مِن عَذَابِي

"Lə iləhə illəllah" Mənim qalamdır. Elə isə Mənim qalama daxil olan kəs əzabımdan amanda qalacaqdır." ("Biharul-ənvar", c.3, сәһ.5.)

Həzrət Peyğəmbər (s) buyurur:

مـا جَـزاءُ مَـن أنْعَمَ اللّه عزّ و جلّ علَيهِ بالتَّوحيدِ إلاّ الجَنّةُ

"Allah-Taala tərəfindən tövhid neməti əta olunmuş şəxsin mükafatı yalnız Behiştdir." ("Biharul-ənvar", c.3, сәһ.5.)

مَن ماتَ وهو يَعْلَمُ أنَّه لا إلَهَ إلَّا اللَّهُ، دَخَلَ الجَنَّةَ

"Allahdan başqa bir məbudun olmadığına yəqin etdiyi halda ölən şəxs Behiştə daxil olar." ("Biharul-ənvar", c.3, сәһ.9.)

İmam Sadiq (ə) buyurur:

قَوْلُ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ ثَمَنُ اَلْجَنَّةِ

"Lə iləhə illəllah demək Behiştin qiymətidir." ("Vəsailuş-şiə", c.7, səh.210.)

مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ مُخْلِصاً دَخَلَ اَلْجَنَّةَ وَ إِخْلاَصُهُ أَنْ تَحْجُزَهُ لاَ إِلَهَ إِلاَّ اَللَّهُ عَمَّا حَرَّمَ اَللَّهُ عَزَّ وَ جَلَّ

""Lə iləhə illəllah"ı xalisanə deyən şəxs Behiştə daxil olar. Bu işdə xalislik odur ki, "lə iləhə illəllah" ifadəsi onu Allahın haram buyurduqlarından çəkindirsin." ("Biharul-ənvar", c.90, səh.197.)

Bir kişi İmam Baqirin (ə) hüzuruna gəlib, İslam Peyğəmbərinin (s) "Lə iləhə illəllah deyən şəxs Behiştə daxil olar." - kəlamı haqqında soruşdu. İmam (ə) buyurdu: "Rəvayət doğrudur, amma şərtləri var  bu şərtlərdən biri mənəm." ("Biharul-ənvar", c.3, сәһ.13.)

Bəli, bütün hallarda yeganə çıxış yolu tövhid və onun şərtləridir. Allahı tanıyıb, Onun birliyini təsdiq edən, peyğəmbərliyi və imaməti qəbul edən, dinin göstərişlərinə tabe olan şəxs yeganə doğru yolu tapmışdır. Tövhid və "Lə iləhə illəllah" kəlməsinin kölgəsində bütün xeyir əməllər qəbuldur və qəflətdən baş vermiş günahlar tövbədən sonra bağışlanır. Tövhiddən kənarda isə heç bir əməl qəbul olunmur və ən kiçik günah belə bağışlanmır. ("Kumeyl duasının şərhi", Ustad Hüseyn Ənsarian, səh.409-413.)

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.