Maraqlı

Fəlsəfə çoxluğun fikrinə qarşı: epistemik müxalifət

18 May 2019 19:05
0 Şərh     Baxış: 546

Milli.Az yarpaq.az-a istinadən Tinay Muşdiyevanın yazısını təqdim edir.

Fəlsəfənin qəliz, hər kəsin başa düşməyəcəyi, ancaq seçilmişlərin var-gəl etdiyi bir sahə olması fikri yenilik deyil. Buna uyğun olaraq filosof obrazları da, dövründən və məkanından asılı olaraq, mağarada oturan ustaddan kütləni sualları ilə bezdirən əcaibə, tərki-dünya dərvişdən çəlləkdə yatan bivecə, məbəd müqəddəsindən asosial əclafa qədər hər cür transformasiyadan keçmişdir. Bu obrazlarda filosofu kütlədən fərqləndirən onun etik, emosional və s. aspektlərdə sinqularlığı (təkliyi) deyil, fəlsəfə vasitəsilə çoxluğun bilmədiyi şeyləri bilməsidir. Filosofun sinqularlığı epistemik (bilik ilə şərtlənən) xarakterlidir. Yəni "filosof vs[i]. çoxluq" (müvafiq olaraq "fəlsəfə vs. çoxluğun fikri", bundan sonra "PvE" - "philosophia vs endoxa"[ii]) müxalifəti epistemik müstəvidə olan müxalifətdir[iii]. Bizi də bu məqalədə fəlsəfənin çoxluğun fikrinə qarşı qoyduğu bu epistemik üstünlüyü maraqlandırır. Epistemik müstəvini çıxış nöqtəsi edərək göstərmək istəyirik ki, "PvE" müxalifəti əslində sadəcə əsaslandırılmış fikir və əsaslandırılmamış fikir arasında olan müxalifətdir.

Bunun üçün antik yunan fəlsəfəsinə, dəqiq olaraq isə, Aristotel dialektikasına müraciət edəcəyik. Düşünürük ki, antik yunan fəlsəfəsi "PvE" müxalifətinin epistemik xarakterinin çox qabarıq ifadə olunub işlənildiyi bir ənənədir. Bu yöndə Aristotelin xidməti daha maraqlıdır. Aristotel nəinki Platon tərəfindən şifahidən yazıya gətirilmiş Sokrat dialektikasını nəzəri aspektdən araşdırır, həm də "çoxluğun fikri"nə olan təkəbbürlü baxışı dəyişərək onu yeni statusa qaldırır. Topika əsərində "çoxluğun fikri"ni (endoksa) fəlsəfi təfəkkür üçün vacib amil olaraq və müəyyən nəzəri çərçivədə təqdim edilmiş görürük ki, bu da öz növbəsində yunan fəlsəfəsində yeni mərhələ idi.

Fəlsəfənin elmlərin iyerarxiyasında ən başda qoyulduğu antik təfəkkür üçün adı gedən "PvE" müxalifəti o qədər də təəccüblü bir hal deyil. Fəlsəfənin statusu indi çox başqadır, məşğul olduğu suallar da antik yunan fəlsəfəsindən çox fərqlidir. Amma "PvE" müxalifəti (qədim yunanlarda olan ölçülərdə olmasa da) bu günün diskussiyalarında da az rast gəlinən fenomen deyil. Aristotelin dialektik mübahisə metoduna müraciət etməkdə məqsədimiz bir tərəfdən "PvE" müxalifətinin günümüzdəki konturlarına işıq tutmaq üçün bir model təqdim etməkdirsə, digər tərəfdən də bu model ilə içərisində olduğumuz cəmiyyətdə düşünmək və birgə düşünmək davranışımızı sual altına alıb, bu haqda fikirləşməyə dəvət etməkdir.

Çoxluğun fikri - endoksa

Yuxarıda dediyimiz kimi, "PvE" müxalifətini izah etmək üçün Aristotel dialektiktikasına, dəqiq olaraq Topika əsərinə müraciət edəcəyik. Burada təqdim edilmiş endoksa (çoxluğun fikri) konseptini izah etməzdən əvvəl Sokrat metodu (elenchos) haqqında qısa xülasə verək. Çünki Aristotelin Topikada təqdim etdiyi dialektik metod Sokratın sual-cavab texnikası əsasında qurulmuşdur. Topika, Aristotelin Platon Akademiyasında rutin[iv] olan elenchos oyunlarına nəzəri refleksiyadır. Aristotel burada həm belə oyun-mübahisələri məntiqi cəhətdən analiz edir, həm də belə mübahisələrdə uğurlu olmaq üçün strateji təlimatlar verir (I və VII kitablar). Bununla yanaşı çoxluğun fikri əsasında mübahisədə istifadə oluna biləcək mümkün arqument qəlibləri (topoi - yer) sadalanır (II-VII kitablar).

Sokrat metodu (elenchos), adından da göründüyü kimi, Sokratın mübahisələrdə tətbiq etdiyi sual-cavab metodudur. Belə sual-cavab oyunlarında iki nəfər iştirak edir, sual verən və sualları "hə" və ya "yox" ilə cavablandıran tərəflər. Məqsəd, haqqında mübahisə açılan mövzuda "həqiqəti axtarmaq"dır. Texniki olaraq, dialoqun əvvəlində ortaya qoyulan bir fikir təkzib ya da təsdiq olunur.[v] Ortaya qoyulan fikir adətən hər hansı elmi müddəa yox, çoxluq tərəfindən qəbul edilmiş bir fikir olur. Aristotelin termini ilə belə çoxluq tərəfindən qəbul edilmiş fikirlər endoksa adlanır. Aristotel hansı fikirlərin endoksa olmasını belə izah edir: "Qəbul edilmiş fikirlər (endoksa) ... ya hamı tərəfindən, ya çoxluq tərəfindən, ya peşəkarlar tərəfindən. Bunlardan ya hamısı, ya çoxu, ya ən məşhurları və qəbul edilmişləri tərəfindən düzgün hesab edilən fikirlərdir."[vi]

Bizim burda gördüyümüz odur ki, endoksanın, yəni çoxluğun fikrinin nə ilə müəyyən edilməsinin kriteriyaları reputasiya (1) və bu reputasiyanın fikri tanıyanların kəmiyyəti, həmçinin keyfiyyəti əsasında  dərəcələnməsidir (2). Bu o deməkdir ki, endoksa hər hansı təsadüfi fikir deyil. Bir fikrin endoksa sayılması üçün müəyyən dərəcədə ictimai mötəbərliyə və çəkiyə malik olması lazımdır. Yuxarıdakı sitatda görürük ki, bu ictimai mötəbərlik "ya" ilə bir-birindən ayrılan bir neçə instansiya ilə dərəcələnir. Buradakı əks qütblər çoxluğun rəyi və peşəkar rəyidir. Endoksanın ilk əlaməti olaraq "hamı tərəfindən" tanınmış fikir olması gəlirsə, ən son sadalanan əlamət də peşəkarlardan ən qəbul edilmişləri tərəfindən tanınmış olmasıdır. Yəni, çoxluğun rəyi və peşəkar rəyi bir-birini kompensasiya edəcək kriteriyalar olaraq qarşılaşdırılır. Əgər bir fikrin peşəkarlar tərəfindən təmsil olunması zəifdirsə, onun endoksa hesab edilməsi üçün heç olmasa geniş kütləvi mötəbərliyi olmalıdır. Həmçinin əksinə: əgər endoksa hesab ediləcək bir fikir çoxluq tərəfindən qəbul edilmirsə, onda onun heç olmasa peşəkarlar tərəfindən tanınması lazımdır. Ancaq bu şərtləri yerinə yetirən fikirlər endoksa olaraq dialektik mübahisəyə daxil edilə bilər. Yəni, dialektik mübahisəyə daxil edilə bilmək üçün nəzərdən keçirilən fikirlər (mövqelər, mövzular) müəyyən selektiv süzgəcdən keçirilir. Əks təqdirdə, bu fikirlər dialektik mübahisədə analiz olunmağa layiq deyillər. Bəs bu seleksiyanın səbəbi (və nəticəsi) nədir?

Sillogizmin növləri, dialektik sillogizmin xüsusiliyi

Aristotel endoksa üçün tətbiq etdiyi bu kriteriyaların səbəbini ayrıca izah etmir. Ancaq Topikada sillogizmlərin növləri haqqında yazılana diqqət etsək, bu seçmə praktikasının səbəbləri ilə bağlı müəyyən dərəcədə aydınlıq əldə etmiş olarıq.

Aristotel tədqiqat prosesini deduksiyalarda[vii] (sullogismos) təşkil olunmuş olaraq düşünür. Deduksiyalar, bir növ, tədqiqat prosesinin vahidləridir. Ona görə deduksiya elə bir arqumentdir ki, onda premis (şərt, müqəddimə)[viii] verilibsə, əqli nəticədə bu premislərdə olandan fərqli bir şey zəruri şəkildə hasil olur.[ix] Aristotel deduksiyaları üç yerə bölür: elmi deduksiya (apodeixis), dialektik deduksiya və eristik deduksiya.

Bu deduksiyaların fərqi onların premislərinin keyfiyyətindədir. Elmi deduksiyanın premisləri doğru və ilkin cümlələr, ya da doğru və ilkin cümlələrdən hasil olmuş cümlələrdir. Yəni, bunlar ya aksiomlar, ya da elmdə artıq isbat olunmuş cümlələrdir. Dialektik deduksiya isə endoksadan nəticə almaqdır. Fərq ondadır ki, doğru və ilkin cümlələrin inandırıcılığı başqa cümlələrdən yox, onların özlərindən gəlir. Bu cümlələr üçün "niyə" sualını verməyə ehtiyac yoxdur, onlar özü-özlüyündən inandırıcıdır.[x] Dialektik deduksiyaların premisləri olan endoksalar üçün isə belə epistemoloji sığorta yoxdur. Endoksa öz-özlüyündən inandırıcı olmayan, sual altına qoyulması vacib olan fikirlərdir. Daha bir deduksiya növü isə eristik deduksiyadır. Eristik deduksiya da yenə premislərin keyfiyyətinə görə yuxarıdakı iki növdən fərqlənir. Eristik arqumentin premisləri və ya bu premislər arasındakı məntiqi əlaqə aldadıcı əlaqədir: "Eristik isə o deduksiyadır ki, sadəcə tanınan kimi görünən, ancaq əslində tanınmayan fikirlərdən nəticə çıxarır, ya da tanınmış yaxud tanınmış kimi görünən fikirlərdən nəticə çıxarırmış kimi görünür".[xi]

Yəni, eristik deduksiya aldadıcı deduksiyadir. Bunlarda aldadıcı olan üç şeydir: premislər endoksa kimi görünür, ancaq endoksa deyil. Bunlardan çıxan əqli nəticə məntiqi cəhətdən doğru olsa da, dialektik mübahisə üçün qəbuledilməzdir (1). Premislər endoksadır, ancaq onlardan yanlış əqli nəticə çıxarılır və doğru kimi qələmə verilir (2). Həm premislər endoksa deyil, həm də onlardan çıxarılan əqli nəticə məntiqi doğru deyil (3).

Deməli, dialektik arqumentlər elmi arqumentlərlə eristik arqumentlər arasında özünəməxsus bir mövqe tutur. Dialektik arqumentlərin premisləri olaraq endoksalara selektiv yanaşılması eristik premislərin dialektik mübahisəyə cəlb edilməsinin qarşısını almaqdır. Aristotelin də vurğuladığı kimi, "çünki tanınmış fikir kimi görünən hər şey doğrudan da tanınmış fikir deyildir."[xii] Yəni, məqsəd müzakirə olunmağa layiq olan fikirləri müzakirəyə layiq olmayan fikirlərdən ayırd edə bilməkdir. Çünki endoksa olaraq müzakirəyə çıxarılmaq epistemik prioritetdir (üstünlükdür).

Dialektik mübahisədə - yuxarıda təsvir etdiyimiz sual-cavab oyununda - premis olaraq qəbul edilən fikirlərin təkzib olunmaqla yanaşı həm də təsdiq olunmaq ehtimalı var. Bu isə onların doğru premis olaraq deduksiyaya alınmasına və ümumiyyətlə mötəbərliyi təmin edilmiş endoksa siyahısına əlavə edilməsinə zəmindir. Ancaq bu, həmin endoksa cümlələrinin doğruluğunun yenidən mübahisələndirilə bilməməsi mənasına gəlmir. Tutaq ki, biz "Peyvənd autizm yaradır" fikrindən dialektik mübahisədə premis olaraq istifadə etmək istəyirik. İlk olaraq, bu fikrin endoksa olub-olmadığını yoxlamaq lazımdır. Fərz edək ki, bu fikir çoxluq tərəfindən təmsil olunur, yəni, çoxluq peyvəndin autizm yaratdığına inanır. Həm də fərz edək ki, peşəkarlar bu fikri təkzib edir, yəni, peşəkarlar "peyvənd autizm yaratmır" fikrindədirlər. Endoksanın tərifinə görə həm birinci, həm də ikinci fikir endoksadır. Belə olan halda biz burda iki bir-birinə zidd endoksa ilə qarşı-qarşıyayıq. Dialektik mübahisə onlardan birinin doğruluğunu üzə çıxarmalıdır. Bunun nəticəsində doğruluğu üzə çıxarılmış fikir digərini endoksa statusundan salmış olur, o vaxta qədər ki, özü də belə mübahisələndirilmə yolu ilə təkzib edilmiş olsun. Yəni, endoksa statusuna gətirilən bir fikir sonradan verifikasiya (yoxlanlma) yolu ilə bu statusunu itirə bilər. Buna qədər isə, bu fikrin endoksa statusu qalır. Bu yolla həm də eristik fəndlərlə endoksa olmayan fikirlərin endoksa kimi təqdim edilməsi çətinləşir. Nə çoxluq tərəfindən qəbul olunmayan, nə də peşəkarlar tərəfindən təmsil olunmayan bir fikrin endoksa olaraq dialektik mübahisədə istifadə olunması mənasızdır. Məsələn, "Fəlsəfə mistikadır" (ya da "Mistika fəlsəfədir") fikri belə diskvalifikativ fikirdir, çünki nə çoxluq tərəfindən dəstəklənir, nə də peşəkarlar tərəfindən tanınır.

Dialektik mübahisə və "PvE" müxalifəti

Bəs yuxarıda haqqında danışdığımız "PvE" müxalifətini Topikadakı dialektik mübahisə modeli ilə müqayisə etmək üçün əsaslarımız nədir? "PvE" müxalifəti ilə dialektik mübahisə modeli arasında nə kimi ortaq və müqayisə edə biləcəyimiz şeylər var? Aristotelin dialektik mübahisə modelinin də "PvE" müxalifəti üzərində qurulduğunu nəyə əsasən deyə bilərik? Dəlillərimizi elə Topikanın içində axtarmaq istəsək, bunu ilk olaraq əsərin başlandığıcında dialektik arqumentin elmi arqumentdən fərqləndirilməsində və bu fərqin izahında görürük. Bu fərq haqqında bundan əvvəlki hissədə yazmışdıq. Həm Aristotel fəlsəfəsinin ümumi kontekstindən, həm Topikanın məlum passajından aydındır ki, elmi deduksiya dialektik deduksiyadan daha üstündür[xiii]. Digər tərəfdən də Aristotel dialektik metodun faydalı ola biləcək sahələrini sadalayarkən Topikada çoxluq (polloi) ilə ünsiyyəti aydın şəkildə fəlsəfədən ayırır. Dialektik mübahisə metod olaraq üç şey üçün faydalıdır: məşq üçün (1), çoxluq ilə ünsiyyət üçün (2) və fəlsəfə, ya da fəlsəfi elmlər üçün (3).

Topikadan müvafiq hissəyə baxaq:

"Deyilənlərə əlavə olaraq izah edilməlidir ki, bu yazı [Topika] nə qədər (neçə) və hansı şeylər üçün faydalıdır. Üç şey üçün faydalıdır: məşq üçün, qarşılaşma (çoxluq ilə) üçün, fəlsəfi elmlər üçün. Onun məşq üçün faydalı olması öz-özlüyündən aydındır. Çünki, əgər bir metodumuz olarsa, bizim qarşımıza qoyulana daha rahat hücum edə bilərik. Qarşılaşma (çoxluq ilə) üçün isə ona görə vacibdir ki, biz onların fikirlərini nəzərdən keçirəndən sonra onlarla yad fikirlər əsasında yox, onların öz fikirləri əsasında müzakirə aparacağıq və bu zaman bizə doğru görünməyən şeyləri düzəldəcəyik. Fəlsəfi elmlər üçün isə ona görə vacibdir ki, əgər biz hər iki istiqamətdə çətinlikləri nəzərdən keçirsək, hər birində həm doğrunu, həm də yanlışı daha asan görə bilərik".[xiv]

Bundan başqa, bilirik ki, Platondan fərqli olaraq Aristoteldə fəlsəfə şifahi deyildir. Sokrat ənənəsinin təsirində olan Platonda fəlsəfədə şifahilik elə yazılı mətnlərin içinə transformasiya olunur. Platonun dialoqlarında fəlsəfə səhnələşdirilir, yəni onun şifahiliyi üçün fiktiv bir məkan yaradılır. Artıq yazıya alınmış olsa belə fəlsəfə personajlar arasında olan söhbət (şifahilik) formatında verilir. Aristoteldə isə bu şifahilik şərtinə olan bağlılıq qopur. Aristotelə görə fəlsəfə dialoqa bağlı deyil və həm də son olaraq yazılıdır. Topikada təqdim olunan dialektik mübahisə isə canlı söhbət tələbi ilə şərtlənib. Yəni, burdakı sual-cavab oyunları üçün təlimatlar fiktiv söhbət situasiyaları üçün deyil, canlı söhbətlər üçün nəzərdə tutulub. Bu da dialektik metodu, ən azı premislərin endoksa olması şərti və "ikinci faydası"na (çoxluq ilə ünsiyyət) görə, fəlsəfəyə qarşı qoyur ki, bu da "PvE" müxalifətinə haqq qazandırır. O. Primavesi bunu Aubenkeyə istinadla belə izah edir:

"Ancaq tam tərsidir: məhz Platonda bəzən ruhun öz-özü ilə dialoqu təsəvvürünə rast gəlinir; Aristoteldə isə "dialektika" sözün əsl mənasında həqiqi söhbətlərə bağlıdır.[xv]

... elə buna görə də o, (dialektika) Aristotel tərəfindən bir növ əksi olaraq fəlsəfəyə qarşı qoyulur..."[xvi]

"PvE" qarşıdurması üçün "müxalifət" ifadəsini təsadüfən seçmədik. "Müxalifət" ilk olaraq siyasi konnotasiyalı bir anlayışdır (əsas da azərbaycanlı oxucu üçün). Müvafiq olaraq, bu qarşıdurmanın bir tərəfini "iqtidar" olaraq təyin edə bilərik. Bu ikilikdə Aristotelin hansı tərəfi "iqtidar" statusunda gördüyü açıqdır. Aristotelin elmlərin iyerarxiyasında ən yuxarıda yer almış fəlsəfə həm də digər elmlərə "əmr edən"dir, ondan aşağıda yer alan elmlər də ona "xidmət edir". Yəni, bu kontekstdə hakimiyyət konnotasiyalı ritorika Aristotelin özünə də yad deyil. Bizim "müxalifət" ifadəmiz də buna görə yersiz sayılmaz. Bəs bu müxaliflikdə fəlsəfəyə "iqtidar" mövqeyini təmin edən şərtlər nədir?

Fəlsəfənin elitarlığı

"PvE" müxalifətində fəlsəfənin iqtidarını təmin edən amil fəlsəfənin elitarlığıdır. Elita az və ən yaxşı olanı bildirir. Yəni, kəmiyyətcə və keyfiyyətcə çoxluqdan (pozitiv) seçilən. Çoxluğun fikri elə çoxluğun fikri olduğuna görə avtomatik elitar deyil (kəmiyyət amili). Həm də Aristotelin insan və onun təfəkkür imkanları haqqında fikirlərinə görə hər kəs yaxşı ola bilməz. Yaxşı olmaq elitaya, yəni, azlığa aiddir. İndi isə baxaq, fəlsəfənin elitarlığı dedikdə nə nəzərdə tutulur.

Fəlsəfənin - orijinalda: filosofia - nə olmasını bilmək üçün Aristotelin Metafizikada sofianın (σοφία) nə olması barədə verdiyi izaha baxmaq lazımdır. Çünki, sofia filosofianın nə olmasını müəyyən edir. Filosofia sözünün tərkib hissəsi olan sofia
 
1. mümkün qədər çox şeyləri əhatə edir
2. çətindir
3. daha dəqiq bilik tələb edir
4. səbəblərin (yüksək səviyyədə) izahı bacarığını tələb edir
5. özü-özlüyündə can atılmalı olmanı şərtləndirir (yəni, daha çox özünə görə can atılan bir elm daha artıq dərəcədə sofiadır , nəinki nəticələrinə görə can atılan elmlər)
6. Daha yuxarıda və daha əmredici olan elmlər daha aşağıda və xidmətedici olan elmlərə nisbətən daha çox sofiadır.

Bu altı şərti bir az da ümumiləşdirmək istəsək, sofianın (və bununla da filosofianın) üç əsas aspektini müəyyən edirik: epistemik aspekt (1 və 4), əlçatanlıq və ünsiyyət aspekti (2 və 4), praktiki (iqtidar) aspekt (5 və 6).

Bir elmdə bütün bu aspektlər nə dərəcədə intensiv təmsil olunursa, onun sofia dəyəri o qədər yüksəkdir. Elmlər sofianın varlığı dərəcəsinə görə iyerarxiyalanır. Fəlsəfə (filosofia) Aristotelə görə bu aspektlərin ən intensiv təmsil olunduğu sahədir, ona görə də elmlərin iyerarxiyasında ən başda durur. Sofianın bu kriteriyaları əsasında fəlsəfəni endoksaya qarşı qoysaq görərik ki, "PvE" müxalifəti əslində epistemik mötəbərlik və bunun əksi arasında olan qarşılaşdırmadır. Yəni, əsaslandırılmış fikir və əsaslandırılmamış fikir müxalifəti. Bura həmçinin Topikada elmi deduksiyanın dialektik deduksiyaya qarşı qoyulmasını da əlavə edək. Dialektik metodun faydalarının ardıcıllığının izah edildiyi passajı da xatırlasaq, bu müxalifətin vektorları açıq-aydın qarşımızda olur. Yuxarıda sual altına aldığımız fəlsəfənin elitarlığının əsasında epistemik mötəbərlik durur. Sofia üçün sadalanan aspektlərdən ikincisi (əlçatanlıq və ünsiyyət aspekti) və üçüncüsü (praktiki (iqtidar) aspekt) tarixi cəhətdən maraqlı detal ola bilər (hərçənd bu aspektləri həmçinin günümüzün intellektual landşaftı çərçivəsində nəzərdən keçirsək, maraqlı nəticələr əldə edə bilərik). Ancaq Aristotelin dialektik mübahisə modelini günümüzün "PvE" müxalifətini başa düşmək yaxud izah etmək üçün istifadə etmək istəsək, əsas olaraq epistemik aspektə diqqət etmək lazımdır.

"Dialektik söhbət" birgə düşünmək modeli kimi

Sual oluna bilər ki, iyirmi dörd əsr əvvəl yaşamış bir filosofun bizim cəmiyyətimizdən çox fərqlənən bir cəmiyyət üçün nəzərdə tutduğu bir model indiki bizlər üçün niyə maraqlı olsun?

Antik yunan fəlsəfəsinin mövzularının, analiz taktikalarının, ortaya qoyduğu konseptlərinə müasir fəlsəfədə sadəcə tarixi artefakt olaraq müraciət edilmədiyi yenilik deyil. Siyasi fəlsəfədən tutmuş epistemologiyaya qədər bir çox sahələrdə antik yunan fəsləfəsinə qayıdış onun böyük arqumentativ potensialına, digər tərəfdən də konseptlərinin model xarakterli olmasına görədir. Məsələn, fin filosofu Jaakko Hintikka Aristotelin təqdimatında Sokrat metodunun model olaraq epistemologiyada, komputer elmlərində və s. tətbiq edilə biləcəyi fikrində idi.[xvii] Siyasi fəlsəfədə Platonun dövlət konsepti rahatlıqla epistokratiyanın müdafiəçilərinə qarşı istifadə olunur[xviii] və s.

Aristotelin "Sokrat sual-cavabı" üzərində qurulmuş dialektik mübahisə metodu isə intellektual ünsiyyət və mübahisə davranışlarımız haqqında düşünmək üçün maraq kəsb edəcək bir modeldir. Yuxarıda bu cəhətdən əhəmiyyətli ola biləcək iki məqama toxunduq. Biri mübahisədə şərt olaraq istifadə ediləcək fikirlərin epistemik mötəbərlik statusu, digəri isə bu statusun mütəmadi yoxlanılmaya açıq olması aspekti idi. Bu iki məqam mənə görə ictimai fikrin manipulyasiyası və intellektual şarlatanlıq fenomenlərinin normal hala gəldiyi indiki situasiyamıza nəzərən əhəmiyyətli impuls ola bilər.

Daha bir maraqlı aspekt isə Aristotelin bu dialektik mübahisəsi misalında verdiyi kollektiv düşünmək modelidir. Düşünmək Aristotelə görə qaydaları olan, intizam və məşq tələb edən bir fəaliyyətdir. Dialektik mübahisə metodunda bu tələblər fərdi müstəvidən kollektiv müstəviyə keçirilir və tətbiq olunur. Məsələn, Platonun Akademiyasında öyrənmək həm də bu dialektik mübahisə oyunları şəklində təşkil olunmuş birgə düşünmək sessiyaları idi. Topikadan dialektik metodun üç faydasını yadımıza salaq. Birinci fayda "məşq üçün" olaraq qeyd olnur. Ardınca gələn "onun məşq üçün faydalı olması öz-özlüyündən aydındır" hissəsi maraqlıdır. Oxucu olaraq sizə bu fayda, deyildiyi kimi öz-özlüyündən aydın olmaya da bilər. O. Primavesi qeyd edir ki, bu hissə həm də, tədqiqatçıların bir çoxu üçün də öz-özlüyündən aydın olmayıb ki, bu da dialektik metodun real yoxsa imaqinativ dialoqları nəzərdə tutub-tutmaması haqqında çoxlu (gərəksiz) mübahisələrə səbəb olmuşdur.[xix] Burda nəzərdə tutulan məşqlərdə söhbət gymnasiadan gedir. Gymnasia Aristotelin dialektik metodunun bütün qaydalarının tətbiq olunduğu mübahisə məşqləri idi və özlüyündə bir (dialektik) institut təşkil edirdi. Dialektik metodun yuxarıda qeyd edilən digər fayda ünvanlarından fərqli olaraq gymnasianın mahiyyəti tez-tez unudulur, çünki digər iki ünvandan (çoxluq, fəlsəfə və fəlsəfi elmlər) fərqli olaraq ancaq tarixi fenomen kimi tanınır.[xx] Afrodisiyalı Aleksandr bu mübahisə məşqlərini aşağıdakı kimi təsvir edir:

"Bu növ söhbətlər qədimlərdə [qədim yunanlarda] adi hal idi və görüşlərin əksəriyyətini onlar bu şəkildə təşkil edirdilər; bu gün olduğu kimi kitablardan istifadə etməklə yox (çünki o vaxtlar hələ müvafiq kitablar yox idi), daha çox belə: bir tezis ortaya qoyulurdu və bu tezisə hücum edirdilər və beləliklə hücum üçün arqument tapmaq bacarıqlarını məşq etdirirdilər. Bu zaman məqsəd diskussiyaya qoyulmuş fikri ümumi tanınmış premislərdən çıxış etməklə ya qəbul etmək, ya da ondan imtina etmək idi."[xxi]

Sadalanan hər üç faydanı nəzərə alsaq, bu birgə düşünmək modeli həm tədris (və ümumiyyətlə nəyisə öyrənmək) sahəsini, həm ictimai müzakirələri, həm də elmi fəaliyyəti əhatə edirdi. Bu həm də o deməkdir ki, zehni fəaliyyət bütün bu sahələrdə təbii və necə gəldi bir ritmlə yox, müəyyən intizama tabe şəkildə təşkil olunur və belə cəmiyyətin intellektual həyatı yəqin ki, cəngəlliyə yox, yapon bağına oxşayacaq (1); cəmiyyətin intellektual həyatı həm də təbii zehin gücünə görə fərqlənən fərdlərin monoloq formatında fəaliyyəti ilə məhdudlaşmır, "dahi"lərdən asılı və ibarət olmur (2); intellektual iqtidar şərtsiz və müddətsiz deyil (3); və intellektual iqtidar şəxsi deyil (4).

Bu o deməkdir ki, əgər "PvE" müxalifətini birgə düşünmək proyekti olaraq qəbul etsək, dialektik mübahisə modeli əsaslandırılmamış fikrin iqtidarına yol verməyəcək. Bir tərəfdən müzakirənin şərti ola biləcək fikirlər - endoksa - müəyyən seçmədən keçməli olur, həm də onların endoksa statusu bundan sonra da verifikasiyaya açıqdır. Digər tərəfdən də dialektik metodun qaydalarını nəzərə alsaq, görərik ki, bu zaman mübarizə (və müxalifət) əsaslandırılmış fikir və əsaslandırılmamış fikir arasındadır, bu fikirləri dilə gətirən şəxslər (ya da bir qrup şəxslər) arasında deyil. Əsaslandırılmış fikrin iqtidarı onun kim tərəfindən ifadə edilməsindən asılı olmayaraq keçərlidir, çünki epistemik mötəbərliyi var. Yuxarıda intellektual iqtidar şəxssizdir dedikdə, bu məqamı nəzərdə tuturuq. Onun şərtsiz və müddətsiz olmaması isə yenə elə dialektik metodun şərtlərinə istinad edir: intellektual iqtidar endoksa olaraq qayıdır ki, bu da dialektik mübahisə şərtlərinə görə həmişə verifikasiyaya açıq olmalı olan fikirlərdir.

İndi isə, fikir eksperimenti olaraq bu şərtləri bizim cəmiyyətə proyeksiya edə bilərsiniz. Nə görürsünüz?

Nəticə

"PvE" müəyyən ənənəsi olan qarşılaşdırmadır. Bu qarşılaşdırmanın təməlində duran münasibəti müxalifət kimi səciyyələndirə bilərik. Aristotelin Topika əsərində təqdim etdiyi dialektik mübahisə metodunun analizi əsasında göstərdik ki, bu müxalifət əsaslandırılmış fikir və onun əksi arasında olan müxalifətdir. Aristotelin dialektik mübahisə metodunda bu müxalifət iki formatda təqdim olunur. Bunlara kiçik və böyük format deyək. Birincini biz dialektik arqumentlərin premislərinin - endoksa - tərifində görürük. Hansı fikirlərin endoksa olaraq seçilməsi üçün vacib kriteriyaların özündə çoxluq və peşəkarların fikri bir-birini kompensasiya edəcək qütblər kimi verilib. Əgər bir fikrin endoksa olaraq qəbul edilməsi üçün kifayət qədər kütləvi dəstəyi yoxdursa, bunu peşəkar rəyi ilə əvəzləmək olar. Yəni, keyfiyyət baxımından iqtidar peşəkar rəyinə verilir. "PvE" müxalifətinin ikinci və böyük formatını isə bir neçə müstəvidə müşahidə edə bilərik. Bunlardan biri arqument növlərinin - deduksiyaların - təsnifatında görünür. Bu təsnifatın izahında elmi arqumentlərin premisləri epistemik mötəbərliyinə görə dialektik arqumentin (və təbii ki, həm də eristik arqumentin) premislərindən üstündür. Bundan başqa "PvE" müxalifətini həm də dialektik mübahisələrin şifahi söhbətlər üçün nəzərdə tutulması faktında təsbit edə bilirik. Bu təsbitə istinadən dialektika (Aristotelin dialektik metodu) fəlsəfəyə qarşı qoyulur. Çünki fəlsəfə yazılı, dialektika isə şifahidir. "PvE" müxalifətini böyük formatda həm də dialektik metodun üç faydasının sıralanmasında görə bilərik ki, burada da fəlsəfə və fəlsəfi elmlər aydın olaraq digər sahələrdən ayrılmışdır.

Nəhayət, Aristotelin fəlsəfə anlayışını onun Metafizika əsərində sofia anlayışına verdiyi izah əsasında analiz edərək görürük ki, fəlsəfənin digər elm sahələrindən fərqi onun elitar olmasındadır. Bu elitarlıq da öz növbəsində epistemik mötəbərliyin dərəcəsi ilə müəyyən olunur. Beləliklə də, "PvE" qarşılaşdırılmasında fəlsəfə və çoxluğun fikri arasında olan müxalifət münasibəti də epistemik mötəbərlik əsasında müəyyən edilə bilər. Yəni, "PvE" müxalifəti əslində əsaslandırılmış fikir və əsaslandırılmamış fikir arasında olan müxalifətdir.

Əsaslandırılmış fikir və əsaslandırılmamış fikir müxalifəti isə günümüzün intellektual landşaftının əsas mənzərəsini təşkil edir. İqtidarın hansı tərəfdə olması cəmiyyət üçün mövcudiyyət məsələsidir. Bu fonda Aristotelin dialektik mübahisə metodu həm də birgə düşünmək davranışlarını analiz etmək üçün maraqlı model ola, xüsusən də "PvE" müxalifətində epistemik iqtidarın legitimliyi və paylanması aspektindən fərqli perspektivlər aça bilər.

İstinadlar

[i] Qarşı: filosof çoxluğa qarşı

[ii] Qarışıqlıqdan qaçmaq üçün "filosof vs. çoxluq"/"fəlsəfə vs. çoxluğun fikri" müxalifətini yazımızda bundan sonra "PvE" (philosophia vs endoxa) qısaltması ilə işarələyəcəyik.

[iii] "Müxalifət" ifadəsindən niyə istifadə etdiyimizə bir qədər sonra aydınlıq gətirəcəyik.

[iv] Gündəlik fəaliyyət

[v] Daha geniş məlumat üçün bax: https://bakuresearchinstitute.org/az/azerbaijani-platonun-protaqor-dialoqu-elenxos-metodu-haqqinda/

[vi] Aristotel, Topika, 100a 20-25

[vii] Aristotel məntiqində deduksiyalar müasir məntiqdə nəzərdə tutulan deduksiya anlayışı ilə eynilik təşkil etmir. Daha ətraflı məlumat üçün bax: https://plato.stanford.edu/entries/aristotle-logic/#DiaArgArtDia (3.2 Aristotelian Deductions and Modern Valid Arguments)

[viii] Burda söhbət sillogizmin tərkib hissəsi olan şərt cümlələrindən, yəni premislərdən gedir, ona görə də yazıda bundan sonra məntiqi termin olan "premis" sözünü işlədəcəyik.

[ix] "A deduction is speech (logos) in which, certain things having been supposed, something different from those supposed results of necessity because of their being so." (Prior Analytics I.2, 24b18-20)

[x] Aristotelin elmi deduksiya anlayışının müasir epistemologiya və məntiq üçün ekzotikliyi və problematikliyi məsələsini burada müzakirə etməyəcəyik. Bu elmi deduksiya haqqında anlayış bizə daha çox dialektik deduksiya anlayışının xüsusiliyini başa düşmək üçün lazımdır.

[xi] Aristotel, Topika, 100a 20-25

[xii] Ibid, 100b-101a 25-30

[xiii] Aristotel məntiqində və elm nəzəriyyəsində elmi deduksiyanın mürəkkəb və müasir məntiq və elm nəzəriyyəsindən çox fərqli konsepti var. Ona görə də bu yazımızda "elmi deduksiya"nı sadəcə deduksiyaların təsnifatında sadalamaqla kifayətlənirik və onun izahına keçmirik. Bu yazı üçün bizə elmi deduksiyanın dialektik deduksiyaya nisbətən daha üstün olaraq dəyərləndirildiyini bilmək bəsdir.

[xiv] Aristotel, Topika, 101a-101b

[xv] Aubenque, P. (1970): "La Dialectique chez Aristote", L'attualità della problematica aristotelica, Padova, 6-8 April 1967, Padova (Studia aristotelica 3), 9-31,

[xvi] Primavesi, O. Die Aristotelische Topik, München, Beck 1996, s. 22

[xvii] Bu haqda daha geniş məlumat üçün bax: Jaakko Hintikka, Socratic Epistemology. Explorations of Knowledge-Seeking by Questioning. Cambridge University Press, 2007

[xviii] Urbinati, N. Democracy Disfigured. Cambridge, Massachusetts: Harvard University Press, 2014

[xix] Primavesi, O. Die Aristotelische Topik, München, Beck 1996, s. 22

[xx] Ibid, s. 23

[xxi] Alexander Aphrodisias in Primavesi, O. Die Aristotelische Topik, München, Beck 1996, p. 23

Ədəbiyyat:

Aristoteles, Topika (Tim Wagner, Christof Rapp), Reclam, 2004

Aristoteles, Metaphysik, Rowohlt, 2007

Alexander Aphrodisias. In Aristotelis Topicorum libros octo commentaria. Reimer, 1891

Aubenque, P. (1970): "La Dialectique chez Aristote", L'attualità della problematica aristotelica, Padova, 6-8 April 1967, Padova (Studia aristotelica 3)

Brunschwig, J. Aristotle on Arguments without Winners or Losers. In: Wissenschaftskolleg Jahrbuch. 1984/85

Grimaldi, W. M.A. The Aristotelian Topics. In: Traditio 14, 1-6

Hintikka, J. Sokratic Epistemology. Explorations of Knowledge-Seeking by Questioning. Cambridge University Press, 2007

Hintikka, J. Analyses of Aristotle. Kluwer Academic Publishers, 2004

Owen, G.E.L. (ed.) Aristotle on Dialectic. The Topics, Oxford University Press, 1968

Primavesi, O. Die Aristotelische Topik, München, Beck, 1996

Reeve, Ch.D.C. Dialectic and Philosophy an Aristotle. Oxford 1998

Rehn R. Sprache und Dialektik in der Aristotelischen Philosphie. B. R. Grüner, 2000

Schramm, M. Die Prinzipen der Aristotelischen Logik, K. G. Saur, 2004

Sintonen, M. (ed.) Knoledge and Inquiry. Rodopi, 1997

Urbinati, N. Democracy Disfigured. Cambridge, Massachusetts: Harvard University Press, 2014

https://plato.stanford.edu/entries/aristotle-logic/#DiaArgArtDia

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.