Maraqlı

"Xəstəlik xəstəliyi": ipoxondriya nədir?

6 Dekabr 2015 20:25
1 Şərh     Baxış: 14 382
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən psixiatr Orxan Fərəclinin ipoxondriya xəstəliyi haqda yazısını təqdim edir.
"Xəstəlik xəstəliyi" olaraq adlandırılan ipoxondriya günümüzdə çox tez-tez rast gəlinən psixi pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə, ciddi xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbzlik kimi əlamətlər xərçəng, miokard infarktı əlamətləri kimi qəbul edilir və bu insanlara daim ölüm qorxusu hakim kəsilir...
Bəzən eyni anda bir neçə orqan haqqında narahatçılıq keçirmələrinə baxmayaraq, belə adamlar yalnız bir orqan haqqında da ehtiyat edə bilərlər. Bu xəstələrin əsas düşüncələri özlərində hansısa xəstəlik əlamətlərinin olub-olmamasını yoxlamaqdan ibarətdir. Belə ki, onlar tez-tez nəbzlərini yoxlayır, arterial təzyiqlərini ölçürlər. Bədənlərinin hər hansı bir nöqtəsindəki ağrılara həddən artıq həssasdırlar. Kiçik bir əzələ ağrısını belə, ürək xəstəliyi ilə əlaqələndirə bilərlər. Daim sidiyini, nəcisini müayinə edirlər. Bədəndəki ən kiçik rəng dəyişikliklərinə də reaksiya verirlər.
İpoxondriya xəstələri tibbi jurnalların, tibbi materialların daimi izləyicilərinə çevrilirlər. Onlar tez-tez dərmanların təlimat qaydalarını çox diqqətlə oxuyur, qəbul etdikləri dərmanlarda olan əlavə təsirləri daim öz üzərlərində hiss edirlər. Məhz bu səbəbdən də ipoxondriyalı xəstələr hədsiz sayda həkim dəyişirlər.
Bu xəstələrdə depressiya tez-tez rast gəlinən haldır. Ciddi müayinə olunan zaman xəstələrin heç nə ilə izah olunmayan xroniki ağrıları da məhz bu depresiyyanın nəticəsi ola bilər.
Xəstəlik daha çox 20-40 və 50-70 yaş arasında olan insanlarda tez-tez müşahidə edilir. Əhali arasında yayılması təxminən 4-9 %-dir.
İpoxondriyalı xəstələrə verə biləcəyimiz məsləhətlər içərisində birincisi bu insanların müxtəlif həkimləri gəzmək əvəzinə güvənə biləcəyi tək bir həkimlə müalicəsini davam etdirmələridir. Çünki şəxsin müxtəlif həkimləri gəzməsi vəziyyətinin daha da pisləşməsinə səbəb olacaq. Onlar dərman reklamlarını izləməkdən, dərmanlar və xəstəliklər haqqında jurnallarda və internetdə məlumat axtarmaqdan çəkinməlidirlər. Bu cür məlumatlar xəstədə xəstəlik haqqında düşüncələrinin daha da artmasına səbəb olur. Fərd birmənalı şəkildə bu cür davranışlardan qaçmalıdır. Yanaşmanı dəyişin, həyatınızı doya-doya yaşayın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.