Maraqlı

Sevilən, rədd olunan, sevən, yanan müğənni - FOTO

13 Oktyabr 2014 22:34
0 Şərh     Baxış: 1 461
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kult.az-a istinadən Emil Bağırovun yazısını təqdim edir. 

"İkinci Dünya müharibəsindən bu yana Parisdə bütün hərəkəti dondura biləcək başqa hadisə olmayıb".

Bu sözləri Edit Piafın dəfn mərasimini xatırlayan Şarl Aznavur deyib. 

10 oktyabr 1963-cü il. Bu tarix, bəlkə də, bütün dövrlərin ən məşhur fransız musiqiçisi Edit Piafın öldüyü gündür. O, 51 il əvvəl Qrassedə, öz villasında qaraciyər xərçəngindən vəfat edib. Qəribədir ki, ondan cəmi bir gün sonra isə çox yaxın dostu olan yazıçı, rejissor Jan Kokto da dünyasını dəyişdi.

Edit Covanna Qasson 19 dekabr 1915-ci il Parisin Belvil bölgəsində doğulub. Deyilənə görə, anası onu elə küçənin ortasındaca dünyaya gətirib. Ancaq doğum şəhadətnaməsində yazılanlara əsaslansaq, onun dünyaya göz açdığı yer Parisin Belvil bölgəsində yerləşən Tenon hospitalıdır. Anası Annetta Covanna Maillard yarı italyan, yarı gürcü əsilli qaçqın ailəsindən idi. Küçələrdə musiqi oxumaqla dolanmağa çalışırdı. Atası Luis Alfonz Qasson isə küçələrdə tamaşa göstərən kəndirbaz idi. Körpəyə Edit adı ingilis tibb bacısı Edit Kevellin şərəfinə verilmişdi. Birinci Dünya müharibəsində iştirak edən Edit Kevell almanlara əsir düşən fransız əsgərlərin qaçmasına kömək etdiyi üçün edam edilmişdi.

Balaca Edit hələ iki yaşında olarkən atası ilə anası ayrılır. Anası Editi nənəsinin yanında qoyub onu tərk edir. Nənəsinin isə Editi görməyə gözü yox idi və körpəyə qətiyyən diqqət göstərmirdi. Hətta onun süd şüşəsinə şərab doldurub verirdi ki, uşaq yatsın və onu narahat eləməsin. Luis Qasson bu vəziyyətdən xəbərdar olduqda Editi nənəsinin əlindən alıb özü ilə Normandiyaya gətirir. Atası işləyərək pul qazanmaq məcburiyyətində olduğu üçün Edit fahişəxanada böyüyür. Üç yaşında olarkən gözünə infeksiya düşür və uzun müddət gözləri görmür. Ömürlük kor olmaq təhlükəsi yaşasa da, sonra müalicə ilə görmə qabiliyyətini bərpa etmək mümkün olur. Başqa bir versiyaya görə isə dörd il gözləri görməyən Edit katolik kilsəsində müqəddəs Tereza üçün dua edərkən gözləri açılır. Ona görə də onun xatirəsinə daşıdığı boyunbağını ölənə kimi boynundan çıxarmır. Məşhur musiqiçinin həyatını araşdıran fransız jurnalist Robert Belleret onun, əslində, bir neçə həftəlik görmə qabiliyyətini itirdiyini, dörd il ərzində görə bilmədiyi ilə bağlı deyilənlərin isə sadəcə, mif olduğunu yazır.

Edit Piaf 14 yaşına çatdıqda atası onu özü ilə küçələrdə gəzdirməyə başlayır. Atası artıq yaşlandığı üçün kəndirbazlıqla məşğul ola bilmirdi. İşləri xeyli çətinləşmişdi. Ona görə də Editi özü ilə gəzdirib mahnı oxumağa məcbur edirdi. Edit musiqiçiliyə Fransanın dövlət himni olan "Marselyeza"nı oxumaqla başlayır. Balaca qız öz səsi ilə küçədəki insanların diqqətini çəkməyi bacarırdı. Beləliklə, Edit Piaf musiqi aləminə ilk addımlarını atır. Bir müddət keçdikdən sonra isə artıq atasından ayrılaraq Luis Qassonun başqa qadından olan qızı Simone ilə birlikdə küçələrdə, meydanlarda mahnı oxumağa başlayır. O, Simoneyə "Momone" kimi müraciət edirdi. Elə bu dövrdə ilk sevgilisi Luis Dupontla tanış olur və bir yerdə yaşamağa qərar verirlər. 17 yaşı olarkən Edit ilk və son uşağını dünyaya gətirir. Marsel adı verdikləri körpə qız iki yaşında meningitdən ölür.

1935-ci il Edit Piafın həyatında dönüş nöqtəsi olur. "Jernis" adlı kabarenin sahibi Lui Leple Editi Parisin Piqal bölgəsində küçədə mahnı oxuyarkən görür. Luis Leple Editin səsinə heyran olur və bu heyranlıq Editin həyatını dəyişir. Editə "Piaf" adını qoyan Lui Lepledir. "La Môme Piaf" Paris ləhcəsində "sərçəcik", "balaca sərçə" demək idi. Edit Piafı səhnəyə çıxardan da Lui Lepledir. 1,47 metr boyu olan Edit Piafı səhnəyə çıxarmaq xeyli çətin olmuşdu. Onun səhnəyə çıxma qorxusunu yenməsi üçün Leple xeyli çalışmışdı. Səhnəyə çıxdıqdan çox az müddət sonra "Balaca Sərçə" məşhurlaşmağa başlayır.

Lakin bədbəxtlik ondan əl çəkmir. 6 aprel 1936-cı ildə Lui Leple öz evində ölmüş vəziyyətdə tapılır. Edit Piafın sui-qəsddə əli olduğuna dair şübhələr var idi. Bu, onun reputasiyasını xeyli zədələyir və oxuduğu gecə klublarında insanlar ona "qatil" deyə bağırırdılar. Çünki Leplenin ölümündə Editi günahlandırırdılar. Bu ona çox pis təsir göstərir. Bir müddət səhnədən uzaq qalır. Depressiyaya düşür. Onsuz da içkidən çox istifadə edən Edit Piaf, tamamilə, alkoqola qurşanır.

Bu vəziyyət Raymon Asso ilə tanışlığa qədər davam edir. Fransız şair Edit Piafa depressiyadan çıxması və yenidən səhnəyə qayıtması üçün çox kömək olur. "Balaca Sərçə" tezliklə əvvəlki formasını geri qaytarır. Bütün Paris artıq onu tanıyırdı. İkinci Dünya müharibəsi başladıqdan sonra Asso ilə Piafın yolları ayrılır.

1940-cı illərdə Edit Piaf artıq ulduza çevrilmişdi. Məşhur yazıçı, rejissor Jan Kokto ilə də məhz bu illərdə tanış olur. 1944-cü ildə isə İv Montan ilə tanış olur. Bu tanışlıq sevgi münasibətlərinə qədər irəliləyir. Sonradan Fransanın ən məşhur şanson müğənnilərindən biri olan İv Montanın məşhurlaşmasında Edit Piafın böyük rolu olub. Piaf onunla səhnəni paylaşır, repertuarı ilə şəxsən məşğul olurdu. 1944-cü ildə "Mais qu'est-ce que j'ai !" mahnısının sözlərini yazır. Məhz bu mahnı İv Montanı bütün Fransada məşhur etmişdi. Montan məşhur olduqdan və başqa bir qadınla evləndikdən sonra onların yolları ayrılır.

Ən başda adını çəkdiyimiz Şarl Aznavuru da Edit Piaf kəşf etmişdi. Piaf erməni əsilli fransız müğənni Aznavuru özü ilə getdiyi Avropa və Amerika turlarına aparmış, onunla eyni səhnəni bölüşmüşdü. Piafın sayəsində Şarl Aznavur sonralar dünyaca məşhur musiqiçiyə çevrilir.

Müharibədən sonra bir zamanların "Balaca Sərçə"si artıq bütün dünyada tanınır, Avropa və Amerika turlarına çıxırdı.

Edit Piafın həyatında iz qoyan sevgililərindən biri də fransız boks çempionu Marsel Serdan olub. Marsel Serdan da evli və üç uşaq atası olmasına rəğmən Piafla bir-birilərini dəlicəsinə sevirdilər. Lakin 1949-cu ildə çox faciəvi bir hadisə baş verir. Piafı görmək üçün Parisdən Nyu-Yorka yola düşən Marsel Serdanın uçduğu təyyarə qəzaya uğrayır. Qəzadan sağ çıxan olmur. Bu hadisə Edit Piafı həyatını yenidən alt-üst edir. O, alkoqola, ağrıkəsici dərmanlara və morfinə qurşanır. Əsəb sistemi pozulur. Məşhur mahnılarından biri "L'hymne à l'amour"u da "Balaca Sərçə" "həyatının ən böyük eşqi" adlandırdığı Marsel Serdana həsr etmişdi.

1951-ci ildə Edit Piafın başına daha bir bədbəxt hadisə gəlir. Nyu-Yorkda Şarl Aznavurla birlikdə avtomobil qəzasına düşən Piafın qolu və bir neçə qabırğası sınır. Həkimlərin əməliyyat zamanı ona morfin vurmasından sonra Piaf tamamilə narkotik maddələrdən asılı vəziyyətə düşür.

Avtoqəzadan bir il sonra Piaf ilk evliliyini gerçəkləşdirir. O, şair Jak Pillslə evlənir. İlk evlilik cəmi dörd il - 1952-ci ildən 1956-cı ilə qədər davam edir.

İkinci dəfə isə 1962-ci ildə özündən 20 yaş kiçik olan yunan əsilli Teo Saqapo ilə evlənir. Evləndikləri zaman Teonun 27, Piafın isə 47 yaşı var idi. Əsl adı Teo Lamboukas müğənni olmaq xəyalı quran gənc bərbər idi. Yunan dilində "səni sevirəm" ifadəsinə bənzəyən "Saqapo" adını da ona Piaf qoymuşdu. Bir məsələni vurğulamaq lazımdır ki, cütlüyün bir yerdə ifa etdiyi "A Quoi ça sert l'amour" mahnısını çox möhtəşəm alınıb.

1963-cü ilin əvvəllərində Piaf "L'homme de Berlin" adlı son mahnısını yazır. Az keçməmiş Teo yoldaşının səhhətinin xeyli ağırlaşdığını görüb bir az özünə gəlməsi və səhhətini bərpa edə bilməsi üçün onu Lazur sahilinə aparır. Ancaq artıq gec idi. Hələ 1961-ci ildə həkimlər onda xərçəng xəstəliyi aşkar etmişdi. Piaf özü bundan xəbərdar idi. Qeyri-sağlam həyat tərzi, alkoqol asılılığı, narkotika, ard-arda gələn bədbəxtliklərin verdiyi stress, üzüntü, əsəb gərginliyi onu gücdən salırdı.

Son günlərində keçmiş dostları Jan Kokto, Raymon Asso onu ziyarətə gəlmişdilər. Bu artıq son idi. 10 oktyabr 1963-cü ildə, günorta radələrində "Balaca Sərçə" gözlərini əbədiyyən yumur.

Cənazəsi Parisə gətirilir. Ancaq Katolik Kilsəsinin Paris Arxiyepiskopu keçirdiyi "əxlaqsız" həyat tərzinə görə Edit Piafa dəfn mərasimi keçirməyi rədd edir. Cənazəsi Per Laşez məzarlığına aparılarkən onminlərlə heyranı küçəyə axırışır. Şarl Aznavurun dediyi kimi, "İkinci Dünya müharibəsindən bu yana Parisdə bütün hərəkəti dondura biləcək başqa hadisə olmayıb".

1982-ci ildə Sovet astronomu Lyudmila Karaçkina kəşf etdiyi 3772 nömrəli kiçik planetə Edit Piafın adını verib. Per Laşez məzarlığında hər il ən çox ziyarət edilən məzar da Edit Piafın məzarıdır.

2007-ci ildə rejissor Olivie Daan Edit Piaf haqqında "Çəhrayı həyat" filmini çəkib. İki "Oskar" mükafatı qazanan 140 dəqiqəlik bioqrafik film xeyli uğurlu alınıb. Çünki Piaf özü film kimi həyat yaşayıb. "Edit Piaf" obrazını canlandıran aktrisa Marion Kotiyyar bu roluna görə 2008-ci ildə "Ən yaxşı qadın rolu" nominasiyasında "Oskar" mükafatı alıb. Həqiqətən, Kotiyyar işinin öhdəsindən məharətlə gəlib. Edit Piafı yaxından tanımaq üçün o filmə baxmaq kifayət edir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.