Maraqlı

Molla məktəbini bitirdi, Nobel aldı - ARAŞDIRMA - FOTO

3 Oktyabr 2014 19:16
0 Şərh     Baxış: 2 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kult.az-a istinadən Zərdüşt Əlizadənin yazıçı Nəcib Məhfuz haqda yazısını təqdim edir 

Nəcib Məhfuz XX əsr müasir ərəb ədəbiyyatının ən tanınmış simalarından biridir. Onun yaradıcılığı ərəb dünyasının hadisələrlə müstəsna zəngin XX əsrini dolğun bir tərzdə əks etdirmişdir. Onu mübaliğəsiz əsrin şahidi və salnaməçisi adlandırmaq olar.

Nəcib Məhfuz Qahirənin əl-Abbasiyyə məhəlləsində 1911-ci il dekabrın 11-də məmur ailəsində dünyaya göz açmışdır. Ailənin sonbeşiyi valideynlərinin, dörd qardaş və iki bacının hədsiz nəvazişi ilə böyümüş, o zaman üçün səciyyəvi təhsil mərhələlərini - molla məktəbini, ibtidai və orta məktəbi, nəhayət, indi Qahirə universiteti kimi tanınan, o zaman Xediv I Fuad Universiteti adlanan ali məktəbin fəlsəfə fakültəsini uğurla bitirmiş, atasının yolu ilə gedib hökumət qulluğuna girmişdir. İlk qulluq yeri vəqflər nazirliyi olmuşdur, fəqət bir müddət sonra onun dini baxışlarının rəsmi əndazəyə sığışmadığı bəlli olduqdan sonra Məhfuzu 1939-cu ildə mədəniyyət nazirliyinə keçirmişlər. Burada o, əvvəl kinoya senzura şöbəsinin müdiri, sonra isə kinoya dövlət dəstəyi fondunun müdiri olmuşdur. Onun Misir kinosuna dəstək fonduna rəhbərlik etdiyi illər bu kinonun tarixində gur inkişaf illəri sayılır. Misirin dövlət qulluğu qanununa əsasən o, 60 yaşı tamam olandan sonra, yəni 1972-ci ildə həmin nazirliyin müşaviri vəsifəsindən təqaüdə çıxmışdır. Kino sahəsində işlədiyi illərdə yazıçı dünya kino sənəti ilə yaxından tanış olmuşdur. Təsadüfi deyildir ki, onun əsərlərinin süjet quruluşu kino süjetlərinin quruluşuna yaxındır. Məhfuzun ssenariləri və onun ideyaları əsasında biri Meksikada olmaqla altı film çəkilmişdir. Məmurluq illəri və əldə etdiyi şəxsi təcrübə onun əsərlərində, o cümlədən oxucunun diqqətinə təqdim olunan əsərlərdə güclü nəzərə çarpır.

Hələ tələbə ikən Nəcib Məhfuzun məqalələri ölkənin ən nüfuzlu "əl-Əhram", "əl-Hilal", "ər-Risalə" və s. qəzet və jurnallarında nəşr olunurdu. Təqaüdə çıxdıqdan sonra artıq tanınmış yazıçı və mədəniyət xadimi sayılan Məhfuz "əl-Əhram" qəzetinin məsləhətçisi, eyni zamanda köşə yazarı kimi fəaliyyət göstərib, "Dar-ul-məarif" nəşriyyatının idarə heyətinin üzvü olub. Zəmanənin məfkurə mücadiləsində Nəcib Məhfuz öz mövqeyi olan və bu mövqeyi ləyaqətlə müdafiə etməyi bacaran yazıçı, jurnalist və mütəfəkkir olmuşdur.

Nəcib Məhfuz Misir cəmiyyətinin adət-ənənəsinə rəğmən gec - 43 yaşında evlənmişdir və iki qız atası olmuşdur. Xanımı Atiyə ilə məsləhətləşib qızlarına Misir vətənpərvərliyi üçün çox əlamətdar adları seçmişlər - məşhur kino aktrisası Fətin Həmamənin və ərəb ifa sənətinin ulduzu Ümm Gülsümün adlarını. Həyatının ailə ilə bağlı cəhəti də onun bədii əsərlərində öz əksini tapmışdır.

20 ərəb dövlətinə parçalanıb güclü xarici qüvvələrin şikarına çevrilmiş ərəb millətinin yenidən birləşib öz taleyinin sahibi olmasına çağıran panarabizm - vəhdətçilik ideologiyası XX əsrdə sadə və vətənpərvər ərəblər üçün ən cazibədar amal sayılırdı. Bu ideologiyaya ən sarsıdıcı zərbə sayılan Misirlə İsrail arasındakı 1978-ci il Kemp-Devid sazişini Nəcib Məhfuz müsbət qiymətləndirmiş, buna görə də ərəb dünyasının ən çox oxunan sevimli yazıçısının əsərləri bir müddət bu sazişə görə Misirlə əlaqələri kəsmiş və hətta onu Ərəb Dövlətləri Liqasından xaric etmiş əksər ərəb dövlətlərində qadağan edilmişdi. Nəcib Məhfuz öz sərbəst və cürətli mövqeyini heç vaxt ürəyində saxlamamış, düşündüyünü açıq və aydın şəkildə cəmiyyətə çatdırmışdır. Yazıçı dünya şöhrəti qazanmış "Şeytan ayələri" romanının müəllifi Səlman Ruşdini "islam dinini təhqir etdiyinə görə" kəskin qınamış, lakin imam Xomeyni onun barəsində ölüm fitvası verdikdə dünyanın mötəbər 80 ziyalısına qoşularaq "ifadə azadlığının məhdudlaşdırılmasının yolverilməzliyi" barədə bəyanata imzasını atmışdır. Öz imzasını əsaslandırarkən Məhfuz demişdir: "Heç nə islama və müsəlmanlara yazıçının qətlinə çağıran fətva qədər ziyan vura bilməz."

Onun özü "Məhəlləmizin övladları" romanına görə kəskin tənqid edilmiş, bu roman Misirdə uzun müddət işıq üzü görməmiş, ilahiyyatçı şeyx Ömər Əbd-ür-Rəhman müsəlmanları onu öldürməyə səsləmişdir. Hətta qocaman yazıçını polis bir müddət qorumalı olmuşdur. Buna baxmayaraq, 1994-cü ildə bir dindar cahil 82 yaşlı ədibi evinin yanında bıçaqla yaralamışdır. Onun həyatını xilas edirlər, lakin sinirləri zədələndiyindən sağ qolu gücdən düşür, şiddətli ağrıdan əziyyət çəkir və ömrünün sonuna kimi gündə cəmi beş-on dəqiqə işləyə bilir.

Nəcib Məhfuz 34 roman, 350 hekayə, 15 ssenari, 5 pyes və yüzlərcə məqalə müəllifidir. Onun yaradıcılığı barəsində yüzlərcə məqalə və müxtəlif ölkələrdə onlarca ayrıca tədqiqat əsəri yazılmışdır. 1988-ci ildə bu istedadlı peşəkar yazıçıya ədəbiyyat sahəsində Nobel mükafatının verilməsi dünyada çox müsbət qarşılanmışdı. Mükafat komitəsi öz qərarını qısaca belə əsaslandırmışdı: "...bəşəriyyətin ümumi dəyərinə çevrilmiş ərəb təhkiyə sənətini yaratmış, gah şəffaf realistik, gah mübhəm çoxmənalı işarələrlə dolu əsərlərinə görə". Onu da qeyd etmək yerinə düşərdi ki, 1987-ci il mükafatı İosif Brodskiyə verilmişdi. Təbii ki, Nəcib Məhfuzun Nobel mükafatına layiq görülməsi dünyada ərəb ədəbiyyatına maraq və diqqətin artmasına səbəb olmuşdu.

Kiçik yaşlarından Nəcib mütaliəyə aludə olur, cinayətlərin açılması üçün xariqüladə bacarıq göstərən xəfiyyələrin macəralarının təsvirindən ciddi ədəbiyyata keçir, elə gənc ikən zəmanəsinin Dikkensi, Balzakı, Qolsuorsisi, Tolstoyu olmağı arzulayir. Gənc Məhfuz Qədim Misirin həyatından möhtəşəm tarixi romanlar silsiləsi yazmağı qərara alır və işə ciddi girişir. 1932-44-cü illərdə onun "Qədim Misir", "Dəliliyin pıçıltısı", "Talelərin zarafatı", "Hufunun sarayı", "Radopis" və "Tıba uğrunda mübarizə" əsərləri çap olunur. Təbii ki, diqqətli oxucu Qədim Misir hadisə və qəhrəmanlarında müasir Misirin gerçəkliyini görə bilərdi. Qədim Misirin tarixi çox zəngin mövzu mənbəyidir. Fəqət gənc yazıçı öz yaradıcılıq axtarışlarının istiqamətini kəskin dəyişir və 1945-47-ci illərdə ona geniş şöhrət gətirmiş ilk ictimai romanlarını yazır. Adları məşhur Qahirə rayon və məhəllələrinin adlarından götürülmüş "Yeni Qahirə", "Xan əl-Xəlili" və "əl-Midaq küçəsi" romanları cəmiyyətin anatomiyasını Balzak və Qolsuorsisayağı açır, ənənəvi patriarxal ailələrin və həyat tərzinin yeni burjua münasibətləri şəraitinə necə və nəyin bahasına uyğunlaşdığını təsvir edir. "İlğım", "Başlanğıc və Con" romanlarından sonra 1955-57-ci illərdə ərəb ədəbiyyatına yeni nəfəs və səviyyə gətirmiş trilogiya işıq üzü görür: "Beynə-l-Qasreyn", "Qasru-ş-Şauq" və "əs-Sukkəriyyə" Məhfuzu nəslinin şəksiz liderinə çevirir. 1500 səhifəlik nəhəng əsər Əbd-ül-Cavad ailəsinin üç nəslinin həyatını təsvir edir. Trilogiya ona dövlət mükafatı gətirir. 1959-cu ildə yazdığı "Məhəlləmizin övladları" Misirdə qadağan edilir və yalnız Livanda çap olunur. Cəbəlavi (Dağlı - Allaha işarədir) ailəsi barədə roman Misirdə yalnız 2006-cı ildə nəşr edilir. Lakin Nəcib Məhfuz "talelərin zarafatı"na öz inadı və əməyi ilə cavab verir: "Oğru və itlər" (1961), "Bildirçin və payız" (1962), "Allahın dünyası" (1962), "Zəabələvi" (1963), "Yol" (1964), "Dilənçi" (1965), "Nil üzərində boşboğazlıq" (1966), "Miramar" (1967), "Qara pişik" barı" (1969), "Başlanğıcı və sonu olmayan hekayət" (1971), "Bal ayı" (1971), "Güzgülər" (1972), "Yağış altında sevgi" (1973), "Cinayət" (1973), "Karnak" (1974), "Hörmətli cənab" (1975), "Məhəlləmizin hekayətləri" (1975), "əl-Hərafiş dastanı" (1977), "Piramidanın alt pilləsi üzərində sevgi" (1979), "Şeytan moizə söyləyir" (1979), "Sevgi əsri" (1980), "Min bir gecənin gecələri" (1981), "Qübbədəki toylar" (1981), "Zamanın sonuna bir saat qalır" (1982), "İbn Fattumanın səyahəti" (1982), "Həqiqətlə yaşayan" (1985), "Rəhbərin qətl günü" (1985), "Aclıq" (1986) və "Sabahın və axşamın söhbətləri" (1987). Bu siyahıdan görünür ki, Nəcib Məhfuz ardıcıl və məhsuldar işləyən yazıçı idi.

2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş terror hadisəsini pisləyən Məhfuz onu da dərhal əlavə etmişdi ki, terrora qarşı silahla mübarizə əbəs və səmərəsiz yoldur, terroru doğuran səbəblər öz həllini tapmalıdır. Məhfuz daim mükalimə və anlaşmaya, barışığa və əməkdaşlığa çağıran bir insan olmuşdur.

XX əsrin əksər hadisə və fikir axtarışları Nəcib Məhfuzun daxili aləmindən və taleyindən keçib onun əsərlərində izini qoymuşdur. XX əsrin ən cahanşümul və təsirli hadisəsi nəzəriyyəsində əmək insanlarının bərabərliyi və həmrəyliyinə söykənən sosializm cəmiyyəti qurulması cəhdi olmuşdur. Şübhəsiz, dünyanın bir çox görkəmli zəka sahibinin şüuruna təsir etmiş sosializm ideologiyası Avropa ilə sıx əlaqələri olan Misir ziyalılarının da fikir aləminə yol tapmışdır. Ərəb dünyasında sosializm ideologiyasının ilk carçılarından biri fabiançı sosialist Səlamə Musanın əsərləri bütöv bir nəsil solçu ziyalı yetişdirmişdir. Keçən əsrdə Misirdə bir dəstə parlaq solçu mütəfəkkir və ədib ölkənin həyatında, xüsusilə cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində çox fəal iştirak etmişdi. Onların bəziləri əqidə naminə siyasi mübarizəyə girişmiş və zindanlara düşmüş, bəziləri siyasətlə "ehtiram məsafəsi" saxlayaraq fəal seyrçi mövqeyində qalmışdılar. Nəcib Məhfuz sosializm nəzəriyyəsini öyrənir, ona ciddi yanaşır və ondakı müsbət potensialı gerçəkliyin danılmaz tərkib hissəsi sayır. Lakin ondakı ərəb cəmiyyətlərinə olan yadlığı da görür. Xüsusilə siyasi şəraitə uyğunlaşan prezident Camal Əbd-ül-Nasir ölkədə "sosializm quruculuğunun" başlandığını elan etdikdən sonra Məhfuzun inamsızlığı güclənir və o, ölkədəki sözlə əməl arasındakı uçurumu cəmiyyətin əsas ziddiyyəti kimi, sosializm barədəki təbliğatı isə "Nil üzərində boşboğazlıq" təki təsvir etməyə başlayır.

XX əsrin digər mühüm məfkurə amili millətçilik olmuşdur. Ərəb dünyası Qərb müstəmləkəçiliyinə qarşı həm millətçilik, həm də islamçılıq silahı ilə qalxırdı. Məhfuzun daim axtarışda olan qəhrəmanlarının həyatında bu ideologiyalardan qaynaqlanan ideallar mütəmadi müzakirə edilirdi.

Məhfuzun həyatında dərin iz buraxmış ilk ictimai-siyasi hadisə 1919-cu ildə Səəd Zəğlul paşanın rəhbərliyi ilə ingilis müstəmləkəçiliyinə qarşı xalq hərəkatı olmuşdur. Yazıçı ömrü boyu bu dövrü xalqı birləşdirmiş şanlı və ülvi xatirələr çələngi kimi xatırlamışdır. 1953-cü ildə "Azad zabitlər" təşkilatının kral üsuli-idarəsini devirib respublika elan etməsi, ingilis qoşunlarını ölkədən çıxarması, Süveyş kanalını milliləşdirməsi, 1956-cı ildə xalqın İngiltərə-Fransa-İsrail üçlüyünün Misirə təcavüzünə qarşı müqaviməti, 1967-ci ildə İsrailin ərəb dövlətlərinə qarşı təcavüzü və ərəb ordularının biabırçı məğlubiyyəti, 1973-cü ilin "oktyabr müharibəsi", növbəti məğlubiyyət, lakin onun xalqa qələbə kimi təqdim edilməsi - bütün bunlar Məhfuzun qəhrəmanlarının taleyində öz əksini tapmışdır. Rəsmən müqəddəsləşdirilən silkli kral quruluşundan, guya, bərabərlik və ədalət təməlində qurulan "ərəb sosializmi" xülyasına, oradan prezident əs-Sadatın "yırtıcı kapitalizm" islahatlarına - budur bir əsr ərzində Misirin keçdiyi dolanbac ictimai-siyasi yolun sadə xəritəsi. Bütün bunlar baş verir və ya elan olunur, insanlar isə dəyişməz gerçəkliklə üz-üzə qalıb öz talelərini təkbaşına həll etməyə çalışırlar: həyatın mənasının dərki, çörək və təhlükəsizlik axtarışları, sevginin sirri, cəmiyyətlə itirilmiş ünsiyyət və insan iradəsinin hüdudları...

Nəcib Məhfuz mömin insan olmuşdur. Lakin o, Allaha imanında heç vaxt vasitəçilərə ehtiyac duymamışdır deyə din xadimlərinə çox laqeyd və şübhə ilə yanaşmışdır. Bəzi tədqiqatçılar Məhfuzun yaradıcılığının 1960-70-ci illərini "Allah axtarışı" dövrü saymışdır. Livanlı ədəbiyyatşünas Corc Tarabişi Məhfuz yaradıcılığına həsr etdiyi əsərinin adını hətta "Nəcib Məhfuzun rəmzi səyahətində Allah" qoymuşdur. Onun fikrincə, yazıçının əsərlərinin qəhrəmanlarının həyat qayəsi Allahı tapmaqdır. Həqiqətən də, Məhfuzun əksər qəhrəmanları həyatın mənasını, onun sirrini, səadət mənbəyini, əmin-amanlı sığınacağı, dünya nemətlərinin xəzinəsini və bütün dərdlərin dərmanını əsərlərdə müxtəlif rəmzi adlarla pərdələnən Allahda axtarmağa və tapmağa çalışırlar, lakin uğur qazana bilmirlər. Tarabişi Məhfuzun qəhrəmanlarının Allahı rəsmi islamda tapa bilməməsini dinin cövhərinin saxlanması şərti ilə onun islahatına dolayı çağırış kimi yozur. Əslində, Məhfuz Allahı kainatı və həyatı yaratmış əbədi-əzəli vücud kimi tanıyır, lakin onun gündəlik həyatda təsirini sezmədiyindən insan taleyinin müəyyənləşməsində əsas yükü onun öz iradəsinin və "qismət" adlanan təzahürün üzərinə qoyur. Məhfuzun möminliyinin əsas xüsusiyyəti onun insanları sevməsidir, insanlara böyük mərhəmətlə yanaşmasıdır. Bu baxımdan onun imanının təzahürü onu insana və təbiətə ülvi vücud kimi yanaşan İntibah rəssamlarına yaxınlaşdırır. Əsərlərində isə Allah əlçatmaz və dərkedilməz qalır.

Məhfuzun israilli tədqiqatçısı Sasson Somek də yazıçının əsərlərində Tanrı axtarışlarını ön plana çəkmişdir. İlk əsərlərində kasıbları müdafiə edən, onları məzlum, lakin nəcib insanlar kimi təsvir edən Məhfuz trilogiyadan sonrakı yaradıcılığında bütün diqqətini cəmiyyətin deyil, gerçəkliyin özünün doğurduğu faciələrə yönəldir. Yetkin Məhfuzun qəhrəmanları boz və cansıxıcı bir mühitdə, anlaşılmaz və amansız bir zəmanədə yaşayırlar. Faciələrin mənbəyi artıq ətraf mühitdə, başqalarında deyil, insanın daxili aləmində, ruhunda və vücudundadır. Bu baxış və yazı üslubuna görə Məhfuzu ekzistensialist yazıçıların cərgəsinə qoyurlar. Onun romanlarını Alber Kamyunun "Süqut" və "Yad" əsərləri ilə müqayisədə təhlil etməyə başlayırlar. Məhfuzun "Nil üzərində boşboğazlıq" əsərinin qəhrəmanlarından biri bilavasitə Kamyunun adını çəkir. Bu yanaşmada böyük həqiqət vardır, çünki bütün mövcud ictimai-siyasi təlimlərin insanları səadətə qovuşdurmaqda aciz olduğunu anlayan Məhfuz bu faciəvi mümkünsüzlüyün səbəbini insan övladının daxili aləmində axtarmağa başlamışdır. Bu oxşarlığın tipoloji müqayisə müstəvisində öyrənilməsi tamamilə qanunauyğun sayıla bilər. Lakin yazıçı bu oxşarlıqla kifayətlənməyib Şərq ədəbiyyatı üçün səciyyəvi olan "nəzirə" ənənəsinə də əl atır və açıq-aşkar Kamyunun əsəriylə səsləşən başlanğıcı ilə oxucunu birgə düşünməyə dəvət edir. "Dilənçi" romanı üçün konspekt sayıla biləcək "Zəabələvi" hekayəsini Məhfuz belə başlayır: "Günlər keçirdi. Mən çox dərdə mübtəla oldum, lakin hər dərdin əlacını və mənə müyəssər qiymətdə dərmanını asanlıqla tapırdım. Fəqət bir dəfə mən elə bir xəstəliyə tutuldum ki, onun dərmanını heç kəsdə tapammadım, qarşımdakı bütün yollar qapandı, məni çarəsizlik bürüdü". Bu parçanı Kamyunun "Süqut"u ilə müqayisə edək: "Elə həmin vaxt mənim səhhətim bir balaca pozuldu. Müəyyən heç nə yox idi, sadəcə, qəlbim sıxılırdı, əvvəlki xoş əhvalım çətinliklə qayıdırdı. Həkimlərə üz tutdum, mənə müxtəlif gücləndirici dərmanlar yazdılar. Bəzən özümə gəlib dirçəlirdim, lakin sonra yenə əvvəlki tövrüm qayıdırdı. Yaşamaq həvəsim sönürdü: adamın canı nədənsə ağrıyanda qəlbi də qüssədən sıxılır".

Məhfuzun dərin depressiyaya uğramış qəhrəmanları həyat mənasının axtarışlarında ekzistensializm fəlsəfəsinin təliminə tam uyğun olaraq əvvəlcə öz mütləq tənhalıqlarını anlayırlar, sonra isə həqiqəti həyatla ölüm arasındakı keçid anında dərk etməyə başlayırlar. Bu həqiqət nədir? O da nisbi və müxtəlifdir. Əgər 1965-ci ildə nəşr olunmuş "Dilənçi" romanının qəhrəmanı Ömər əl-Həmzavi hələ sağ ikən, fəqət ölümünün kandarında çarmıxa çəkilən İsa məsihin Allaha ünvanlanmış "Əgər məni sevirdinsə, bəs nə üçün məni tərk etdin!" nidasını xatırlayırsa, 10 ildən sonra yazılmış "Möhtərəm cənab" romanının qəhrəmanı Osman Bəyyumi ölüm ayağında həyatın mənasını artıq sufi fəlsəfəsinin əsas ehkamına uyğun anlayır: "Dünya - xəyalın kölgəsidir".

"Hörmətli cənab"ın qəhrəmanı Osman Bəyyumi həyatını böyük əzmlə böyük iddialara həsr edir, yaşlaşanda tənhalığın və mövcudluqla barışmağın labüdlüyünü dərk edir və özü üçün məqbərə tikdirir. Xəstələnmiş Osman ailə qayğısından xilas olmaq üçün xəstəxanaya köçməyi üstün tutur. Nə qədər faciəvi görünsə də, Nəcib Məhfuz, sanki, öz taleyini təsvir edirmiş: yaralandıqdan və ciddi xəstələndikdən sonra o da öz ailəsini və mənzilini tərk edib həyatının son illərini vəkili və dostu Nəbil Munir Həbibin evində keçirir və Qahirə xəstəxanasında 2006-cı il avqustun 30-da keçinir. Onu Qahirənin yeni rayonu olan Mədinət-un-Nasrın əl-Raşidan məscidində hərbi qarovulun yaylım atəşinin və Quran təlavətinin sədalarının müşayiəti ilə dəfn edirlər.

Nəcib Məhfuz Misirin və ərəb dünyasının ən nüfuzlu yazıçısı sayılırdı, beş nəsil yazıçı onu özünün ustadı bilirdi. Fəqət dünya onu az tanıyırdı, yalnız azsaylı şərqşünaslar onu oxuyur və tanıyırdı. Vəziyyət "AUC press" nəşriyyatı onunla müqavilə bağlayıb əsərlərini ingiliscəyə tərcümə etməyə başladıqdan sonra dəyişdi. Az sonra Nəcib Məhfuz Nobel mükafatı aldı və əsərləri 40 dilə tərcümə olundu. Dünyanın bir çox tanınmış ədibi və ədəbiyyatşünası mükəmməl və yetkin bir yazıçının, onlar üçün Məhfuzla tanışlığa qədər məchul qalmış bir dünyanı böyük məharətlə kəşf etdiyini söylədilər.

Oxucuya təqdim edilən iki kiçik həcmli roman Nəcib Məhfuzun ən yetkin dövrünün - 1970-ci illərin məhsuludur. "Məhəlləmizin hekayətləri" impressionist bir tərzdə yazılmışdır. Yazıçı cəmiyyətin kiçildilmiş modeli sayılan Cəmaliyyə məhəlləsini və onun sakinlərini fırçasını "talelərə və hadisələrə" yüngülcə toxunduraraq canlandırır. Süjetin ana xəttini qəhrəmanın böyüməsi və dəyişən zəmanəyə münasibəti, bu zəmanədə ənənəvi Qahirə məhəlləsinin uğradığı dəyişikliklər təşkil edir. Sufi təkiyyəsinin sona qədər məchul qalmış şeyxi, məhəllə sakinlərinin heyrətamiz və müəmmalı taleləri, sevgi deyilən qüvvənin əzəməti, ölüm deyilən hadisənin sirri... "Hörmətli cənab" isə Məhfuz əsərlərini yozmağı sevənlər üçün çox zəngin fürsət verən bir əsərdir. "Baş müdir" vəzifəsi nəyin rəmzidir? Həqiqətənmi yer üzündə ali vəzifəni özünə məqsəd seçmiş insanlar işlə, əməklə Allaha ibadət edir və həyatın əsl qayəsi vəzifə pillələri ilə yüksəlmək, insanlara hökmranlıq etməkdir? Osmanın könüllü imtina etdiyi qadınların kifayət qədər şəffaf adları nəyin rəmzidir? Seyyidə (Xanım) ailənin xanımıdır, yoxsa sıravi insan həyatının rəmzidir? Qədriyyə (Qismət) həyata müti münasibətin, adiliyə təslim olmanın rəmzidir? Ünsiyyə yeniliklə çulğalaşmış yeni həyata işarədirmi? Raziyə Əbd-ül-Xaliq (Allahın razı qulu) iddia və istəklərdən əl çəkmiş, taleyi ilə barışmış insan həyatının rəmzidir? Daim yüksəlməyə can atan və qurbanlar verən insanın taleyi adi həyatla barışmış insanların taleyindən nə ilə fərqlənir? Əgər bütün insanların sonu eynidirsə, onda hər fərdin həyatının və mücadiləsinin mənası nədədir?

Məhfuzun bu romanlarını oxuduqda ömrünün sonuna yaxın leysan yağışı kimi onun başına tökülən mükafatlara, fəxri doktor adlarına, prezident medallarına, fəxri təqaüdlərə və "dünya şöhrətinə" soyuqqanlı və seyrçi münasibətini təsəvvürə gətirmək çətin deyil. Nəcib Məhfuz əmək və mübarizəylə keçmiş həyatını çox müdrik və ləyaqətlə yaşamış, həyatın mənasını anlamağa çalışmış, fəqət gəldiyi nəticə çox sadə olmuşdur: HƏYATIN MƏNASI HƏYATIN ÖZÜNDƏDİR.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.