Yəqin ki, hər biriniz şəhərin boz divarlarında müxtəlif rənglərin harmoniyasından meydana gələn rəsm əsərlərini görmüsünüz. Bu incəsənət nümunələri necə meydana gəlir? Onu yaradan "gözəgörünməzlər" kimlərdir deyə düşünmüsünüzmü heç? Gecə, biz yuxuda olanda ləkəli divarlarımızı kimlər bəzəyir?
Heç bir maddi və mənəvi dəstək görmədən, qarşılıq gözləmədən öz daxili gözəlliklərini, şəxsi pozitiv enerjilərini bizimlə təmənnasız bölüşən bu qəhrəmanları tanıyırsınızmı? Gəlin sizi tanış edim. Müsahibimiz iki urban-artçı gənc - Yunis və Afsardır.
- Lap əvvəldən başlayaq. Urban-art nədir? Və onun son zamanlar geniş yayılmış qraffiti ilə fərqi nədən ibarətdir?
- Urban-art özündə müxtəlif subkulturaları birləşdirən bir məfhumdur. Onun daxilində qraffiti, street-art, installyasiyalar yer alır. Son zamanlar bu submədəniyyətin fərqli növləri meydana gəlib. Street-artla birbaşa əlaqəli olan bu növlərdə insanlar divarları bəzəyir, hətta zibil qutularından, tullantılardan müxtəlif arxitektura nümunələri əks etdirən əsərlər yaradırlar. Bütün bunlar müasir dövrümüzdə kifayət qədər yayılıb. Şəhərin daxilində mədəniyyətlə birbaşa əlaqəsi olan nə varsa, urban-artdır.
- Bəzən urban-artçıları vandal adlandırırlar. Bu yanaşma subyektiv olsa da, tez-tez rast gəlinən sindroma çevrilib. Buna münasibətiniz necədir?
- Bilirsiniz, bütün digər mədəniyyət, sənət, məşğuliyyət növləri kimi urban-art özü də onu reallaşdıran şəxsdən asılı olaraq dəyişir. Nəyisə məhv etməyi özünə amal seçmisənsə, sənə heç kim mane ola bilməyəcək və sən vandal olacaqsan. Yox əgər öz incəsənətini yaratmaq, insanlara öz ideyalarını ötürmək, street-artın intellektual tərəfini təqdim etmək istəyirsənsə, səni heç kim vandal adlandıra bilməz. Çünki sən bir işi meydana gətirmək üçün onun üzərində iki-üç saat işləyirsən, sonda meydana gələn məhsul isə bahalı muzeylərdə sərgilənən işlərdən heç də geri qalmır. Məncə, vandallıq fəaliyyət növündən yox, insanın özündən asılıdır.
- Müsahibəyə gəlmədən öncə urban art haqqında müxtəlif mənbələrdən məlumat əldə etdim. Oxuduğum bir çox mənbədə urban-artın küçə reklamlarına, şəhərdə yerləşdirilən irihəcmli ekranlara qarşı yönəldiyi vurğulanırdı. Həqiqətənmi reklamlar sizi bu qədər narahat edir?
- Ətrafımızda reklam kifayət qədərdir. Və onları yerləşdirərkən bizdən soruşan olmur ki, biz bu reklamları görmək istəyirik, yoxsa yox. Qrafitti bu reklamların protestosudur.
- Bu, sizi antikapitalist etmir ki?
- Müəyyən qədər antikapitalist etirazlar ola bilər. Bu, o demək deyil ki, bizim tək amalımız antikapitalist təbliğatı aparmaqdır. Qrafitti hər hansı bir ideyanı paylaşmaq, hər hansı bir mesaj ötürmək vasitəsidir. Buna şəxsiyyətin tamamlanması da demək olar.
- "Street"(küçə) sözü sizin üçün nə ifadə edir?
- "Street" sözü şəxsən mənim üçün hər şey deməkdir. Bu, həyat tərzidir. Elə insanlar var ki, onlar üçün küçə sözü avaralıqdan başqa heç nəyi ifadə etmir. Amma mənim üçün artıq beş ildir ki, küçə sözü böyük məna kəsb edir. Mən onunla yatır, onunla oyanır, onunla yaşayıram. Bütün əhatəm "street"dir, "street" bütün dünyadır. Məşğuliyyəti olmayan, boş vaxtı olan və bu vaxtı necə dəyərləndirəcəyini bilməyən bütün gənclərə küçələri tanımağı, küçələri sevməyi, küçədə özünü tapmağı məsləhət görürəm.
- Necə oldu ki, bu sahədə fəaliyyətə başladınız? Əsas stimulunuz nə oldu?
- Mən Sankt-Peterburqda yaşayanda urban-artla məşğul olan çoxsaylı dostlarım var idi. Mən orada uzun müddət yaşamağıma baxmayaraq, bu incəsənət növü ilə yaxından tanışlığım məhz Bakıya qayıtdıqdan sonra oldu. Bakıya gələndən sonra mən 28 May və Xətai tərəflərdəki divarlarda street-art nümunələri gördüm. O dönəmlərdə baş tutan "Touch the sky" layihəsi çərçivəsində həyata keçirilən bu işlər mənim diqqətimi cəlb etdi. Bu, məni ilhamlandırdı və mən street artı öz həyat stilim olaraq seçmək qərarına gəldim.
- Mən bildiyimə görə, bir işi tamamlamaq üçün ən az bir saata yaxın vaxt lazım olur. Tamamlayıb razı qalmadığınız işləriniz olubmu?
- Məndə həmişə belə olur. Çünki mənim özünütənqidim lazım olduğundan bir balaca artıq inkişaf edib. Mən öz işlərimin üzərində bir neçə saat çalışdıqdan sonra onu bəyənmirəm. Yan-yörəsini düzəltməyə çalışanda isə daha betər edirəm. Buna görə də gənclərə məsləhət görürəm ki, işi vaxtında dayandırın. İntuisiyanıza güvənin və artıq düzəlişlər etməyin.
- Əl işlərinizə baxdıqdan sonra insanda elə bir təsəvvür yaranır ki, bu gənclərin hər birinin incəsənət təhsili var...
- Yox, qətiyyən. Mənim ixtisasımın bu sənət növü ilə yaxından-uzaqdan bir əlaqəsi yoxdur. Qrafitti istedad tələb etmir. O, sərhəd tanımır. Lazım olan yeganə şey öz sərhədlərini məhdudlaşdırmayıb, çərçivələri məhv etməkdir. Öz üzərində işləyib çoxsaylı sketçlər hazırlamaq lazımdır. Əvvəl-axır nəsə alınacaq. İstedada ehtiyac yoxdur, əsas qorxulardan qurtulmaq lazımdır. İndi siz mənə desəniz ki, bir ev çək, mənim çəkdiyim ev beşinci sinif şagirdinin əl işindən heç də fərqlənməyəcək. Bu, rəssamlıq qabiliyyəti ilə bağlı deyil, bu, daxilini divarlara köçürməklə bağlıdır. Urban art elə bir incəsənət növüdür ki, sənin özünü əks etdirmək istəyin, arzun kifayətdir. Əgər sən bunu həqiqətən etmək istəyirsənsə, səndə alınacaq.
- Bəs sakinlərlə münasibətiniz necədir?
- Hər dəfə bizə yaxınlaşıb nəylə məşğul olduğumuzu, bunu niyə etdiyimizi soruşurlar. Bizsə onlarla çox mehriban danışır, öz ideyalarımızı izah etməyə çalışırıq. Bəziləri heç nə anlamadan başını yelləyib keçir, bəziləri çoxsaylı suallar verib yanımızda durur və necə işlədiyimizə baxır, hətta şəkil çəkdirir. Lakin aqressiv insanlara da rast gəlinir ki, o dəqiqə bizi qovmağa, işimizə mane olmağa çalışırlar. Bu, normaldır, ümumi rənglərdən fərqli bir rəng görən orta statistik vətəndaş bunu normal qarşılaya bilməz. Təəccüblü heç nə yoxdur.
- İşdən əvvəl eskizdən, sketçdən, hər hansı bir cızma-qaradan istifadə edirsiniz?
- Kifayət qədər təcrübəsi olmayan uşaqlar sketçlərdən, qaralamalardan istifadə edirlər. Onlar evdə adi vərəq üzərinə öz ideyalarını köçürüb işin necə olacağı ilə bağlı təsəvvür əldə edirlər. Amma çox işlədikdən sonra artıq sənin vərəqə, qaralamaya ehtiyacın olmur. Təcrübən artdıqca beynində o sketçi hazırlaya bilirsən.
- İşlərinizdə ötürülən əsas mesaj nədir?
- Biz etdiyimiz işə "şəxsiyyətin tamamlanması" deyə bilərik. Kimsə bunu ədəbiyyatda eləyir, kimsə də musiqidə. Biz isə urban-artda. Bu, insan ruhunun divarlarda əks olunmasıdır.
- Yaxınlarınızın, ailənizin bu fəaliyyətinizə münasibəti necədir?
- Bəzən ailələr öz övladlarını başa düşmürlər və ya başa düşmək istəmirlər. Mənim həyatımda bu tip problemlərə son qoyulub.
On səkkiz yaşına qədər bir çox gəncin üzləşdiyi əsas problem ailədəkilərin onu anlamamasıdır. Bilirsiniz, bizim əsas fəaliyyətimiz gecələr başlayır, insanlar yatanda biz şəhəri bəzəyirik. Elə uşaqlar var ki, yaşları kifayət qədər olmadığından və ya evdə onları anlamadıqlarından gecə evdən çıxa, rahat fəaliyyət göstərə bilmirlər. Yaş artdıqca sən artıq evdəkilərin razılığını almağın yollarını axtarırsan. Mən özüm anama işlərimdən qazandığım pulları, televiziyadakı çıxışlarımı göstərərək könlünü almışam. Atamla isə tam başqa cür danışdım. Ona dedim ki, bu, mənim bir hissəmdir, bu sənətlə mən özümü tamamlayıram.
Vaxt keçdikcə valideynləri yavaş-yavaş yola gətirmək lazımdır. Çünki yorğun-arğın hər hansı bir işi tamamlayıb evə qayıdanda valideynlərinin reaksiyası, işinin fotosuna baxıb təriflər dilə gətirməsindən gözəl heç nə ola bilməz.
- Fəaliyyətinizdə internetin rolu nə qədərdir?
- İnternetin rolu nəinki urban artın, eləcə də, ümumi mədəniyyətin inkişafında mühüm rol oynayır. Əvvəllər bir informasiyanı bölüşmək üçün müxtəlif əziyyətlərə qatlaşmaq məcburiyyətində idin. İndi isə bu, daha rahatdır.
Bizim həyatımızda internetin rolu əvəzedilməzdir. Çünki hər hansı işi tamamlayanda bilirsən ki, bu iş bir saat, bir gün, bir həftə sonra məhv olacaq, onu məhv edəcəklər. Amma sən onun fotosunu çəkib paylaşmağa müvəffəq olursan, internet vasitəsilə insanlarla bölüşə bilirsən.
- Bir işin tamamlanması üçün təxminən neçə saat lazım olur?
- İki cür iş var: bombing və sifariş işləri. Sifariş olanda leqal xarakter daşıyır, sən işin üzərində ürəyin istədiyi qədər işləyə bilirsən və zamana görə narahat olmursan. Belə olanda bir-iki gün çəkən işlər olur. Amma bombing - yəni illeqal fəaliyyət olan küçə işləri bir saat, iki saat çəkir.
Bombing-də əsas amal işi tamamlaya bilmək və hər hansı bir ideyanı ötürməkdir. Sənin işin keyfiyyətinə, gözəlliyinə diqqət yetirmək üçün vaxtın olmur. Şəhərin içində illeqal işləri bacardığın qədər tez bir zamanda işləyib tamamlamağa məcbursan.
- Sizi birləşdirən hər hansı bir təşkilat, qurum, birlik var?
- Yox. Bizim müxtəlif layihələrimiz olub, təşkilatlarla işləmişik. Amma rəsmi üzvlük, müqavilələr və sairə olmayıb. Bunu etmək istəmirik, çünki azad fəaliyyət göstərmək, kimdənsə asılı olmamaq istəyirik. Hər hansı bir təşkilata, quruma üzv olduqda bu qurumun məsuliyyətini, öhdəliklərini qəbul edirsən. Biz heç bir oyuna alət olmaq istəmirik. Əlimizdə olan çərçivəli imkanlar bəsimizdir.
- Sizə qoşulmaq istəyən yeni gənclərə münasibətiniz necədir? Əhatənizdə çoxmu adam var?
- Şəxsən mən çox ünsiyyətcil insanam. Mənə "Facebook"da onlarla gənc yazır. Hər birinə eyni mehribanlıqla cavab verirəm. Biz yeni uşaqlara açığıq. Bəzən mənə on iki-on üç yaşlı uşaqlar çoxsaylı sual ünvanlayırlar. Hər birinin sualına bir-bir cavab verməkdən zövq alıram. Çünki onların yaşında olanda mənim suallarıma cavab verən olmurdu. Biz yeni dostlara, həvəskarlara hər zaman açığıq. İstədikləri vaxt aramıza qoşula, bizdən istədikləri şeyi öyrənə bilərlər.
- Tədbirlər, festivallar təşkil edirsiniz?
-Dövlət səviyyəsində hər il keçirilən layihələrdə iştirak edirik. Özümüzün təşkil etdiyi tədbirlər isə underground xarakter daşıyır. Öz yaxınlarımızı yığıb əlli-yüz nəfərdən ibarət tədbirlər təşkil edirik. Bir-birini anlaya bilən insanların əhatəsində bu daha gözəl və əyləncəli keçir.
1937.az
Böyütmək üçün şəkillərə klikləyin.
DİGƏR XƏBƏRLƏR
- "Verilişimdən çıxıb gedən müğənni başını daşdan-daşa döyər" - VİDEO
- 9 uşağa birdən hamilə qaldı - bu dərmandan içmişdi
- "Ərim hədsiz dərəcədə QISQANIR" - VİDEO
- Röya bir gününü VİDEOya çəkdirib izləyiciləri ilə bölüşdü
- Məşhur avtomobil şirkəti elektromobilini geri çağırır: qəfildən qəzaya düşə bilərsiniz
- "O aparıcını Allaha tapşırmışdım, indi yaman gündədir" - VİDEO
XƏBƏR LENTİ
- "Verilişimdən çıxıb gedən müğənni başını daşdan-daşa döyər" - VİDEO
- 67 yaşlı qadın xəstəxanada öldü
- Arda Güler İngiltərə nəhənginə transfer olunur - İDDİA
- Paşinyan buna görə saqqalını qırxıbmış - FOTO
- 9 uşağa birdən hamilə qaldı - bu dərmandan içmişdi
- "Ərim hədsiz dərəcədə QISQANIR" - VİDEO
- Bu ölkə tamamilə yox olmaq ərəfəsindədir - Xəbərdarlıq - FOTO
- Paket çayın içindəki inanılmaz TƏHLÜKƏLƏR: həşərat dərmanı və...
- Ərə getmək arzusu baha başa gəldi - "WhatsApp"la 22 min manatını ələ keçirdilər
- Röya bir gününü VİDEOya çəkdirib izləyiciləri ilə bölüşdü
- Övladları 1-ci sinifə gedən valideynlərin NƏZƏRİNƏ
- Prezident fərman imzaladı
- Məşhur avtomobil şirkəti elektromobilini geri çağırır: qəfildən qəzaya düşə bilərsiniz
- Sumağın bilmədiyimiz faydaları
- "O aparıcını Allaha tapşırmışdım, indi yaman gündədir" - VİDEO
- 70 kq qızılla tutulan polkovnik-leytnantın SAXLANILMA ANI - YENİLƏNİB - VİDEO
- Xəstəxanada dəhşətli hadisə: Xəstənin gözləri yoxa çıxdı
- Banka əmanət yerləşdirərkən 3 nüansı unutmayın
- Kerem Aktürkoğluna İspaniya nəhəngindən sürpriz təklif
- Agentlik sədrinə müavin təyin olunan Xəyyam Məmmədov kimdir? - DOSYE
- "Gözəl qızlara güldandakı güllər kimi baxıram"
- Kluba əylənməyə gedən 17 yaşlı qız ÖLDÜ - atası müğənnidir - FOTO
- "ABŞ iflasa doğru sürətlə irəliləyir"
- Koreyalı hərbçilər Xarkovda - Savaşa hazırlaşırlar