Milli.Az 1937.az-a istinadən F.Yalquzağın yazısını təqdim edir.
"Məsələ burasındadır ki, mən on iki il sürəsində sprinter sürətilə marafon yürüşü etmişəm. Və indi, bu on iki illik yürüşdən sonra özümü sıxılmış limon kimi hiss edirəm."
Daşi Namdakov
Şaman mövzusu ilə əlləşdiyim vaxtlardı - bir gün əlimə təsadüfən Daşi Namdakovun əsərlərinin kataloqu keçdi. Əsərlər məni gerçəkdən çox maraqlandırdı. Bir neçə dəfə kataloqu vərəqləyib fotolara baxdım, heykəltəraşın yaradıcılığı ilə yaxından tanış oldum. Və təsirləndim. Etiraf edirəm ki, o zaman bir neçə tablomda Daşinin obrazlarından istifadə etdim.
Heykəltəraş əsəri bütöv bir kompozisiya kimi formalardan ibarətdir. Mən o formaları kətanlarımda verə bilməzdim, odur ki, müəyyən anlamda sintez etməli oldum. Yaradıcılığımın sonrakı dönəmində bu sintezlər önəmli rol oynadı. Buryat mədəniyyəti bizim əski türk mədəniyyətinə çox yaxın olduğu üçün müəyyən bir sürə məni məşğul etdi. Sonra yavaş-yavaş şamanlardan uzaqlaşmağa başladım, ancaq Daşinin yaradıcılığı bu gün də mənim üçün çox maraqlıdır.
Dünya incəsənəti, içərisində milyardlarla dollar dövr edən qlobal bir art-biznesdir - bu, həyatın reallığıdır. Ancaq bu bazarda məhz gerçək sənət əsərləri öz yüksək qiymətini tapır. Deyək ki, sən yaradıcılıq, yaxud bədii ifadə və ideya haqqında deyil, kommersiya haqqında düşünürsən, yaradıcılığında məhz maddi amillərə söykənirsən - bu zaman nə gerçək bir sənət əsəri yaratmağa nail olacaqsan, nə də ki kommersiya baxımından uğur qazana biləcəksən.
Adi bir buryat kəndində dünyaya göz açan Daşi bu gerçəklikləri çox tez anlamışdı. Hörmətli dəmirçi və zərgərlər nəslindən çıxan bu adam yaradıcılığının ilk dönəmindən öz ulusunun tarixinə, mədəniyyətinə bağlı olmuş və bu səpkidə onlarla dəyərli sənət nümunələri yaratmışdı.
Daşi Namdakov (Daşi Nima - "Uğurlu günəş") bütpərəstdir. Bu amil onun yaradıcılığında müstəsna rol oynayır. Daşi uşaqlıqdan tarixi ədəbiyyata böyük maraq göstərmiş, öz ulusunun köklərini, folklorunu araşdırmış və öyrəndiklərini yaradıcılığında başlıca meyar olaraq götürmüşdü.
Uşaqlıq dönəmində, hələ məktəbə gedən zaman müəllimləri onun dolğun fantaziyalarını görüb qeyd etmişdilər ki, bütün bunlar onun xəstə təxəyyülünün məhsullarıdır. Daşiyə nəsihət edirdilər: o, göylərdən yerə enməli, tarixin zibilliklərində eşələnməməliydi. Ancaq bu uşaq üçün çağdaş həyatda baş verənlər bir maraq kəsb etmirdi. Onun içində sanki bir vulkan qaynayırdı - bir gün bu vulkan püskürməli və onun bir-birindən maraqlı əsərləri lava kimi axmalıydı.
Daşi Namdakov yazırdı:
"Mənim çox zəngin dünyam var, deyərdim ki, o hətta nəhəng bir aləmdir. Orada istənilən ruhlara, heyvanlara, cismlərə rast gəlmək olar. Və ilk dəfə məktəbə ayaq basan zaman mənə dedilər: "Bütün dünyanı bu kağız parçasına yerləşdirmək olar. Qalan hər şeyi başından at, getsin. Bu sənin xəstə təxəyyülündür". Və dünya daralıb bu balaca kağız parçasına yerləşdi. Mənim indi 44 yaşım var və mən hələ də bu kağız parçasıyla mübarizə aparmalı oluram ki, dünyanın belə kiçik olmadığını sübut edə bilim"
Daşi Namdakovun ilk fərdi sərgisi 2000-ci ildə İrkutsk şəhərində keçirilib. O zamana kimi Daşi elə bilirdi ki, onun yaradıcılığı yalnız buryat, monqol xalqları üçün maraqlı ola bilər, çünki bu xalqları ortaq mədəniyyət birləşdirir. İrkutskdakı sərgi isə onun öz gümanında yanıldığını göstərdi: Daşinin yaradığı əsərlər ictimaiyyətdə böyük rezonans doğurdu. Onun heykəllərini və zərgərlik əsərlərini yüksək qiymətə almağa başladılar və Daşi tezliklə Moskvaya köçərək, burada yaradıcılığını davam etdirdi. Tezliklə onunla bütün dünya maraqlanmağa başladı - Daşinin Avropada, Asiyada və Amerikada sərgiləri açıldı.
Daşi öz əsərlərini yaradarkən bədii tökmədən, döymədən, qarışıq texnikadan istifadə edir. O, müxtəlif materiallarla işləyir: qızıl, gümüş, bürünc, mis, qiymətli daşlar, mamont sümüyü, at quyruğunun tükü, ağac və s. Onun heykəltəraşlıq, zərgərlik, qrafik və qobelen əsərlərində unikal müəllif üslubu hiss olunur. Daşinin üslubunun özülündə milli mədəniyyət elementləri, bütpərəstlik motivləri, Mərkəzi Asiya ənənələri yer alır.
Mən öncələr elə bilirdim ki, Daşi yalnız miniatür zərgərlik nümunələri, yaxud kiçik və orta ölçülü heykəltəraşlıq əsərləri yaradır. Onun yaradıcılığı ilə diqqətlə tanış olandan sonra gördüm ki, sən demə, Daşinin monumental heykəltəraşlıq əsərləri də var və onlardan biri - "Çingizxan" Londonun mərkəzi parklarından birində quraşdırılıb. Daha bir monumental heykəl isə Qazaxıstanda prezident Nursultan Nazarbayevin sifarişi əsasında hazırlanıb dikəldilib.
Daşi Namdakov yazırdı:
"Biz buryatlar həyatımızı 12 illik dönəmlərə bölürük. Hər 12 ildən bir həyatımızda yeni mərhələ başlayır. Mənim üçün 12 illik marafon dönəmi bitəndən sonra gücümü yenidən bərpa etmək ehtiyacı yarandı. Mən həm də bu dönəmin nəticələrini gözdən keçirmək istəyirdim".
Daşinin Tatarstan prezidenti Şaymiyev tərəfindən sifariş olunub İtaliyada hazırlanmış "Keşikçi" əsəri Bolqar şəhərində quraşdırılmalıydı. Bu monumental heykəldə nəhəng dişi bəbir təsvir olunub. Tatarıstanın din xadimləri Bolqar şəhərində belə bir heykəlin quraşdırılacağından xəbər tutan kimi hay-küy salmağa başladılar. İmam-Xatıb məscidinin imamı Rafiq Şabanov bu əsərin dikəlməsinin yolverilməz olduğunu söylədi: "Müsəlman torpaqlarında, müsəlmanların yanında heykəl ola bilməz. Bu barədə hətta söhbət də gedə bilməz. İndi Bolqar şəhərində məscidin bərpası gedir ki, müsəlmanlar öz ibadətlərini etsinlər. Burada öncələr də məscid olub, ilk dəfə islamı biz bu şəhərdə qəbul etmişik, heykəllərin isə müsəlman mədəniyyətinə heç bir aidiyyatı yoxdur. Bəlkə, kimin üçünsə bu heykəl, doğrudan da, keşikçidir, ancaq bizim keşikçimiz Allahdır".
Rafiq Şabanovdan başqa daha 10 dindar da öz qəti etirazını bildirdikdən sonra heykəlin quraşdırılması təxirə salındı. Daşi Namdakov bundan təəsüfləndiyini bildirdi və qeyd etdi ki, Tatarıstanda heykəl qoymaq onun ideyası deyildi, yeri də o seçməmişdi. Əgər öncədən ona yeri göstərsəydilər, bəlkə, daha münasib bir heykəlin layihəsini verərdi. Hal-hazırda bu məsələnin üstü açıq qalıb.
Daşi Namdakovun əsərləri müxtəlif ölkələrin muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır. Rusiya prezidenti Putinin kolleksiyasında onun bir əsəri var. Bundan başqa, Gerxard Şrederin, Lujkovun, Şaymiyevin kolleksiyalarında da Daşinin əsərləri yer alır. Məşhur Hollivud aktrisası Uma Turman isə onun zərgərlik əsərlərinin vurğunudur və bu əsərlərdən bir neçəsinə sahibdir.
Yazımın sonunda onu da söyləyim ki, Daşi Namdakov 2007-ci ildə çəkilən "Monqol" filminin bədii tərtibatı ilə məşğul olub və bu işinə görə 2008-ci ildə "Nika-2008" və "Ağ fil" mükafatlarına layiq görülüb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.