Maraqlı

Milyarder ata qızına görə 133 milyon dollar verməyəcək

1 Fevral 2014 13:15
1 Şərh     Baxış: 1 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Qızımı özünə aşiq edərək onunla evlənəcək kişi axtarıram" deyən milyarder ata şərtini yerinə yetirəcək şəxsə 133 milyon dollar mükafat vəd etmişdi.

İndi isə honkonqlu iş adamı, multimilyarder Sesil Çao fikrindən daşınıb və mükafatı ləğv edib.


Milli.Az CNN-ə istinadən bildirir ki, Honkonqun ən zəngin iş adamlarından biri, 77 yaşlı milyarder Sesil Çaonun qızı Qiqi atasına məktub yazaraq şəxsi həyatına müdaxilə etməməsini tələb etmişdi.
 

33 yaşlı Qiqi Çao uzun illərdən bəri birlikdə yaşadığı "sevgilisi" Şin İv ilə 2012-ci ildə Fransada evlənib.

İki qadının nikahı Parisdə rəsmiləşdirilib.

Ata Sesil Çao isə bundan çox narazı qalaraq qızını ərə vermək niyyətində idi.
 

O, qızı ilə evlənəcək kişiyə Qiqinin cehizindən savayı, 133 milyon dollar mükafat verəcəyini də bəyan etmişdi.

"Bu bəyanatımdan sonra yüzlərlə, minlərlə ağıllı, dəyərli gənclərdən təklif gəldi. O təklifləri qızım dəyərləndirməlidir", - Sesil Çao BBC-yə verdiyi müsahibəsində demişdi.
 

Lesbiyan Qiqi Çao isə milyarder atasının belə davranışından çox narazıdır.
 

Qiqi Çaonun milyarder atasına ünvanladığı məktub Honkonq mediasında dərc olunmuşdu.

"Ata, ətrafımda ağıllı, pullu, yaxşı kişilər çoxdur. Amma onlardan birinə ərə getmək fikrim yoxdur. Artıq anla ki, mən ailə qurmuşam. Təbii, atam olduğun üçün yaxşılığımı istəyirsən və mən də sənin bəxtəvər olmağından başqa heç nə istəmirəm.
 

Lakin şəxsi həyatım müzakirə məsələsi olanda mənimlə bağlı müəyyən gözləntilərini qəbul etmirəm. Ailə qurduğum qadının səninlə dünyanın ən yaxşı dostları olacağınızı gözləmirəm. Lakin bu nikahdan qorxmaq əvəzinə olanları normal qəbul etsən, mənə dünyanı vermiş olarsan.

Lesbiyan olmağımı Honkonqda özümə ər qismində yaxşı kişi tapa bilməməyimlə bağlayıb səni aldatdığım üçün üzr istəyirəm. Amma ata... Bu, mənim həyatımdır. Ata, məndən əl çək!" - Qiqi Çao yazmışdı.
 

77 yaşlı Sesil Çao CNN-ə verdiyi müsahibəsində fikrini dəyişdiyini deyib: "Əgər qızım belə istəyirsə, olsun. Əminəm ki, qızımın cinsi seçimi vaxt keçəndən sonra dəyişəcək. Mükafata gəldikdə isə... Heç kim düşünməsin ki, pulumdan istifadə edərək qızımın bəxtəvərliyini satın almaq istəyirəm. Qızım özü bəxtəvər olmalıdır. Mən, sadəcə, pulumdan yararlanıb qızımın səadət içində yaşamasını istəyirəm, Qiqi hələ 33 yaşdadır. Həyat dəyişir. Yəni onu demək istəyirəm ki, mən də 33 yaşda olduğum vaxtımla müqayisədə çox dəyişmişəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.