Ölkə

Rumıniya 2028-ci ildə TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:53
Baxış: 257
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Rumıniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyasının (ANEVAR) ofisində təşkilatın görüş keçirib.

Milli.Az xəbər verir ki, görüşdə təşkilatın prezidenti Ioan Bercu, 2024-2025-ci illərdə ANEVAR-ın prezidenti olmuş Adrian Popa Bochiş, ANEVAR-ın əməkdaşı Elena Apostolescu  və Azərbaycanın Rumıniyadakı səfirliyinin nümayəndəsi iştirak edib.

Görüşdə AQC və ANEVAR-ın fəaliyyəti, təşkilatların inkişaf istiqamətləri, beynəlxalq əlaqələr və Azərbaycanla Rumıniyanın qiymətləndiricilərinin birgə həyata keçirə biləcəyi layihələr müzakirə olunub. Tərəflər iki ölkənin peşəkar təşkilatları arasında əlaqələrin genişləndirilməsi, qiymətləndirmə sahəsində təcrübə mübadiləsi və Azərbaycan qiymətləndiricilərinin Avropa qiymətləndirmə məkanına inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparıblar.

media-772707690-jpg

Səmimi və dostluq şəraitində keçən görüşdə peşəkar əlaqələrin möhkəmləndirilməsinə, qabaqcıl təcrübələrin paylaşılmasına və qarşılıqlı əməkdaşlığın konkret nəticələr verməsinə xüsusi diqqət yetirilib. AQC İdarə Heyətinin sədri Vüqar Oruc çıxışında Azərbaycan və Rumıniya qiymətləndiriciləri arasında təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, hər iki təşkilatın idarəetmə quruluşu, fəaliyyət mexanizmləri və peşəkar inkişaf istiqamətləri üzrə əməkdaşlığın qarşılıqlı fayda verəcəyini bildirib.

Görüşün əsas məsələlərindən biri 2028-ci ildə Avropa Qiymətləndiricilər Assosiasiyaları Qrupunun (TEGoVA) toplantısının Bakıda keçirilməsi təşəbbüsü olub. Tərəflər oktyabrın 21-25-də keçiriləcək TEGoVA toplantısında Rumıniya tərəfinin bu təşəbbüsü dəstəkləməsi ilə bağlı mövqelərini razılaşdırıblar.

media-aqc1

2028-ci il Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yaranmasının 30 illiyinə təsadüf edir. Bu baxımdan, TEGoVA toplantısının Bakıda keçirilməsi AQC-nin yubileyinin Avropanın qiymətləndirmə təşkilatlarının iştirakı ilə qeyd olunması üçün də mühüm fürsət yaradacaq. Görüşdə belə bir tədbirin həm Azərbaycan qiymətləndirmə sektorunun beynəlxalq əlaqələrinin genişləndirilməsinə, həm də ölkəmizin Avropa qiymətləndirmə ictimaiyyətində mövqeyinin güclənməsinə töhfə verəcəyi vurğulanıb.

ANEVAR rəhbərliyi, eyni zamanda, AQC rəhbərliyini 2027-ci ildə Rumıniya təşkilatının 35 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etməyə dəvət edib. Dəvət iki ölkənin peşəkar təşkilatları arasında münasibətlərin daha da möhkəmləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilib.

media-aqc

Görüşün sonunda Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ilə ANEVAR arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi AQC adından İdarə Heyətinin sədri Vüqar Oruc, Rumıniya tərəfdən isə ANEVAR prezidenti Ioan Bercu imzalayıb. Memorandum qiymətləndirmə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsini, peşəkar əlaqələrin möhkəmləndirilməsini, birgə təşəbbüslərin həyata keçirilməsini və beynəlxalq əməkdaşlığın inkişafını nəzərdə tutur.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri Azərbaycanda milli qiymətləndirmə standartlarının hazırlanmasıdır. Tərəflər 54 saylı Milli Qiymətləndirmə Standartları Komitəsinin fəaliyyəti çərçivəsində Rumıniyanın təcrübəsinin komitə üzvləri ilə bölüşdürülməsi və milli qiymətləndirmə standartlarının hazırlanmasının yekunlaşdırılmasına dəstək göstərilməsi barədə razılığa gəliblər. ANEVAR-ın bu istiqamətdə təcrübə və metodoloji dəstəyi milli qiymətləndirmə standartlarının hazırlanması prosesinə töhfə verəcək, Azərbaycanda qiymətləndirmə sisteminin təkmilləşdirilməsinə kömək edəcək.

Görüş zamanı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin TEGoVA-ya üzvlüyə qəbul olunması münasibətilə AQC rəhbərliyi təbrik edilib. Qeyd olunub ki, bu üzvlük Azərbaycan qiymətləndiricilərinin Avropadakı həmkarları ilə əlaqələrinin genişlənməsi, beynəlxalq təcrübədən daha geniş yararlanması və peşəkar standartların inkişafı üçün yeni imkanlar açır.

Səfər çərçivəsində qarşılıqlı xatirə hədiyyələri də təqdim olunub. Vüqar Oruc ANEVAR-ın kitabxanasına "Qiymətləndirmə" jurnalının ilk nömrəsini hədiyyə edib. Bununla yanaşı, Azərbaycan və Avropa qiymətləndiriciləri arasında əlaqələrin və inteqrasiyanın inkişafına göstərdiyi dəstəyə görə Adrian Ioan Popa Bochişə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti adından təşəkkürnamə təqdim edilib.

media-1def9dc5-e9d6-447b-889d-2a5b386001cd media-4d7fd4cb-d7b2-434c-b4ea-93924d3a0e7d

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.