Maraqlı

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

7 Noyabr 2026 06:06
Baxış: 40
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyi üçün alınıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki,  2016-cı ildə İngiltərənin Midlends bölgəsində keçirilən hərracdan alınan, hündürlüyü 9 santimetr olan çaydanlıq əvvəlcə 1766-1800-cü illər arasında Midlseksdə istehsal edilən Isleworth keramika nümunəsi kimi təqdim olunub.

Lakin qulpu qırılmış və qapağı olmayan əşyanın bu təsvirə uyğunluğuna şübhə edən kolleksiyaçı onu Solsberidəki Woolley and Wallis hərrac evinə aparıb.

Mütəxəssis Kler Danhemin araşdırması zamanı çaydanlığın üzərindəki mavi-ağ naxışlar və palma ağacı təsviri diqqət çəkib. Bu əlamətlər əsərin 1763-cü il ətrafında İngiltərədən Cənubi Karolinaya köçən stafordşirli dulusçu Con Bartlamın istehsalı ilə əlaqəli olduğunu üzə çıxarıb.

Araşdırmalar çaydanlığın 1765-1769-cu illər arasında ABŞ-ın Cənubi Karolina ştatındakı Keyn Hoy bölgəsində istehsal edildiyini göstərib. Bu tarixləndirməyə əsasən, əşya Amerika qitəsində hazırlanaraq günümüzə qədər gəlib çatan ən qədim çini çaydanlıq hesab olunur.

Bartlamın emalatxanası ilə əlaqələndirilən və bu günə qədər qorunub saxlanılan cəmi səkkiz çini nümunəsi məlumdur. Onların arasında bu çaydanlıq Bartlamın istehsalı olduğu bilinən yeganə çaydanlıqdır.

Əşyanın üzərində Cənubi Karolinanın simvollarından sayılan cırtdan palma ağacının təsviri var. Onun hazırlanmasında bölgədəki çeroki gilindən istifadə edildiyi bildirilir.

Çaydanlığın bir tərəfində palma ağacının altında durna quşları və qayıqlar, digər tərəfində isə Çin üslubunda işlənmiş "Körpüdəki adam" təsviri yer alır.

Arxeoloji araşdırmalar Bartlamın emalatxanasının 1770-ci ildə Filadelfiyada fəaliyyətə başlayan American China Manufactory müəssisəsindən daha əvvəl işlədiyini də göstərir.

Hərracdan əvvəl çaydanlığın 10-20 min sterlinq arasında satılacağı ehtimal edilirdi. Lakin gərgin təklif yarışından sonra əsər Londonlu sənət taciri Rod Celliko tərəfindən Metropolitan İncəsənət Muzeyi adından 575 min sterlinqə alınıb.

Beləliklə, kolleksiyaçının 15 sterlinqə aldığı sınıq çaydanlıq hərracda ilkin alış qiymətindən dəfələrlə baha satılıb. Hazırda tarixi əsər Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyinin 723 nömrəli qalereyasında nümayiş etdirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.