Maraqlı

Səhər oyanan kimi çarpayısını yığışdıran hər kəsin diqqətinə

11 Avqust 2026 08:08
Baxış: 459
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İngiltərədəki Kingston Universiteti tərəfindən aparılan tədqiqat səhərlər çarpayını dərhal yığışdırmaq əvəzinə açıq qoymağın ev tozunda olan gənələrin sağ qalmasını çətinləşdirdiyini və daxili məkanın hava keyfiyyətini artırına biləcəyini göstərib. Müxtəlif mədəniyyətlərdə intizam, səliqə və gündəlik uğurun simvolu hesab edilən "çarpayını yığışdırmaq" əməli tənəffüs sağlamlığı və daxili məkan allergenləri baxımından yeni bir müzakirəni gündəmə gətirib. Araşdırmalar səliqəli görünən çarpayının gecə boyu yığılan istiliyi və nəmi hərəkətsiz saxlayaraq mikroskopik canlılar üçün əlverişli mühit yaratdığını göstərir.

Milli.Az xəbər verir ki, ətraf mühit üzrə mühəndis-tədqiqatçı Dr. Stiven Pretlovun rəhbərlik etdiyi Kingston Universiteti tədqiqat qrupu toz gənələrinin yataq içindəki istilik və nəm dəyişikliklərinə necə reaksiya verdiyini incələyib. Aparılan araşdırmalarda yuxu zamanı insan bədənindən yayılan nəm və istiliyin dərhal yığışdırılan yorğan və mələfələrin altında qaldığı müəyyən edilib. Bir böyük insanın gecə boyu tərləmə və tənəffüs yolu ilə orta hesabla bir litr maye itirdiyi qeyd edildiyi halda; qalın yorğanlar, izolyasiya edilmiş otaqlar və yetərsiz havalandırma ilə birləşən bu mühitin gənələr üçün ideal bir mikroklimat yaratdığı bildirilib. Çarpayının açıq qoyularaq təbii hava axınına məruz qalması halında isə nəmin buxarlandığı və gənələrin yaşayış mühitinin pozularaq saylarının azaldığı qeydə alınıb.

Əldə edilən məlumatlara görə, orta hesabla bir çarpayında təxminən 1,5 milyon toz gənəsi yaşaya bilər. Dünyada ən yaygın daxili məkan allergen mənbələrindən biri olan gənələrin ifrazat hissəcikləri asqırma, burun qıcıqlanması, allergik rinit, xroniki sinusit və astma kimi tənəffüs yolu xəstəliklərini tətikləyə bilər. Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun məlumatları cəmiyyətin 10%-dən 20%-ə qədərinin toz gənəsi allergenlərinə qarşı həssas olduğunu və şikayətlərin adətən pis havalandırılan yataq otaqlarında uzun müddət qalındıqdan sonra artdığını göstərir.

Mütəxəssislər yataq təmizliyi və gigiyena qaydalarından əl çəkilməməsini vurğulayarkən, çarpayını yığışdırmaq əməli üçün "strateji gecikmə" tövsiyə ediblər:

Çarpayını oyanan kimi örtmək əvəzinə, nəmin buxarlanması üçün bir neçə saat açıq saxlayın.

Yorğanı kənara çəkərək və pəncərəni aralayaraq yataq ilə mələfələrin hava almasını təmin edin.

Yataq dəstlərini 1-2 həftədən bir isti suda yumaya, çarpayını tozsoranla təmizləməyə və gənə keçirməyən üzlüklərdən istifadə etməyə davam edin.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.