Maraqlı

Dünyada ən çox piyada gəzməyi sevən ölkələr məlum oldu

9 Yanvar 2026 21:49
Baxış: 572
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Texnologiyanın inkişafı və nəqliyyat vasitələrinin əlçatanlığı fiziki aktivliyi azaltsa da, bəzi ölkələr hələ də piyada gəzintini gündəlik həyatın ayrılmaz hissəsi kimi qoruyub saxlayırlar. "Stanford" Universitetinin apardığı genişmiqyaslı araşdırma çərçivəsində, smartfonlardakı addımölçən məlumatları təhlil edilərək dünyanın "ən çox addımlayan" ölkələri müəyyən edilib. Araşdırma insanların hərəkət vərdişləri ilə sağlamlıq və şəhər infrastrukturu arasındakı birbaşa əlaqəni ortaya qoyur.

Milli.Az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, dünyanın ən çox addım atan ölkəsi Honq Konqdur. Buradakı insanlar gündə orta hesabla 6880 addım atırlar. Honq Konqu Çin, Ukrayna və Yaponiya izləyir. Bu ölkələrdə piyada gəzintinin bu qədər yüksək olması həm güclü piyada infrastrukturu, həm də ictimai nəqliyyatın istifadəsinin geniş yayılması ilə izah olunur. İnsanlar gündəlik işlərinə gedərkən və ya ictimai nəqliyyat dayanacaqlarına çatmaq üçün xeyli məsafə qət edirlər.

Türkiyə bu siyahıda orta sıralarda qərarlaşıb. Statistik məlumatlara əsasən, Türkiyədə bir nəfər gün ərzində orta hesabla 5057 addım atır. Bu göstərici ilə Türkiyə siyahıdakı 46 ölkə arasında orta mövqedə yer alır. Türkiyənin göstəricisi Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıq kimi ölkələrlə oxşar səviyyədə olsa da, piyada gəzinti mədəniyyətinin daha yüksək olduğu Avropa və Asiya ölkələrindən geri qalır.

Alimlər bildirirlər ki, insanların az və ya çox gəzməsi təkcə şəxsi seçim deyil, həm də şəhərlərin necə planlaşdırılması ilə bağlıdır. Səkilərin genişliyi, təhlükəsiz keçidlər və parkların çoxluğu insanları daha çox addımlamağa sövq edir. Araşdırmanın ən diqqətçəkən tərəfi isə piylənmə (obezite) dərəcəsi ilə bağlıdır. Piyada gəzintinin az olduğu ölkələrdə piylənmə riskinin və ürək-damar xəstəliklərinin daha yüksək olduğu elmi şəkildə təsdiqlənib.

Siyahının ən son sıralarında İndoneziya, Səudiyyə Ərəbistanı və Malayziya yer alır. Məsələn, İndoneziyada orta gündəlik addım sayı cəmi 3513-dür. Mütəxəssislər bu ölkələrdəki aşağı aktivliyi isti iqlim şəraiti və piyada infrastrukturu yerinə avtomobil yönümlü şəhər planlaması ilə əlaqələndirirlər.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.