Maraqlı

Azərbaycan daha uzunömürlülər diyarı sayılmır?

2 Dekabr 2023 19:00
Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Müharibə ölkənin həyatına, onun hər bir sferasına mütləq şəkildə təsir edir"

Dünya İqtisadi Forumunun "Qlobal Gender Fərqi" indeksinə görə, Azərbaycan 146 ölkə arasında 101-ci yerdə qərarlaşıb. Bu barədə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı "Azərbaycanda DİM-in Maliyyələşdirilməsi" ilə bağlı dərc olunan hesabatında qeyd olunub.

İqtisadi iştirakçılıq və imkanlara görə, Azərbaycan 146 ölkə arasında 36-cı, təhsil nailiyyətinə görə 55-ci, siyasi səlahiyyətlərə görə 135, sağlamlıq və uzunömürlülüyə görə 144-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, bu indeks müxtəlif ölkələrdə qadınların iqtisadi iştirakı, imkanları, təhsil səviyyəsi, sağlamlıq, uzunömürlük və s. göstəricilərinə əsasən onların rifahının müqayisəli təhlili əsasında hazırlanıb.

Amma məlumdur ki, Azərbaycan həmişə uzunömürlülər diyarı kimi tanınıb. İndi nədən sonuncu yerlərdə qərar tutmuşuq?

Onu da əlavə edək ki, 2020-ci ildən sonra Azərbaycanda 80 və yuxarı yaşda olan şəxslərin sayında azalma baş verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda 80 və yuxarı yaşda olan şəxslərin sayı 150 100 nəfər olub. Ölkəmizdə "uzunömürlülər" adlandırılan belə şəxslərin sayı sonrakı üç ildə xeyli aşağı düşüb. Belə ki, 2021-ci ildə 80 və yuxarı yaşda olan şəxslərin sayı azalaraq 146 900 nəfərə enib. 2022-ci ildə isə "uzunömürlülər"in sayı 140 600 nəfər olub.

Nəhayət, 2023-cü ildə 80 və yuxarı yaşda olan şəxslərin sayı hələ ki 132 100 nəfər kimi rəsmiləşdirilib.

Milli.Az bildirir ki, mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat"a danışıb: "Bu göstəricilərin bu şəkildə olması bir neçə amillə bağlıdır. Öncə qeyd edim ki, son illərə qədər Azərbaycanda xeyli sayda insan məcburi köçkün, qaçqın vəziyyətində yaşayıb ki, bu da ciddi şəkildə insanların ömrünə təsir edib.

Qarabağın özündə erməni cəlladları tərəfindən xeyli sayda insanlarımız məhv edilib ki, bu da statistikaya təsir edir.  Həmçinin Azərbaycan əhalisinin bir hissəsi miqrasiya vəziyyətindədir, Rusiyaya gedib, orada şikəst olanlar, ölənlər var. Təbii ki, bu da təsir edən amillərdən biridir.

Onu da qeyd edim ki, hazırda bütün dünyada qidalanma, ekologiya ilə bağlı ciddi problemlər var ki, bu da ciddi xəstəliklərin artmasına, ömrün qısalmasına təsir edir. Doğrudur, indi dünyada bir sıra cərrahi əməliyyatlar keçirilir, məsələn, ürəklə bağlı, bunun sayəsində ayrı-ayrı insanların ömrü uzanır, amma bütövlükdə insanlar öz fizioloji imkanlarına uyğun ömrünü yaşaya bilmir. Hazırda ürək-damar, psixoloji, onkoloji xəstəliklər artıb ki, bu da ömrü qısaldan amillərdən biridir".

Tanınmış həkim Zülfüqar Yusifov isə qeyd edib: "Qeyd olunan statistikada rəqəmlərin normal olduğunu qəbul etsək, dönüb geri, son 30 ilə baxmağımız yetərlidir ki, insanların həyat keyfiyyətinin niyə aşağı düşməsi, uzunömürlüyün azalmasının səbəblərini tapa bilək. Bunlardan birincisi elə müharibə faktorunu qeyd etmək olar.

Müharibə ölkənin həyatına, onun hər bir sferasına mütləq şəkildə təsir edir. O da məlumdur ki, insanlarımız 30 il məcburi, köçkün şəraitində yaşayıb, illərlə qurduqları həyat şəraitini sıfırlayıb, yenidən başlayıblar ki, bu çox ciddi adaptasiya mexanizmləri, ciddi sosial-iqtisadi streslər, fiziki mənada itkilər tələb edir. Qarabağ müharibələrində nə qədər oğullarımız şəhid olub, müharibə iqtisadi inkişafa ciddi təsir edib, işsizlik yaranıb. Yəni 30 il ərzində hər günü streslə yaşayan millət, xalq olmuşuq. Üstəlik də bu streslərin qurbanları əsasən orta yaşlı və yaşlı insanlardır ki, bu da onların ömürlərinin qısalmasına təsir edir.

Çox şükür ki, biz artıq qələbə çalmışıq, ölkəmiz artıq işığa doğru irəliləməkdədir. Düşünürəm ki, bundan sonrakı statistikalar Azərbaycan insanının uzunömürlülüyü ilə yadda qalmış olacaq".

Araşdırmalar onu göstərir ki, dünyanın ən uzun ömürlü insanları isə Honq Konqda yaşayırlar. Belə ki, burada doğulan bir qız uşağı orta hesabla 86 il ömür sürür.

Avropa ölkələrdən isə Fransa, İspaniya, İsveçrə sakinləri ortalama 85 il ömür sürürlər. Avstraliya, İslandiya, İtaliya, Cənubi Koreyada, Sinqapur kimi ölkələrdə isə bu göstərici 84 ildir. Birləşmiş Krallıqlarda orta yaş həddi 81 ilə qədər davam edir.

Uzunömürlü ölkələrə nəzər saldıqda məlum olur ki, kişilər qadınlardan 6 il az yaşayırlar. San Marino, Honk Konq, İslandiya, Avstraliya, İsrail, Yaponiya, İsveçrə kimi ölkələrdə  kişilərin orta yaş həddi 80-ni keçir.

Malta, Hollandiya, Norveç, Sinqapur, İspaniya və Birləşmiş Krallıqlar  sakinləri isə 1 il az - 79 il  yaşayırlar. 78 il yaşayan ölkələrə isə Avstriya, Fransa, İrlandiya, Lüksemburq və Qətəri misal göstərmək olar. 

Türkiyədə orta hesabla qadınlar 76,  kişilər  71 il yaşayırlar. Ən qısa ömür sürən xalqlar isə Afrikada yaşayır. Bu baxımdan antirekord Lesota krallığına məxsusdur. Bu ölkənin sakinlərinin orta ömru 47 yaşı keçmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.