Maraqlı

Həftə sonu Bakıdan çıxmadan dincələ biləcəyiniz 6 məkan - Qiymətlər, təkliflər - FOTO

30 Aprel 2022 04:22
0 Şərh     Baxış: 10 680
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq yaz gəlib. Havalar isinib. Həftə içi işləyən insanların həftə sonu yorğunluqlarını çıxartmaq, dincəlmək üçün şəhərdən çıxmadan dincələ biləcəyi məkanlara, xüsusilə təbiət qoynuna ehtiyacı var. 

Qaynarinfo bunu nəzərə alaraq sizə həftəsonu şəhərdən çıxmadan istirahət edə biləcəyiniz məkanları təqdim edir. 

1. Balıqlı göl

Binədə yerləşən "Azərsun"un istirahət mərkəzi "Balıqlı göl" piknik üçün uyğundur.

Bu məkana giriş üçün ödəniş adam başına alınır. Əraziyə giriş hər adam üçün 5 manatdır. 6 yaşına qədər uşaqlar üçün isə pulsuzdur. 

Məkanda əyləşmək üçün çardaqlar var. Bu çardaqların kənarı açıq olanı 10 azn, kənarları qapalı olanı 20 azn, tam qapalıları isə 30 azn-dir. Bu çardağın içində dincəlmək üçün taxt, döşəkçələr var. Hər üç çardaqda manqal və bulaqdan istifadə pulsuzdur. Qapalı çardaqda isə əlavə 10 nəfərlik stol-stul dəsti də pulsuz olur. İstəyənlər yerdə çəmənlikdə vaxt keçirə bilir. Siz ödəniş edərək, samovar, kabab üçün şişlər əldə edə, balıq tuta bilərsiniz. Yemək girişi sərbəstdir. 

Uşaqlar üçün oyun meydançası var.

Velosiped kirayə götürmək olur. Yarım saatı 2.00 azn-dir.

Göldə gəzinti üçün 1 ədəd katamaran var. 

2. Omar atçılıq klubu

Növbəti məkan "Omar atçılıq klubu"dur.

Mehdiabad qəsəbəsi, 2-ci Sovxoz ərazidində yerləşən bu məkan həftənin bütün günləri saat 10:00-dan 22:00-a qədər fəaliyyət göstərir. Məkana giriş pulludur. Bunun üçün hər adama 5 azn ödənməlidir. 3 yaşına qədər uşaqlara isə pulsuzdur. Bu girişə parkinq, ərazidə gəzinti, atlarla ünsiyyət, mini zoopark, uşaq meydançası, balıq ovu daxildir.  Əgər siz burda at sürmək istəsəniz, əlavə ödəniş etməli olacaqsınız. 3 dairə at sürməyə və poni sürmək üçün hərəsinə 10 manat ödəməlisiniz. Burda gölün üzərində katamaran da var. Bu katamaranda 4 nəfər üçün 20 dəqiqəlik səyahət 15 manata başa gələcək. Burada motorlu qayıqla da gəzinti var. Bu gəzinti də 4 nəfər üçün nəzərdə tutlub - ödəniş 25 manatdır, amma hər əlavə adam üçün 5 manat da artıq ödənilməlidir. 

Balıq tutmaq girişin ödənişinə daxildir. Amma tutduğunuz balığı aparmaq istəsəniz, hər kilosuna 10 manat ödəməlisiniz. Burda at sürməyi öyrənmək üçün günlük və aylıq dərslər var. Bunların da qiyməti müvafiq olaraq 50 və 400 manat təşkil edir. Burda fotossesiya da etmək mümkündür. Klubda 3 restoran da fəaliyyət göstərir. 

3. Zirə Eko-park

Daha bir həftə sonu istirahət üçün uyğun məkan "Zirə Eko-park"dır. Zirə qəsəbəsində yerləşir. Burda piknik edəcəyinizi düşünürsünüzsə, əvvəldən rezerv etməlisiniz. Siz bura həm ailəvi, həm də məktəbli, tələbə turları ilə də gedə bilərsiniz. Ailəvi gəlirsinizsə, giriş üçün ödəniş tələb olunmur. Ancaq əyləşəcəyiniz çardağa görə ödəniş verməli olacaqsınız. Bu ödənişin içinə isə əlavə olaraq piknik üçün vəsaitlər verirlər -palaz, yastıq, çadır, manqal, kömür, samovar. 

Məktəbli turlarında hər şagird üçün giriş 10 manat, valideyn üçünsə 5 manatdır. Bir müəllim pulsuzdur. Piknik ərazisindən istifadə 4 saatdır. Ancaq parkın ərazisində istədiyiniz qədər gəzə bilərsiniz.

4. Böyükşor bulvarı

Burada gölün ətrafında 2 hissə var - skamyalarda əyləşə biləcəyiniz, yeri daşla döşənmiş hissə və piknik edə biləcəyiniz otlu ərazi. Piknik hissədə uşaqların əylənəcəyi oyun meydançası var. 

Bura gedərkən diqqət etməli olduğunuz məsələlər var. Çalışın gölə yaxın əyləşməyin, çünki bir müddət sonra başımızın üstündə cücülər yığıla bilər.

Yerə örtüyü sərəndə fikir verməlisiniz ki, ot palçıqlı ola bilər. Ona görə quru yer tapmağa cəhd edin. Amma əvvəl selofan materialı örtüklər sərib üstünə adyal sərin.

Axşam günəş batdıqdan sonra hava soyuyur, ona görə özünüzlə üst geyimi götürməyiniz məsləhətdir.

Ümumiyyətlə, Günəşin batmağını izləmək üçün, əylənmək üçün, oyunlar (voleybol, kart və s.) oynamaq üçün gedə biləcəyiniz yerdir.

5. Binə atçılıq mərkəzi

Giriş ödənişsizdir. Özünüzlə yemək aparıb piknik edə bilərsiz.

Atla gəzinti qiymətləri əlavə edilib. Sadəcə, əgər atla gəzinti nəzərdə tutursuzsa, səhər saatlarında getməyiniz məsləhətlidir. Günorta saatlarına istivurmaya düşə bilərsiniz. Atçılıq mərkəzinin içində restoran da var. 

6. Mərdəkan dendrarisi

Mərdəkan dendrarisi - bura "Koroğlu" metrostansiyasından avtobus və taksilər gedir. Məkana giriş 5 yaşa qədər uşaqlar üçün pulsuz, 5-9 yaşa qədər uşaqlar üçün 1 manat, böyüklər üçün isə 2 manat təşkil edir. Məkana gedərkən özünüzlə yeyib-içəcəyiniz yeməklər apara bilərsiniz. Orda oturmağa xüsusi yerlər var. Amma məkana tez getmək lazımdır. Ərazi yaşıllıqla əhatə olunub. 

Yox, əgər şəhərdən çıxmaq istəmirsinizsə, gediləcək məkanlar arasında Elmlərdə yerləşən Nəbatət bağıda var. Şəhər daxilində oksigen axtaranlar yolunu Nəbatət bağından sala bilərlər. Bağda müxtəlif növ, yerli və xarici bitkilər əkilib. İstirahət etmək, dostlarla vaxt keçirmək üçün gözəl mühit yaradılıb. Elmlər Akademiyası və Gənclikdən metro stansiyasından avtobusla gedə bilərsiniz. Bağa giriş pulludur. 

Gənclikdə yerləşən "Dədə Qorqud" parkı, Heydər Əliyev Mərkəzinin yaxınlığındakı park, Xətai rayonunda yerləşən "Gənclik"parkında da mini piknik təşkil etmək olar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.