Hadisə

Bu maddədən istifadə xərçəngə və sonsuzuğa səbəb olur

24 Sentyabr 2020 14:00
Baxış: 1 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dopinqin bir növü olan anabolik steroidlərdən istifadə sonsuzluq riskini artırdığı üçün həm də genefond və demoqrafik problemlərə gətirib çıxarır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu zərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli cəmiyyətdə anabolik steroidlərdən istifadənin yayılması və onun fəsadlarına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, steroidlərdən mütəmadi istifadə ürək tutması, infarkt, qaraciyər zədələnməsi, böyrək çatışmazlığı, cinsi zəiflik və sonsuzluq, sümük inkişafının dayanması, yaxud anormal sümük böyüməsi kimi ağır və bərpaolunmaz fəsadlar törədir. Bu maddələr orqanizmin təbii immunitetini zəiflətməklə xərçəng və digər ağır xəstəliklərə tutulma riskini artırır:

"Göründüyü kimi steroidlərdən istifadənin fəsadları yalnız ondan istifadə edən şəxsin sağlamlığını yox, ümumilikdə cəmiyyətimizi və gələcəyimizi təhlükə altında qoyur.
Steroidlərin qanunsuz dövriyyəsi və satışı problemi bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcuddur. Ötən həftə Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində ölkəmizdə bununla məşğul olan dəstənin tutulması və külli miqdarda güclü təsiredici maddələrin dövriyyədən çıxarılması da problemin aktuallığını göstərir".

Ş.Hüseynli qeyd edib ki, bu problemin əsas məqamlarından biri də bu maddələrin rahat əldə edilməsi imkanıdır:

"Geniş əhali üçün nəzərdə tutulmuş və insanların sağlamlıq və fiziki hazırlıq üçün üz tutduqları bir sıra fitnes mərkəzləri və idman zallarında steroidlər və digər dopinq maddələri satılır və təşviq edilir.

AMADA tərəfindən cavanlar arasında keçirilən sorğunun nəticəsində aydın olur ki, hər yeddi respondentdən birinə dopinq təklif edilib, onların 60%-nə isə bu təklif idman zalında və ya fitness mərkəzində edilib. Sosial media dövründə cavanlar arasında daha gözəgəlimli bədən quruluşu əldə etmək arzusu getdikcə artır və onlar idman zallarında etibar etdikləri və məsləhət istədikləri bəzi şəxslərin könüllü qurbanlarına çevrilirlər.
Bundan əlavə steroidlərin sosial şəbəkələr, internet mağazaları, hətta məşhur onlayn ticarət platformalarında satışı geniş yayılıb.

Ölkəmizdə aidiyyəti dövlət qurumları belə hallarla mübarizəni mütəmadi olaraq həyata keçirir. Bu istiqamətdə AMADA Dövlət Təhlükəsizliyi Xidməti, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi və digər hüquq mühafizə orqanları, o cümlədən Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir. Problemin miqyasını və aktuallığını nəzərə alaraq ictimaiyyətin bu mübarizəyə aktiv qoşulması vacibdir. Steroidlərin istifadəsinin fəsadları ilə bağlı maarifləndirmə işində, onun qanunsuz dövriyyəsi və satışı hallarının aşkarlanmasında ictimaiyyət nümayəndələrinin, o cümlədən də kütləvi informasiya vasitələrinin geniş imkanları var. İctimaiyyətin bu cür məsələlər üzrə məlumat əldə etdikləri zamanı, hüquq mühafizə orqanlarına, əlavə olaraq idmanla bağlı olduqda isə həmçinin AMADA-ya məlumat bildirmələri bu mübarizəyə böyük töhfə verə bilər. Sağlam cəmiyyət və sağlam gələcək üçün bu mübarizədə bütün səylərin birləşdirilməsi vacibdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.