Hadisə

Azərbaycanın cənubunda evlər su altında qaldı, yollar bağlandı, 150-yə yaxın ailə köçürüldü - YENİLƏNİB - FOTO

30 Oktyabr 2015 20:42
12 Şərh     Baxış: 8 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

20:42

Trend FHN-in saytına istinadən məlumat verir ki, 29.10.2015-ci il tarixindən Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində Lənkəran şəhərindən və bir neçə kənd ərazisindən axan kiçik çaylar daşaraq sahil boyu tikilmiş bəzi evlərin həyətyanı sahələrinə dolub.

Lənkəran-İstisu-Havzava yaşayış məntəqələrini birləşdirən körpü qəzalı hala düşüb. Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlanıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzi, Mülkü Müdafiə Qoşunları və rayon İcra Hakimiyyəti birgə təxirəsalınmaz işlər həyata keçirib, həmçinin köməyə ehtiyacı olan insanlar təhlükəsiz əraziyə köçürülüb.

Təxirəsalınmaz işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

----------

16:57

Hazırda Lənkəranda yağışlar davam edir. Yağıntının fəsadlarının qarşısını almaq üçün rayon fövqəladə hallar komissiyası ərazidə iş aparır, tədbirlər həyata keçirilir. Bu barədə Trend-ə Lənkəran rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edilib ki, yağış yağan ərazilərdən əhalinin təxliyəsi davam edir. Əhali, əsasən, İstisu qəsəbəsi, Girdəni, Vilvan, Sütəmurdov kəndlərinin ərazisindən köçürülür. İndiyə qədər 150-yə yaxın ailə köçürülüb.

İcra Hakimiyyətindən bildirilib ki, yağıntılar nəticəsində Vilvan kəndində olan körpünün bir hissəsi dağlıb. Vəziyyət, hələ ki, gərgindir. 

İstisu qəsəbəsində də bir körpü uçulub. Hazırda qabaqlayıcı tədbirlər davam edir.

Məlumata görə, yağıntılar aylıq normadan 50 faiz çox düşüb.

Hazırda nazirliyin Cənub regional mərkəzinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri qeyd olunan ərazilərdə müvafiq tədbirlər həyata keçirir.

-----------

15:22

Gecə saatlarından başlayan leysan yağışları Lənkəran və Masallı rayonlarında problemlərə səbəb olub.

APA-nın məlumatına görə, hər iki rayonun bir sıra yaşayış məntəqələrində evləri, həyətyanı və əkin sahələrini su basıb. Leysan yağışları nəticəsində Lənkərançayda və ərazilərdə mövcud olan çaylarda, kanallarda və suaxar arxlarda güclü selin əmələ gəlməsi nəticəsində Yuxarı Nüvədi və Sütəmurdov kəndlərində sahilyanı evlər su altında qalıb, həmin ərazidə 18 evin sakinləri köçürülüb.

Bürcəli çayının daşması nəticəsində çay sahili boyu 15 evi və həyətləri su basıb. Şürük kəndi ərazisində məhəllədaxili kiçik çayların daşması nəticəsində 20 ev su altında qalıb.

İstisu qəsəbəsində çayın daşması nəticəsində çay sahili evlər su altında qaldığından 100 ailə təhlükəsiz yerə köçürülüb. Qəsəbənin mərkəzində Lənkəran-İstisu-Havzava yaşayış məskənlərini birləşdirən yeganə magistral avtomobil yolu üzərindəki dəmir-beton konstruksiyalı körpü, Havzava kəndində digər dəmir-beton konstruksiyalı körpü uçub.

Girdəni kəndi ərazisində Girdəniçayı daşaraq, sahildəki evləri ağuşuna alıb. Hazırda  həmin ərazidən 200 evin sakinlərinin köçürülməsinə başlanılıb. Selin səviyyəsi artmaqda davam edir.

Vilvan kəndi ərazisində Vilvançay daşaraq, 50-yə yaxın ev su altında qalıb, çayın üzərindəki dəmir-beton konstruksiyalı avtomobil  körpünün bir hissəsi uçaraq yararsız vəziyyətə düşüb, nəticədə 120-dən çox ailənin yaşadığı məhəllə ilə əlaqə kəsilib.

Veravul çayında selin səviyyəsi çox qalxdığından Lənkəran-Masallı magistral avtomobil yolu üzərindəki körpü qəzalı vəziyyətə düşüb.

Tuədo kəndində dağlardan gələn sel suları nəticəsində avtomobil yolu bağlandığından nəqliyyat əlaqəsi kəsilib.

Jidi-Gəgiran kəndləri arasında torpaq uçqunu nəticəsində kəndarası yol bağlanıb, üç piyada körpüsünü sel aparıb.

Girdəni kəndi ilə İstisu qəsəbəsini birləşdirən yeganə magistral avtomobil yolunun bəzi yerləri yarğanların uçması nəticəsində istifadə üçün təhlükəli vəziyyətə düşüb. Havzava kəndi ərazisində Havzava gölünün qoruyucu bəndinin isə umaq təhlükəsi yaranıb.

Siyobili kəndində avtomobil körpüsünü sel dağıdıb.

Sel suları həmçinin rayonun Şağlaser, Xarxatan, Cil kəndlərinin, həmçinin qonşu Masallı rayonunun Mahmudavar, Mollaoba kəndlərinin, Boradigah qəsəbəsinin sakinlərinə də ciddi ziyan vurub. Yerli icra strukturları tərəfindən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.