Sağlamlıq

"Vəziyyət həqiqətən ciddidir və virus düşündüklərindən də təhlükəlidir"

3 İyul 2020 22:20
Baxış: 2 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan xalqı çox istiqanlıdır. Xalqımız gəzməyi, qonaq getməyi, toplanmağı sevir. Lakin hazırda pandemiya ilə əlaqədar toplanmaq, qonaq getmək kimi bəzi vərdişlərimizi bir müddət tərgitməliyik. Çünki bu, bir tərəfdən karantin rejimin qaydalarına ziddir, digər yandan da virusa yoluxma hallarının artmasına səbəb olur. Məlum məsələdir ki, karantin rejimi yumşaldılandan sonra vətəndaşların məsuliyyətsizliyi nəticəsində yoluxma hallarında artım qeydə alındı. Bu da yoluxma hallarının daha çox qeydə alındığı bəzi ərazilərdə sərt karantin rejiminin yenidən tətbiqini zəruri etdi. Vətəndaşlar anlamalıdılar ki, hazırda sərtləşdirilmiş xüsusi karantin rejiminin qaydalarına əməl etmək, məsafə saxlamaq, təcrid olunmaq, maska taxmaq virusa yoluxmanın qarşısını alan əsas şərtlərdəndir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-oftalmocərrah Elnarə Cəlilova deyib.

Onun sözlərinə görə, sərt karantin rejimi sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq baxımından vacibdir: "Xəstəliyin yüksək virulentliyini nəzərə alsaq, sərt karantin rejimi nəticəsində xəstələnənlərin sayının azalması gözlənilir. Vətəndaşlar tək özlərini deyil, yaxınlarını, ətrafdakıları da düşünməlidirlər. Hər bir vətəndaş özünün və digərlərinin sağlamlığına ziyan vurmamaq üçün qaydalara riayət etməlidir. Vacib olmadıqca yaşayış yerini tərk etməməli, insanların sıx toplaşdığı ərazilərdə maska taxmalı, sosial məsafəni qorumalıdır. Əhali arasında bir qrup insan var ki, onlar öz məsuliyyətsizlikləri ilə digər vətəndaşları da uçuruma aparırlar. Ona görə də burada maarifləndirmə tədbirlərinin və xəstəliyin təhlükəlilik dərəcəsinin düzgün çatdırılmasının rolu böyükdür. Onu da bildirmək istəyirəm ki, koronavirusun varlığına inanmayan vətəndaşların sayı getdikcə azalır. Çünki ya onların özləri, ya da yaxınları virusa yoluxur, ondan sonra yanıldıqlarını başa düşürlər".

Həkim-oftalmocərrah bildirib ki, ekspertlərin dəfələrlə müraciət etməsinə baxmayaraq, bəzi vətəndaşlar ya maska istifadə etmirlər, ya da maskanı düzgün taxmırlar: "İnsanların sıx olduğu yerlərdə - ictimai nəqliyyatda, iş yerlərində, marketlərdə maska taxmaq və ondan düzgün istifadə etmək, yəni maska ilə ağız, burun boşluğunu bağlamaq vacibdir. Çünki xəstəliyi simptomsuz keçirən insanlar da var. Kimsə ətrafındakı insanların xəstə olub-olmadığını bilmir. Əgər kimsə özü yoluxubsa, başqalarını yoluxdurmamaq, sağlamdırsa, başqalarından virusa yoluxmamaq üçün mütləq maska istifadə etməlidir.

COVID-19-la mübarizəyə cəlb olunan bir həkim olaraq vətəndaşlara bildirmək istəyirəm ki, virusun varlığını inkar edənlərə inanmasın, qaydalara etinasız yanaşmasınlar. Çünki vəziyyət həqiqətən ciddidir və virus düşündüklərindən də təhlükəlidir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.