Makiyaj demək olar ki, əksər xanımların imtina edə bilmədiyi bir vasitədir. Qadınların çoxu gözəl görünmək üçün demək olar ki, hər gün makiyajdan istifadə edirlər. Daha çox isə məşhurlar, efirə çıxan insanları hər gün ağır makiajlara müraciət edirlər.
Maraqlıdır, hər gün edilən makiyajın dəriyə mənfi təsiri varmı?
Milli.Az bildirir ki, kosmetoloq Aytac Səfərovanın Lent.az-a dediyinə görə, düzgün edilməyən makiyaj üz dərisinə mənfi təsir edir:
"Tərkibində kimyəvi qatqılar olan makiyaj vasitələri dəriyə zərər verə bilər. İnsanlar maddi baxımından çox vaxt ucuz vasitələrdən istifadə edirlər, bu isə çox ciddi fəsadlara yol aça bilər. Məsələn, tərkibində kimyəvi maddələr olan məhsullardan istifadə zamanı həssas dərilərdə ciddi dəri xəstəlikləri, sızanaqlar və s. yaranar. Bundan başqa, kimyəvi qarışığı olan kosmetik məhsullar dərinin tez qocalmasına, korlanmasına səbəb olur. Buna görə ucuz deyil, keyfiyyətli, tərkibi təbii olan məhsullar almaq lazımdır".
A.Səfərovanın sözlərinə görə, ağır makiyajlar da dərinin korlanmasına səbəb olur:
"Çox təəssüf ki, bəzi qadınlar düşünürlər ki, baxımlı olmaq üçün kosmetikadan daha çox istifadə etmək lazımdır. Lakin çox ağır və qabarıq şəkildə olunan makiajın əvəzinə az miqdarda sadə makiaja üstünlük verərək daha gözəl görünmək olar. Onu da vurğulayım ki, çox vaxt gənc qızlar makiajdan daha çox istifadə edir. Bu isə onların yaşından böyük görünməsinə və gələcəkdə dərilərinin daha tez korlanmasına gətirib çıxarır".
Kosmetoloqun sözlərinə görə, makiyaj yatmazdan əvvəl mütləq üzdən təmizlənməlidir:
"Ən vacib məqamlardan biri dərinin yatmazdan əvvəl təmizlənməsidir. Makiyaj vasitələrinin təbii və ya kimyəvi tərkibli olmasından asılı olmayaraq mütləq üz yatarkən təmizlənməlidir. Makiyajın üz dərisində qalması dərinin nəfəs almasına mane olur və nəticədə dəridə qocalma başlayır. Dərinin sağlam qalması üçün düzgün qulluq etmək, maskalardan, vitamin tərkibli qidalandırıcı, nəmləndirici kremlərdən istifadə etmək məsləhətdir".
Milli.Az