Kanal S-in efirində aparıcı Nigar Fərhadın "Mən oğluma atası olmayan qızı ala bilmərəm" fikri birmənalı qarşılanmayıb. Onun fikrini cəmiyyətin müxtəlif təbəqəli insanları, ictimai xadimlər, şəhid ailələri, cəmiyyətdə önəmli mövqeyə malik insanlar sərt tənqid edib. Onlar sosial şəbəkələrdə aparıcının sərt cəzalandırılmasını tələb ediblər.
Milli.Az xəbər verir ki, manset.az cəmiyyətdə ciddi rezonans doğuran bu məsələ ilə bağlı Kanal S-in Baş direktor müavini Ramin Mustafayevlə əlaqə saxlayıb.
O, açıqlamasında irəliləyən dəqiqələrdə Nigar Fərhad haqqında tədbir görüləcəyini bildirib:
"Bu barədə kanalımızın baş direktorunun da məlumatı var. Bəli, bununla bağlı tədbir görüləcək. Hələki qərarı gözləyirik".
Məsələ ilə bağlı Audiovizual Şura açıqlama yayıb:
"Kanal S" televiziyasında yayımlanan "Sözün bitdiyi an" programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq. Məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir".
Qeyd edək ki, aparıcı etirazla qarşılanan çıxışından sonra sosial şəbəkə hesabında video paylaşaraq bunları deyib: "Fikirlərimin şəhid qızları ilə əlaqəsi yoxdur. Allah mənə övlad nəsib edərsə, istəyərəm ki, ocağıma şəhid qızımız nəsib olsun".
Milli.Az