Təyyarə ilə uçarkən yüngül narahatlıq keçirmək təbii haldır. Lakin bəzi insanlarda qorxu hissi o qədər güclüdür ki, ona qarşı çıxmaq olmur. Psixoloqların fikrincə, belə insanlar aerofobiyadan əziyyət çəkirlər.Aerofobiyadan əziyyət çəkənlər təyyarədə dalaşa da bilərlər
Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, aerofobiyadan əziyyət çəkənlər, hətta uçuşdan bir neçə gün əvvəl qorxmağa başlayırlar: "Təyyarəyə minmək isə onlar üçün əsl işgəncədir. Onların ürəyinin döyüntüsü tezləşir, nəfəs almaq çətinləşir, əlləri tərləyir və titrəyir. Aerofobiyadan əziyyət çəkənlər təyyarədə olan müxtəlif səslərdən də qorxurlar. Panik tutma zamanı belə adamlar özlərini qeyri-adekvat aparırlar. Qışqırır, hətta dalaşa bilərlər".
R.Rzayeva bildirib ki, təyyarədə uçmaqdan qorxmağın səbəbləri müxtəlifdir: "Ola bilsin ki, həmin adamlar qapalı yerlərdən, yüksəklikdən qorxurlar. Bəzi insanlarda aerofobiya uşaqlıq qorxuları və ya başqa fobiyalarla bağlıdır. Çoxlarında qorxu məlumatsızlıqdan yaranır. Təyyarənin istənilən titrəyişi çox təhlükəli nə iləsə assosiasiya olunur. Çox vaxt bu, sadəcə titrəyiş olur və heç bir təhlükə yaratmır. Lakin təyyarənin idarə olunması haqqında çox az adam bilir və istənilən titrəyiş onlarda qorxu yaradır".
Həmsöhbətimiz deyir ki, bəzilərinə öz həyatlarını və sağlamlığını pilotlara etibar etmək çətindir. Onlar yüzlərlə insanın həyatının təyyarəni idarə edənlərin professionallığından asılı olduğunu anlayır. "Lakin bəzi hallarda pilot təyyarənin qəzaya uğramasının qarşısını ala bilmir. Elə olur ki, sərnişinlərin təhlükəsizliyi dispetçerdən, ekipajdan, mexaniklərdən və hava şəraitindən də asılı olur. Bu da əksər sərnişinlərin qorxusuna səbəb olur".
Psixolqa görə, aerofobiyaya qalib gəlmək üçün effektiv üsullardan biri qismətin həyatımızda həlledici rol oynamasını düşünməkdir. Belə ki, onun dediyinə görə, dinə və qismətə inam insanda qorxunu yox edə bilər: "İnsanlar əcəlin qaçılmaz olduğuna inandıqda fobiyalardan uzaqlaşırlar. Əgər nəsə olmalıdırsa, qismətdə varsa, mütləq olacaq. Bu cür düşünmək insanda qorxu hissini yox edir. Digər bir üsul isə təxəyyülün köməyi ilə tətbiq olunur. Məsələn, xəyalınızda hava balonunun tədricən daha çox dolduğunu, sonra isə partladığını təsəvvür edin. Hava balonu partlayan kimi siz sakitləşir və özünüzü çox yüngül hiss edirsiz. Və ya misal üçün, sabunlu qovuqa üfürərək onu uzağa gözdən itənə qədər qovursuz. Divarda iri qırmızı dairə təsəvvür edib onu güclə nəzərə çarpan nöqtəyə qədər kiçildin. Nəzərə alın ki, fobiyalarla mübarizədə təxəyyül və özünə təlqin etmə mühüm rol oynayır".
Müsahibimiz məsləhət görür ki, təyyarədə uçmaqdan qorxan adam onun həyacanının və qorxularının hadisələrin gedişatına təsir edə bilməyəcəyini nəzərə almalıdır. Lakin bu hisslər əsəb sisteminə mənfi təsir göstərəcək. Təyyarənin qəzaya uğraması və qəza vəziyyətində yerə enməsinə isə qorxular heç bir təsir göstərə bilməyəcək. Nəsə baş versə belə həyacan və qorxu təyyarənin salonunda qarışıqlığa səbəb olacaq.
"Yaxşı olar ki, təyyarə ilə uçarkən özünüzə maraqlı bir məşğuliyyət tapasız. Musiqiyə qulaq asa, filmə baxa, oyun oynaya, jurnal və ya qəzet oxuya bilərsiz. Kiminləsə maraqlı söhbət etmək də qorxu hissinizi azalda bilər".
Psixoloq bildirib ki, öz qorxularınıza qapanmamaq lazımdır: ""Mən çox qorxuram" dedikcə özünüzü daha da qorxuzursuz. Bunun əksinə qamətinizi düzləşdirib, başınızı dik tutub "Mən təyyarə ilə uçmaqdan qorxmuram" deyin. Bunu deyərkən gülümsəməyiniz də məsləhətdir. Bunu etdikcə vahimənin azaldığını hiss edəcəksiz. Eləcə də, bədəninizi sıxan geyim, kəmər, qalstuk və s. aksesuarları çıxardın və ya boşaldın".
Bəzilərinə psixoloji olaraq müxtəlif talismanlar, dualar, hətta rəqəmlər də kömək edə bilər. Misal üçün, elə adamlar var ki, uğurlu hesab etdikləri rəqəm olan yeri seçirlər. Öz uğurunu rəqəmlə bağlayan belə adamlar uçuşu çox rahat keçirəcəklər: "Uçuş zamanı çətin vəziyyətlərlə üzləşdikdə gözlərinizi bağlayıb nəfəsinizi saymağa başlayın. Bu meditasiya kimi təsir edərək insanı sakitləşdirir. Təyyarədə olarkən düşünün ki, sizdən qabaq da bu təyyarə ilə insanlar istədikləri yerə rahat şəkildə uçublar. Heç kim zərər çəkməyib. Həm də digər sərnişinlər və pilotlar da sizin kimi insanlardır. Hamı öz həyatına görə qorxur və nəsə pis bir hadisə baş versə, var gücləri ilə sağ qalmaq uğrunda mübarizə aparacaqlar".
Rzayeva qeyd edib ki, uçuşdan əvvəl sakitləşdirici də qəbul etmək olar. Onun sözlərinə görə, qorxusu çox olanlara tünd çay və kofeinli qəhvə də içmək məsləhət deyil. "Belə ki, bu, onsuz da qorxan adamın ürəyinin döyüntüsünü daha da tezləşdirəcək. Stresdən uzaqlaşmaq üçün şirniyyat və şokolad yeyə bilərsiz".
Ekspress.az





