Sağlamlıq

Yaşıl tərəvəz şirələri həqiqətən detoks effekti yaradır?

22 May 2026 20:45
Baxış: 319
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bundan on il əvvəl bir şüşə yaşıl tərəvəz şirəsi sağlam həyat tərzinin (wellness) ən dəbli simvollarından biri idi. Zamanla bu tendensiya bir az arxa plana keçsə də, yaşıl şirələr hələ də bir çox insanın gündəlik rutinində mühüm yer tutur. Ev tipli şirəçəkən maşınlar bazarının sürətli böyüməsi də insanların tərəvəz və meyvə şirələrinin faydalarına dair fərqindəliyinin artdığını göstərir.

Bəs tərəvəz, meyvə və toxumların sıxılması ilə əldə edilən bu içkilər həqiqətən sağlamdır, yoxsa sadəcə bir marketinq hiyləsidir? Mütəxəssislər bu suallara aydınlıq gətirirlər.

Milli.Az xəbər verir ki, təzə yaşıl tərəvəzlərdən hazırlanan şirələr antioksidantlar, vitaminlər, minerallar və fitoqidalarla olduqca zəngindir. Funksional qidalanma mütəxəssisi Bricit Bekkerin sözlərinə görə, təxminən 240-300 ml tərəvəz şirəsi əldə etmək üçün kifayət qədər çox miqdarda yaşıl tərəvəz sərf olunur ki, bu da bədənin bir dəfəyə sıx qida maddəsi qəbul etməsi deməkdir.

Sağlamlıq koçu Karla Quixano isə bu şirələrin mədədə hidroxlorid turşusu istehsalını artıraraq həzm sistemini və ümumi immun sistemini dəstəklədiyini bildirir.

Yaşıl şirələrin həqiqətən faydalı olması üçün daxilinə qoyulan məhsullar böyük əhəmiyyət kəsb edir:

Aşağı şəkər nisbəti: Şirənin tərkibində meyvə miqdarı artdıqca şəkər səviyyəsi də yüksəlir və bu, qan şəkərinin qəfil dalğalanmasına səbəb olur. Ekspertlər yaşıl alma və kivi kimi aşağı şəkərli meyvələrə üstünlük verməyi məsləhət görürlər.

Mükəmməl baza: Şirənin əsasını su balansı yüksək olan xiyar və ya kərəviz (kereviz) təşkil etməlidir. Üzərinə limon və iltihab əleyhinə təsirə malik zəncəfil əlavə etmək dadı və faydanı artırır.

Oksalat təhlükəsi: İspanaq və qara kələm (kara lahana) kimi tərəvəzlər yüksək oksalat tərkibli olduqları üçün xüsusi pəhriz saxlayan şəxslərə uyğun olmaya bilər. Onların əvəzinə kahı, roka, çin kələmi və nanə kimi alternativlər seçilməlidir.

Hazırlanma və istehlak qaydaları
Əgər orqanik tərəvəzlər tapmaq mümkün deyilsə, Quixano tərəvəzləri bir neçə xörək qaşığı sodalı (alüminiumsuz karbonat) təmizlənmiş suda 15 dəqiqə saxlamağı və sonra yaxşıca yaxalamağı tövsiyə edir.

Mütəxəssislər mərkəzdənqaçma (sentrifuqa) prinsipi ilə işləyən maşınlar əvəzinə, soyuq sıxım texnologiyasını məsləhət görürlər. Çünki bu üsul yaşıl yarpaqlı tərəvəzlərdən maksimum maye və qida maddəsi əldə etməyə imkan verir.

Şirə gözlədikcə oksidləşmə sürətlənir və faydalı xüsusiyyətlərini itirir, ona görə də hazırlanan kimi içilməlidir.

Çox soyuq içkilər mədə və bağırsaq hərəkətlərini yavaşda bilər. Şirəni ağızda bir az saxlayaraq yavaş-yavaş içmək lazımdır, çünki ağız suyundakı fermentlər həzmə kömək edir.

Müasir dünyada mikroplastiklər, ağır metallar və pestisidlərlə hər gün qarşılaşırıq. Lakin yalnız tərəvəz şirələrinə əsaslanan pəhrizlərin bədəni toksinlərdən təmizlədiyinə dair güclü elmi sübutlar hələ də məhduddur. "Mayo Clinic" qeyd edir ki, yalnız maye ilə qidalanmaq orqanizmin lazımi qidaları almasına mane ola bilər və bu yolla verilən çəki normal qidalanmaya qayıdan kimi bərpa olunur. Bununla belə, qısamüddətli tərəvəz şirəsi proqramları həzm sisteminə keçici bir rahatlıq bəxş edə və insanda psixoloji bir "yenilənmə" (reset) hissi yarada bilər. Lakin lifdən məhrum bu cür bəslənmə uzunmüddətli dövrdə sağlam hesab edilmir.

Əgər bir neçə günlük belə bir proqram yoxlamaq istəyirsinizsə, bunları unutmayın:

Proqrama başlamazdan 2-3 gün əvvəl heyvan mənşəli zülallardan, kofein, spirtli içki və işlənmiş qidalardan uzaq durun; yalnız tərəvəz və yüngül meyvələr yeyin.

Maye qidalanma bitən kimi dərhal ağır yeməklərə (məsələn, pizzaya) keçməyin; mədəni tədricən bərk qidalara alışdırın.

Xroniki və ya hər hansı mövcud sağlamlıq problemi olan şəxslər həkim rəyi olmadan bu cür kəskin pəhriz proqramlarına başlamamalıdırlar.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.