Sağlamlıq

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

24 Aprel 2026 05:05
Baxış: 393
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir.

Milli.Az xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq, qadınlarda daha zəif və gizli gedişli əlamətlər müşahidə oluna bilər.

Yorğunluq, ürəkbulanma, nəfəs darlığı və səbəbi bilinməyən halsızlıq kimi şikayətlər çox zaman diqqətdən kənarda qalsa da, həkimlər bu əlamətlərin ürəyin ciddi xəbərdarlıq siqnalları ola biləcəyini vurğulayırlar.

Türkiyəli kardioloq Mustafa Kaplangöray bildirib ki, infarkt zamanı erkən reaksiya həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, sinədə təzyiq hissi, nəfəs darlığı və ani halsızlıq kimi əlamətlər yüngül qəbul edilməməlidir. Bu halda vaxt itirmədən həkimə müraciət olunmalıdır.

Həkim qeyd edib ki, ürək tutması ürəyi qidalandıran damarların qəfil tutulması nəticəsində baş verir. Bu proses adətən uzun illər ərzində inkişaf edən damar sərtliyi fonunda yaranır. Damar divarlarında yığılan yağ və xolesterin lövhələri zamanla zədələnərək laxta əmələ gətirir və bu laxta damarı tam bağlayaraq infarkta səbəb olur.

Ən çox rast gəlinən simptomun sinənin ortasında hiss edilən sıxılma və yanma olduğunu deyən mütəxəssis bildirib ki, ağrı bir neçə dəqiqə davam edə və ya getdikcə arta bilər. Bu ağrı sol qola, boyuna, çənəyə və kürəyə yayılır. Nəfəs darlığı, soyuq tərləmə, ürəkbulanma və ani halsızlıq da bu əlamətlərə qoşula bilər.

Əlavə edib ki, bəzi hallarda, xüsusilə qadınlarda, yaşlılarda və diabet xəstələrində simptomlar daha zəif ifadə olunur və yalnız yorğunluq, mədə narahatlığı və ya nəfəs darlığı kimi qeyri-tipik əlamətlərlə özünü göstərə bilər.

Mütəxəssis infarkt riskini artıran amillər sırasında siqaret, yüksək təzyiq, yüksək xolesterin, diabet, piylənmə, hərəkətsiz həyat tərzi və xroniki stressi qeyd edib. O, həmçinin genetik meyl və qeyri-sağlam qidalanmanın da riski artırdığını vurğulayıb.

Müalicə prosesinə toxunan kardioloq qeyd edib ki, damar açıcı dərmanlar, angioqrafiya və zəruri hallarda stent tətbiqi həyata keçirilir. Müalicədən sonra isə həyat tərzinin dəyişdirilməsi, müntəzəm dərman qəbulu, sağlam qidalanma, fiziki aktivlik və siqaretdən imtina təkrar infarkt riskini əhəmiyyətli dərəcədə azaldır.

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.