Çox vaxt qatıq qabının üstündə yığılan sarımtıl suyu "xoş görünmədiyi" üçün tökürük. Mütəxəssislərin sözlərinə görə həmin suyu tökmək qatığın ən faydalı hissəsini zibil qutusuna atmaq deməkdir.
Milli.Az xəbər verir ki, qatığın suyu B2 (riboflavin), B12 vitaminləri, kalsium və fosforla zəngindir. Xüsusilə B2 vitamini böyümə, inkişaf və enerji istehsalı üçün kritik əhəmiyyət kəsb edir.
Tərkibindəki faydalı bakteriyalar (probiyotiklər) sayəsində bağırsaq florasını qoruyur, qəbizlik və şişkinlik kimi problemləri aradan qaldırır.
Qatıq suyu maddələr mübadiləsini sürətləndirir və toxluq hissi yaradır, bu da pəhriz saxlayanlar üçün əla seçimdir.
Daimi istehlak edildikdə böyrəklərdəki qum və daşların tökülməsinə kömək etdiyi bildirilir.
Əgər bu suyu birbaşa içmək dad baxımından sizə xoş deyilsə, aşağıdakı üsullardan istifadə edə bilərsiniz:
Qatığı çalarkən suyunu ayırmayın, elə öz suyu ilə ayran düzəldin.
Dovğa və ya digər süd əsaslı şorbaların bişirilməsində istifadə edin.
Çörək, poğaça və ya keks xəmirinə su və ya süd əvəzinə qatıq suyu əlavə etsəniz, xəmiriniz daha yumşaq və qidalı olar.
Salat souslarına və ya ət marinadlarına əlavə edərək dadını zənginləşdirə bilərsiniz.
Qatığın suyu işıqla təmasda olduqda tərkibindəki B2 vitaminini itirir. Buna görə də qatığı şəffaf deyil, işıq keçirməyən qablarda saxlamaq daha məqsədəuyğundur.
Lalə Qüdrətova
Milli.Az





