Sağlamlıq

Məşhur stilist sağlam saçlara zərər vuran 5 gündəlik vərdişi açıqlayıb

22 Dekabr 2025 02:02
Baxış: 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış saç ustası Kris Makmillan, xüsusilə Cennifer Enistonun "Dostlar" serialındakı Reyçel obrazı üçün yaratdığı məşhur saç düzümü ilə tanınan stilist sağlam saçları zamanla zəiflədən gündəlik vərdişlərdən danışıb.

Milli.Az-ın "Mirror" nəşrinə istinadən yaydığı məlumata görə, Makmillan bildirib ki, söhbət kəskin səhvlərdən yox, insanların çox vaxt fərqinə varmadan hər gün təkrarladığı xırda davranışlardan gedir.

Bu vərdişlər tədricən saçların strukturuna mənfi təsir göstərir və ciddi problemlərə yol aça bilər.

Nəşr qeyd edir ki, bir çox peşəkar bərbər də Makmillanın fikirləri ilə razılaşır. Onların sözlərinə görə, bu cür gündəlik səhvlər uzun müddət ərzində yığılıb saçın zəifləməsinə, hətta dartılmaya bağlı saç tökülməsinə - alopesiyaya səbəb ola bilər.

Kris Makmillan sağlam saçlara zərər vuran 5 əsas vərdişi belə sadalayıb:

Saç tipinə uyğun olmayan daraqdan istifadə

Stilist vurğulayır ki, saçın quruluşu hər kəsdə fərqlidir və buna uyğun daraq seçilməlidir. Yanlış daraq saçları daranma zamanı qırır, dartır və zədələyir.

Saçı normadan az və ya həddindən artıq tez-tez yumaq

Makmillanın sözlərinə görə, saç yuma balansı pozulduqda problemlər yaranır. Tez-tez yuma saç və baş dərisini qurudur, nadir yuma isə kir, yağ və məhsul qalıqlarının yığılmasına səbəb olur.

Baş dərisinə lazımi diqqət göstərməmək

Stilist qeyd edir ki, sağlam saçın təməli sağlam baş dərisidir. Bir çox insan yalnız saçın uzunluğuna qulluq edir, baş dərisində yaranan qıcıqlanma və çirklənməni isə nəzərə almır. Nəticədə saçlar artıq zəif vəziyyətdə böyüməyə başlayır.

Termik alətləri qorunmasız şəkildə tez-tez istifadə etmək

Makmillan bildirir ki, saç fenləri, ütülər və digər istilik verən alətlərdən istifadə edərkən qoruyucu vasitələr mütləqdir. O, qorunmasız istiliyi ipək parçanın xlorla yuyulmasına bənzədərək bunun saç üçün nə qədər dağıdıcı olduğunu izah edib.

Saç baxım məhsullarından imtina etmək

Bəzi insanlar saç məhsullarının saçları ağırlaşdıracağından qorxur. Stilistin fikrincə, düzgün seçilmiş və doğru istifadə edilən məhsullar saçın ən yaxşı qoruyucusudur - parlaqlıq verir və yüksək temperaturun təsirindən qoruyur.

Makmillan əlavə edib ki, bu səhvlərin müsbət tərəfi onların geri dönməz olmamasıdır. Kiçik, lakin davamlı dəyişikliklər sayəsində saçların vəziyyəti bir neçə həftə ərzində nəzərəçarpacaq dərəcədə yaxşılaşa bilər.

O, saçların yumşaq şəkildə yuyulmasını, düyünlərin zorla açılmamasını və istilik alətlərindən hər gün istifadə etməməyə çalışılmasını tövsiyə edir. Saçlar quru və kövrək görünürsə, isti alətlərdən fasilə vermək, baş dərisi yağlı və ya qaşınırsa, yuma rejimini yenidən tənzimləmək məsləhətdir.

Əgər saçlar seyrəkləşir və əvvəlki möhkəmliyini itirirsə, problemin mənbəyini müəyyən etmək üçün mütəxəssisə müraciət etmək ən doğru addım hesab olunur.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.