Sağlamlıq

Ayaq göbələyi necə keçir? Ayaq göbələyinə nə kömək edir?

21 Dekabr 2025 18:29
Baxış: 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ayaq göbələyi geniş yayılmış dəri problemlərindən biridir və ayaq dərisində müəyyən göbələk növlərinin çoxalması nəticəsində yaranır. Ən çox barmaqların arasında müşahidə olunsa da, növündən asılı olaraq ayağın üst hissəsində, altında və dabanlarda da görünə bilər.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə diabet və piylənmə xəstələri, eləcə də immun sistemi zəif olan şəxslər ayaq göbələyi baxımından risk qrupuna daxildir.

"İdmançı ayağı" kimi də tanınan ayaq göbələyi ən çox rast gəlinən göbələk xəstəliklərindən biridir. Xəstəlik adətən qaşınma, iltihab, dərinin soyulması və qızartı ilə müşayiət olunur.

Ayaq göbələyinin əlamətləri

  • Dəridə qızartı və güclü qaşınma
  • Yanma və batma hissi
  • Sızan və ya qabıq bağlayan suluqlar
  • Dırnaqlarda rəng dəyişikliyi

Ayaqda göbələk olduğunu necə anlamaq olar?

Əsasən barmaq aralarında qaşınma, qabıqlanma və qızartı müşahidə edilir. Bəzi hallarda xoşagəlməz qoxu da yaranır. Bu əlamətlər olduqda həkimə müraciət etmək və dəqiq diaqnoz üçün müayinələrdən keçmək tövsiyə olunur. Diaqnoz zamanı zədələnmiş nahiyədən götürülən nümunələr laboratoriyada yoxlanılır.

Ayaq göbələyi necə sağalır?

Müalicədə dəriyə sürtülən, bəzən isə ağızdan qəbul edilən antifungal (göbələk əleyhinə) dərmanlardan istifadə olunur. Bununla yanaşı, ev şəraitində bəzi dəstəkləyici üsullar da tətbiq edilə bilər.

Müalicəni sürətləndirmək üçün:

  • Ayaqları və barmaq aralarını təmiz və quru saxlamaq
  • Təmiz, pambıq corab geyinmək
  • Ayaqqabıları tez-tez havalandırmaq, təbii materiallardan olan ayaqqabılara üstünlük vermək
  • Ümumi duş və hovuzlarda tərlik geyinmək məsləhətdir

Bəzi təbii vasitələr antifungal xüsusiyyətə malikdir. Dərman kremlərini istifadə edə bilməyənlər üçün həkim məsləhəti ilə aşağıdakılar faydalı ola bilər:

Çay ağacı yağı - güclü antifungal və antiseptik təsirə malikdir

Kəklikotu yağı - göbələk əleyhinə xüsusiyyəti ilə tanınır

Sarımsaq - təbii antifungal maddədir, lakin dərini qıcıqlandıra bilər

Karbonat - nəmliyi azaldır, qoxunun qarşısını alır

Lavanda yağı - həm sakitləşdirici, həm də antifungal təsir göstərir

Hindqozu yağı - dərini nəmləndirir və rahatladır

Ayaq göbələyinin növləri

İntertriginöz - ən çox rast gəlinən növdür, adətən kiçik barmaqdan başlayır

Hiperkeratotik - dərinin qalınlaşması və çatlaması ilə müşayiət olunur

Vezikulobüllöz (suluqlu) - ayağın altında və ya üstündə suluqlar yaranır, nisbətən nadir hallarda görülür

Ayaq göbələyi niyə yaranır?

Ayaqların uzun müddət nəm qalması göbələyin yaranması və yayılması üçün əsas səbəblərdən biridir. Tərləmə, isti və rütubətli mühit xəstəliyin sürətlə irəliləməsinə şərait yaradır. Xəstəlik yoluxucudur və təmasla başqasına keçə bilər.

Ayaq göbələyi necə yoluxur?

Birbaşa təmas, ümumi istifadə olunan dəsmallar, ayaqqabılar, hovuz, hamam, sauna, otel otaqları, çimərliklər və hətta torpaq vasitəsilə yoluxa bilər.

Mütəxəssislərin fikrincə, alma sirkəsi göbələyin yayılmasının qarşısını almağa kömək edə bilər. Su ilə durulaşdırılaraq, gündə təxminən 20 dəqiqə ayaqlar sirkəli suda saxlanıla bilər.

Ən sürətli nəticə antifungal məlhəm və ya düzgün seçilmiş təbii üsullarla əldə edilir. Lakin əlamətlər yoxa çıxdıqdan sonra da müalicəni bir müddət davam etdirmək vacibdir.

Bu halda antifungal kremlər, məlhəmlər, gellər və spreylərdən istifadə olunur. Müalicə mütləq həkim nəzarəti altında aparılmalıdır.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.