Sağlamlıq

Hər kəsin evində var: mikrob yuvasıdır

30 Yanvar 2025 09:44
Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Her evdə olan dəsmallar bakteriya yuvasıdır.

Milli.Az xəbər verir ki, bu bakteriyaların bəziləri zərərsiz olsa belə, bəzən dəsmallar müxtəlif xəstəliklərin yayılmasına vasitəçi olur.

Səhər oyandığınız andan etibarən əllərinizi, üzünüzü, saçınızı neçə dəfə dəsmalla qurulamısınız? Bəs dəsmallarınız həqiqətən təmiz idi? Çox insan dəsmallarını həftədə bir dəfə yuduğunu söyləsə də, Hindistanda aparılan araşdırmada 100 iştirakçının üçdə biri dəsmallarını ayda bir dəfə yuduqlarını bildirib. İngiltərədə aparılan bir sorğuda isə bəzi şəxslər dəsmallarını ildə yalnız bir dəfə yuduqlarını etiraf ediblər.

Problem ondadır ki, gözlə baxdıqda təmiz görünən dəsmallar milyonlarla mikrobun məskəninə çevrilir. Araşdırmalar göstərir ki, dəsmallar qısa müddətdə insanın dərisində və bağırsaqlarında olan bakteriyalarla çirklənir. Çünki nə qədər yuyunsaq da, dərimiz bakteriyalardan tamamilə təmizlənmir və qurulandığımız zaman bu bakterilərin bir hissəsi dəsmallara keçir. Bunlarla yanaşı, havada yayılan göbələklər və bakteriyalar da asılı halda qalan dəsmalların liflərinə yapışa bilir. Bundan başqa, paltarları yumaq üçün istifadə etdiyimiz suda da müxtəlif bakteriyalar mövcuddur.

Yaponiyada bəzi evlərdə əvvəlki gün vanna üçün istifadə olunan suyun ertəsi gün paltar yumaq üçün istifadə edilməsi kimi ənənə var. Tokushima Universitetində aparılan araşdırmada bu üsulun su qənaəti baxımından faydalı olduğu, lakin vanna suyundakı bakteriyaların yuyulan dəsmallar və geyimlərin üzərində qaldığı müəyyən edilib.

Dəsmalları tualetdə və ya hamamda unitazın yaxınlığında asanlar üçün isə vəziyyət daha da pisdir. Çünki hər dəfə unitazın suyu çəkildikdə tualetdəki bakteriyalar, eləcə də sidik və nəcis qalığı hissəcikləri havaya yayılır və yaxınlıqdakı dəsmalların üzərinə çökür. Bu mikroblar zamanla dəsmalların üzərində bioloji qat yaradır. Hətta mütəmadi olaraq yuyulsalar belə, dəsmalların üzərindəki bakteriyalar, təxminən iki ay sonra parçanın rənginin dəyişməsinə və daha solğun görünməsinə səbəb olur.

Təxmin etmək çətin deyil ki, dəsmalların üzərindəki bakteriyaların sayı və növləri evdəki insanların çamaşır yuma vərdişlərindən asılı olaraq dəyişir. Bəs dəsmalların üzərindəki bakteriyalar bizi narahat etməlidir?

ABŞ-nin Boston şəhərində yerləşən Simmons Universitetinin Evdə və Cəmiyyətdə Gigiyena və Sağlamlıq Mərkəzinin direktoru, biologiya professoru Elizabeth Scott BBC-yə verdiyi açıqlamada dəsmal yuma vərdişləri ilə bağlı aparılan tədqiqatların mikrobların evdə necə yayıldığını anlamağa kömək etdiyini bildirib. Scott deyib: "Mikroblar təbii olaraq dəsmalların üzərində olmur. Bizə dəsmallarımız vasitəsilə zərər verən hər şey insan mənbəlidir".

Müxtəlif viruslar və göbələklərlə yanaşı, insan dərisində 1000-ə yaxın fərqli bakteriya növü yaşayır. Bunların çoxu bizi təhlükəli bakteriyaların səbəb olduğu infeksiyalardan qoruyan, gündəlik həyatımızda məruz qaldığımız bəzi kimyəvi maddələri parçalayaraq immun sistemimizin inkişafında mühüm rol oynayan faydalı bakteriyalardır.

Dəsmalların üzərində yaşayan bakteriyaların çoxu da dərimizdə və yaşadığımız mühitdə rast gəlinən növlərdir. Bunlar arasında çox vaxt insan bağırsağında rast gəlinən Stafilokok bakteriyası və Escherichia coli, həmçinin toyuq kimi qida məhsulları vasitəsilə ötürülən xəstəliklərə və ishalın əsas səbəblərindən biri olan Salmonella və Şigella bakteriyaları var.

Lakin bu bakteriyaların bəziləri eyni zamanda fürsətçi patogenlərdir. Normal şərtlərdə zərərsiz hesab olunan bu mikroorqanizmlər, yaralar və ya dərinin zəif yerlərinə daxil olduqda müxtəlif toksinlər ifraz edə və ya immun sistemi zəif olan insanlarda infeksiyalara səbəb ola bilər.

Dərimiz infeksiyalara qarşı təbii baryer rolunu oynayır. Bakteriyalara və patogenlərə qarşı ilk müdafiə xəttimiz dərimiz olduğundan, dəsmaldan dəriyə bakteriya keçməsi çox narahatlıq yaratmamalıdır. Lakin bəzi tədqiqatlar göstərir ki, dəsmalla yuyunmaq, sürtünmək və qurulanmaq dərinin müdafiə funksiyasını zəiflədə bilər.

Əsas problem isə dəsmal vasitəsilə əllərə keçən bakteriyaların ağız, burun və gözlərə yayılmasıdır. Bu səbəbdən əlləri qurulamaq üçün istifadə edilən dəsmalların, digər dəsmallarla müqayisədə daha təmiz saxlanılması vacibdir. Üstəlik, əlləri, qabları və masaları silmək üçün istifadə edilən dəsmalların qidalardakı patogenlərin yayılmasında əsas rol oynadığı da vurğulanır.

Scott Salmonella Norovirus və E. coli kimi bağırsaq infeksiyalarının dəsmallar vasitəsilə keçə biləcəyini qeyd edir. Bundan başqa, Covid-19 virusu da pambıq səthlərdə 24 saat qala bilir. Lakin virusun bu yolla yayılması əsas yoluxma üsulu deyil. Digər tərəfdən, mpox kimi toxunma ilə ötürülən viruslar mövcuddur. Buna görə də, səhiyyə qurumları belə viruslarla yoluxmuş şəxslərin dəsmal və yataq dəstlərinin başqaları tərəfindən istifadə edilməməsi barədə xəbərdarlıq edir.

Araşdırmalar göstərir ki, dəsmallar ziyil və qabarların yayılmasına səbəb olan insan papilloma viruslarının ötürülməsində də rol oynaya bilər. Elə buna görə də xəstəxanalarda və ictimai tualetlərdə təkrar istifadə edilə bilən əlləri qurulamaq üçün nəzərdə tutulan dəsmallar əvəzinə kağız dəsmallar və əl qurutma cihazları istifadə edilir. Lakin hansı variantın daha təhlükəsiz olduğu barədə qəti nəticələr mövcud deyil.

Scott dəsmalların həftədə bir dəfə yuyulmasını tövsiyə edir, lakin bu qaydanın hər vəziyyətdə keçərli olmadığını bildirir. Əgər biri xəstədirsə, qusursa və ya ishal olursa, bu zaman həftədə bir dəfə yumaq kifayət etmir. Belə hallarda həmin şəxsin ayrıca dəsmalı olmalı və hər gün yuyulmalıdır.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.