Dünyada ən çox yayılmış xərçəng növlərindən biri olan bağırsaq xərçəngi adətən artıq çəki, alkoqollu içki qəbulu, genetik və yaş kimi faktorlarla əlaqələndirilir. İngiltərədə yaşayan və 36 yaşında irəliləmiş mərhələ bağırsaq xərçəngi diaqnozu qoyulan Carla Mitchell çox insan tərəfindən gözardı edilən mühüm simptomlardan bəhs edib.
Milli.Az xəbər verir ki, Carla uzun müddət davam edən xroniki yorğunluq və ayaq ağrılarından şikayət edirdi. Nəcisində qan gördükdən sonra həkimə müraciət edib və aparılan təhlillər nəticəsində onun 3-cü mərhələ bağırsaq xərçəngindən əziyyət çəkdiyi aşkarlanıb. Bu vəziyyətə səbəb olan faktor isə Lynch sindromu adlanan genetik xəstəlik idi.
Lynch sindromu DNT-dəki səhvləri düzəltmək qabiliyyətini məhdudlaşdıraraq xərçəng inkişafına şərait yaradan genetik mutasiyalarla əlaqəlidir. Bu sindrom bağırsaq, uşaqlıq, yumurtalıq, mədə, öd kisəsi, prostat və sidik yolları kimi orqanlarda xərçəng riskini əhəmiyyətli dərəcədə artırır. Statistika göstərir ki, Lynch sindromu daşıyıcılarında bu orqan xərçənglərinin görülmə ehtimalı 70% daha yüksəkdir.
Sindrom genetik yolla keçdiyi üçün daşıyıcı şəxsin birinci dərəcəli yaxınları da risk altında ola bilər. Bununla belə, xəstəliyin erkən aşkar olunması, xərçəng riskini azalda biləcək tədbirlərin görülməsinə imkan yaradır. Araşdırmalar göstərir ki, gündəlik az dozalı aspirin istifadəsi bağırsaq xərçəngi riskini 40% azalda bilər.
Lakin İngiltərədəki statistikaya görə Lynch sindromu daşıyıcılarının 95%-i bu genetik riski bilmədən yaşayır. Rəsmi siyasətə əsasən, bütün bağırsaq xərçəngi xəstələri bu sindrom üçün yoxlanılmalıdır, lakin mütəxəssislər bu tədbirlərin kifayət qədər effektiv olmadığını bildirirlər.
Londondakı Xərçəng Araşdırma İnstitutundan Clare Turnbull Lynch sindromu riskini daşıyan şəxslər üçün erkən müdaxilə və strateji müalicə metodlarının həyati əhəmiyyət kəsb etdiyini vurğulayır. O həmçinin, uşaqlıq xərçəngi olan qadınların da bu sindroma görə müayinədən keçməsinin vacibliyini qeyd edir.
Oxford Universitetinin alimləri Lynch sindromu üçün xüsusi bir peyvənd üzərində çalışır. Bu peyvəndin immunitet sisteminə Lynch sindromundan qaynaqlanan DNT səhvləri ilə əlaqəli xərçəng hüceyrələrini aşkar etməkdə kömək edəcəyi gözlənilir.
İsmayıl
Milli.Az