Təhsil

Diplom var, iş yox... Universitetlər niyə əmək bazarına uyğun kadr yetişdirmir? - AÇIQLAMA

22 May 2025 16:09
Baxış: 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda ali təhsil sistemi ilə əmək bazarı arasında ciddi uyğunsuzluq mövcuddur. Əmək bazarında ən çox iş tapan məzunların statistikası bir daha göstərir ki, ölkədə yüzlərlə ixtisasın tədris olunmasına baxmayaraq real sektor cəmi bir neçə istiqamətə tələbat göstərir.

Milli.Az xəbər verir ki, rəqəmlərə görə, 2024-cü ildə işə düzələn məzunlar əsasən iqtisadiyyat (2,554 nəfər), maliyyə (1,806), mühasibat uçotu (1,746), menecment (1,574), sənayenin təşkili (1,515), biznesin idarə olunması (1,331), dünya iqtisadiyyatı (1,315), Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (1,096), bədən tərbiyəsi (1,044) və hüquqşünaslıq (868) ixtisasları üzrə təhsil alanlar olub. Halbuki ölkə universitetlərində 150-dən artıq ixtisas mövcuddur.

Bu isə belə suallar doğurur: Qalan ixtisaslar kimə və nəyə lazımdır? Bu ixtisasları bitirən minlərlə gənc hara gedir?

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki,  bir çox universitetlər qəbul planlarını əmək bazarının ehtiyaclarına əsasən deyil, sadəcə öz resurslarını və büdcə gəlirlərini artırmaq məqsədilə tərtib edir. Nəticədə universitetlər real sektorun ehtiyac duymadığı ixtisaslar üzrə kütləvi qəbul aparır, bu isə "diplomlu işsizlər ordusu"nun daha da böyüməsinə səbəb olur:

"Ali məktəblərin böyük əksəriyyəti işəgötürənlərlə əməkdaşlıq etmir, təcrübəyə əsaslanan proqramlar hazırlamır, tələbələrə əzbər və texnologiyadan uzaq təhsil verir. Təhsilin məqsədi imtahan keçmək, diplom almaq olur, amma bu diplomlar əmək bazarında demək olar ki, heç bir dəyərə malik deyil.

Universitetlər özlərini xidmət strukturu yox, kommersiya obyektinə çeviriblər. Tələbələr isə bu sistemdə gələcəyin peşəkarı yox, bu günün maliyyə mənbəyi kimi görünür. Beləliklə, ali təhsil müəssisələri tələbə sayını süni şəkildə artıraraq büdcədən dotasiya almağa və statistik göstəriciləri şişirtməyə çalışır.

Bu yanaşma yalnız təhsil sistemini deyil, ümumilikdə cəmiyyətin gələcəyini təhlükə altına atır. Universitetlərin əsas funksiyası cəmiyyətə bacarıqlı və rəqabətədavamlı kadrlar yetişdirməkdirsə, hazırkı sistem bu funksiyanı yerinə yetirmir. Bir çox fakültə və kafedra "diplom fabriki"nə çevrilib, elmi baza və sənaye ilə əməkdaşlıq isə yox dərəcəsindədir".

Ekspert qeyd edib ki, əmək bazarı isə sərt mövqe tutur. Şirkətlər məzunun sadəcə əla qiymətlərlə deyil, praktiki bacarıqlarla silahlanmış olmasını tələb edir. Universitetlər isə bu bacarıqları qazandırmaq əvəzinə, yalnız kağız üzərində dəyəri olan diplomlar verir:

"Hazırda bir çox ali məktəb yeni ixtisaslar açır, amma onların bazarda qarşılığı olub-olmadığını yoxlamır. Bu isə dövlət səviyyəsində ciddi nəzarət və sistemli islahatlar tələb edir. Ali Təhsil Haqqında Qanunda ixtisas siyahısı və qəbul planları hər il əmək bazarı ilə uzlaşdırılmalı, tələbat olmayan ixtisaslar ya bağlanmalı, ya da restrukturizasiya olunmalıdır. Eyni zamanda, universitetlərin akkreditasiyasında yalnız akademik göstəricilər deyil, məzunların məşğulluq səviyyəsi əsas meyara çevrilməlidir.

Təhsil Nazirliyi və Dövlət Məşğulluq Agentliyinin əmək bazarında ən çox iş tapan məzunlar barədə təqdim etdiyi reytinq vacib bir addımdır. Lakin bu, sadəcə başlanğıcdır. Növbəti mərhələdə nəticəsiz ixtisasların siyahısı hazırlanmalı, ali təhsil sistemində məzmun islahatları həyata keçirilməli və universitetlər real bazar tələblərinə uyğunlaşdırılmalıdır.

Əks halda, hər il minlərlə gənc universitetlərə daxil olacaq və dörd il sonra "işsizlər ordusu"na diplomla qoşulacaq. Bu isə artıq təkcə təhsil deyil, sosial ədalət probleminə çevrilir".

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.