İqtisadiyyat

Fermer təsərrüfatlarında müasir suvarma sistemlərindən istifadə genişlənir

17 Sentyabr 2020 15:45
Baxış: 909

Müasir suvarma sistemlərindən istifadə fermerlərin təsərrüfat xərclərini azaldır, məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur. Fermer daha ucuz qiymətə məhsul istehsal etməklə həm bazarlarda qiymət rəqabətində üstün olur, həm də daha çox gəlir əldə edir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

O bildirib ki, hazırda Azərbaycanda intensiv bağ təsərrüfatlarında müasir damlama sulama sistemlərindən istifadəyə geniş maraq yaranıb:

"Salınmış bağın intensiv olmasını müəyyənləşdirən əsas şərtlərdən biri bağda damlama sulama sisteminin quraşdırılmasıdır. Ölkədə intensiv bağların sahəsi genişlənir, fermerlər dövlət dəstəyi ilə bağlarda müasir suvarma sistemləri qururlar. Müasir suvarma sistemlərinin təsərrüfat baxımından bir neçə üstün cəhəti var. Bu sistemlərin tətbiqi su ehtiyatlarından qənaətlə istifadəyə imkan verir, ağacların lazımı minerallarla müəyyən olunmuş ölçüdə təminatını həyata keçirir, gübrə və dərman sərfiyyatını azaldır, alaq problemini ciddi şəkildə aradan qaldırır, torpağın şoranlaşmasının və erroziyaya uğramasının qarşısının alır. Ən əsası isə bu cür sistemlərlə təchiz olunmuş bağlarda məhsuldarlıq adi bağlara nisbətən 4-6 dəfə artıq olur. Qeyd olunan amillərin hər biri məhsulun maya dəyərini azaldan amillərdir, bu səbəbdən fermerlərimizin bağlarda müasir damlama sulama sistemlərindən istifadəsi məqsədəuyğun sayılır".

Nazirlik rəsmisi deyib ki, dövlət intensiv bağların genişləndirilməsi və aqrar məhsulların ixrac potensialının yüksəldilməsi məqsədilə müasir suvarma sistemlərini güzəşt kateqoriyasına daxil edib: "Fermerlərimiz dövlət güzəştindən yararlanaraq müasir suvarma sistemlərini dəyərinin 20 faizini ilkin ödəniş etməklə əldə edə bilərlər. Avadanlığın dəyərinin 40 faizini dövlət ödəyir, qalan 40 faiz isə banklar tərəfindən 5 il müddətinə kreditləşdirilir. Beş il ərzində kreditin əsas hissəsini fermer, faizlərini isə dövlət ödəyir. Bu dəstək mexanizmi fermerlərin öz təsərrüfatlarında müasir suvarma sistemləri quraşdırmasını stimullaşdırır. Fermerlərimizi dövlətin yaratdığı imkanlardan istifadə edərək, öz təsərrüfatlarında müasir suvarma sistemləri quraşdırmağa çağırırıq".

Milli.Az 

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.