İqtisadiyyat

Arseni Mitko: "Azərbaycan iri bərpa olunan enerji ehtiyatları potensialına malikdir"

26 Fevral 2020 09:05
Baxış: 1 178

Azərbaycan enerji xərclərini azaltmaq niyyətindədir.

Milli.Az bildirir ki, bunu Trend-ə rusiyalı ekspert, texniki elmlər namizədi Arseni Mitko deyib.

O qeyd edib ki, 2007-2012-ci illərdə Azərbaycanda elektrik enerjisi sahəsində şərti yanacağa qənaət stabil olaraq ildə təxminən 1,7 milyon ton təşkil edirdi:

"2012-ci ilədək 1 kilovatt/saat elektrik enerjisinin istehsal olunması üçün ortalama 131,8 ton şərti yanacaq sərf olunub. Bu, 2009-cu illə müqayisədə 12 faiz az olub. Ehtimal olunur ki, gələcəkdə generasiya sektorunda bərpa olunan enerji mənbələri obyektlərinin istifadəyə verilməsi hesabına elektrik enerjisi əldə olunması artacaq, eyni zamanda elektrik enerjisi istehsalı ildə 2,6 milyard kilovatt/saatadək artacaq. Beləliklə də, bərpa olunan enerji mənbələri stansiyaları ildə əlavə 1 milyon tonadək şərti yanacağa qənaət etməyə imkan verəcək".

Ekspertin sözlərinə görə, Azərbaycanın hədəfi 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin enerji balansının sərfiyyat hissəsində payını 30 faizədək çatdırmaq və parnik qazlarının atmosferə tullantılarının 30 faiz, yəni 1990-cı il səviyyəsinədək azaltmaqdır. Bu göstəricilərin əldə olunması üçün Avropa İttifaqı Azərbaycana maliyyə yardımı göstərir.

A.Mitko xatırladıb ki, 2004-cü ildə Azərbaycanda alternativ enerjinin inkişafı üzrə proqram qəbul olunub, 2009-cu ildə Sənaye və Energetika Nazirliyi nəzdində müvafiq agentlik yaradılıb, bu agentlik 2012-ci ildə müstəqil "Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi"nə çevrilib:

"Bu təşkilatın öhdəlikləri sırasına layihələrin hazırlanması, avadanlıqların satın alınması, bərpa olunan enerji mənbələri obyektlərinin tikintisi, enerji avadanlıqlarının istismarı və infrastrukturun inkişafı ilə bağlı məsələlərin həlli daxildir. Hazırda Azərbaycanın milli enerji sistemi daşıma sektorunda mühüm enerji qənaəti potensialına malikdir. 2011-ci ilin yekunlarına əsasən şəbəkə itkiləri nəql olunan elektrik enerjisi həcminin 4,59 faizini təşkil edirdi, paylayıcı şəbəkələrdə isə bu göstərici 16 faizə çatırdı. Ölkə hökuməti hesab edir ki, gələcəkdə görüləcək tədbirlər elektrik enerjisi ixracını ildə 8-10 milyard kilovatt/saata çatdırmağa imkan verəcək".

Ekspert əlavə edib ki, XX əsrin sonlarında MDB ölkələri inkişafda geri düşdü və yeni şərtlərdə mövcud olmaları üçün yollar axtarmağa başladı, ona görə də enerji səmərəliliyi onlar üçün prioritet deyildi:

"XXI əsrdə bu dövlətlərin həmin sektora diqqəti çoxaldı. 2000-ci illərdə MDB ölkələri müvafiq tədbirlər hazırladı və fəal şəkildə onların reallaşdırılmasına başlandı. Bəzilərinə hətta aparıcı ölkələr, ilk növbədə ABŞ da köməklik göstərdi. Belə ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Mərkəzi Asiyada enerjidə səmərəli texnologiyaların tətbiqi üzrə (CAEESP) proqramı müxtəlif növ, o cümlədən maliyyə yardımı göstərilməsini nəzərdə tutur. CAEESP çərçivəsində aşağıdakı tədbirlər görülür:

  • vəziyyətin dəyərləndirilməsi və prioritetlərin müəyyən olunması;
  • maraqlı şəxslərin maariflilik səviyyəsinin artırılması və enerji səmərəliliyi sahəsində mövcud yanaşmaların öyrədilməsi;
  • enerji qənaəti üzrə layihələrin hazırlanması və maliyyələşdirmənin cəlb olunmasında yardım;
  • özəl enerji xidmət şirkətlərinin dəstəklənməsi;
  • regional təhlil və enerji səmərəliliyi sahəsində tövsiyələr.

Vurğulamaq lazımdır ki, MDB ölkələri, o cümlədən Azərbaycan dünya miqyasında iri bərpa olunan enerji ehtiyatları potensialına malikdir".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.