İqtisadiyyat

Azərbaycanda “Qazdan istifadə Qaydaları” təsdiqlənib

16 May 2011 19:57
Baxış: 3 221
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda təbii qaz istehlakçılara yalnız fərdi müqavilə ilə satılacaq. APA-nın məlumatına görə, bu Nazirlər Kabinetinin təsdiqlədiyi "Qazdan istifadə Qaydaları"nda nəzərdə tutulur.

"Qaz təchizatı haqqında" qanuna uyğun olaraq hazırlanan qaydalar qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir.

Qaydalara əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Alqı-satqı müqaviləsində qaz paylayıcısı və istehlakçının vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər göstərilir. İstehlakçıya satılan qazın keyfiyyət göstəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verməlidir.

Qaydaların icrasına nəzarəti qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Sənaye və Energetika Nazirliyi (SEN) və texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi (FHN) həyata keçirir.

Qaydalarda yeni tikilən binaların qaz şəbəkəsinə qoşulması qaydası da göstərilib. Qaydalara görə, müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması tikinti-quraşdırma işlərini aparmış təşkilatın, qaz paylayıcısının, FHN-in və SEN-in səlahiyyətli nümayəndələrindən ibarət işçi və qəbul komissiyaları tərəfindən, məişət qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması isə qaz paylayıcısı tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir və aktla rəsmiləşdirilir.

Qaydalara əsasən, qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Bundan başqa, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməlidir.

Qazdan istifadə edən istehlakçılar digər məsələlərlə bağlı qaz qurğularının, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin normal işləməsini diqqətdə saxlamalı, mənzildə 1 (bir) aydan çox müddətdə kimsənin yaşamayacağı halda, qaz paylayıcısını bu barədə əvvəlcədən yazılı olaraq məlumatlandırmalıdır.

İstehlakçıların özbaşına qaz qurğuları quraşdırılması, qaz qurğularının yerini dəyişməsi, qaz qurğusunun quraşdırıldığı yerin quruluşunu (planını) müvafiq razılaşma olmadan dəyişdirməsi qadağandır. Bundan başqa, tüstü bacalarının və hava dəyişmə xətlərinin quruluşunu dəyişdirmək, hava dəyişmə xətlərini bağlamaq, tüstü bacalarının təmizlənməsi üçün nəzərdə tutulan "cibləri" hörmək və ya bağlamaq, tüstü bacalarına və suqızdırıcıların tüstü ötürücü xətlərində özbaşına əlavə şiberlər (qapaqlar) quraşdırmaq da qadağandır.

Qazdan istifadə edən istehlakçılar ildə azı bir dəfə tüstü və hava dəyişmə xətlərini yoxlamalı və təmizləməlidirlər.

Qaydalara əsasən vanna otaqlarının qapıları altında dəliklər olmadıqda, həmin otaqlarda qaz qurğularından istifadə etmək, eləcə də bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xətti çəkmək qadağandır.

Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxslərə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. "Qazdan istifadə Qaydaları"na əsasən istifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir.

Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

Yeni qaydalar istehlakçıya qaz verilməsinin dayandırılmasının qaydalarını da dəqiqləşdirir. Sənədə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədikdə, istehlakçı qaz pulunu 1 ay ərzində ödəmədikdə, qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda və s. hallarda qazın verilməsi dayandırılır. İstehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.

Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.