İqtisadiyyat

Azərbaycan metallurgiya sənayesini bərpa edir - VİDEO

13 Yanvar 2014 13:43
Baxış: 2 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2013-cü ilin 11 ayı ərzində Azərbaycan xaricdən bir milyard dollarlıq qara metal və ondan hazırlanan məmulatlar idxal edib


Anspress-in məlumatına görə, halbuki yerli istehsal yüksək səviyyədə olsaydı, bu vəsait ölkəmizdə qala bilərdi. Ölkəmiz bu gün metallurgiya sənayesi məhsullarına olan tələbatının böyük hissəsini xaricdən idxal hesabına ödəyir. Məhz buna görə, prezident İlham Əliyev Azərbaycanda bu sahədə yeni müəssisələrin yaradılmasını tapşırıb.

Dövlət başçısının sözlərinə görə, metallurgiya sənayesinin inkişafı üçün ölkədə kifayət qədər xammal ehtiyatı var və ona görə də 2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalı və yeni metallurgiya kombinatı tikilməlidir.

Ölkəmizdə bu sahənin zəngin ənənələri də var. Hələ 1950-ci ildə zəngin xammal mənbəyi olan Daşkəsən dəmir filiz yatağı istifadəyə verilib. Buradakı filizsaflaşdırma zavodu 1954-cü ildən işə salınıb. Sonralar Gəncədə, Sumqayıtda böyük alüminium və boru zavodları istehsala başlayıb. Lakin 90-cı illərdə SSRİ-nin süqutu, Azərbaycan iqtisadiyyatında baş verən durğunluq metallurgiya müəssisələrinin işinin dayanmasına, hətta bu zavodların dağıdılmasına səbəb oldu.

İqtisadçı ekspert Qubad İbadoğlu bu sahənin inkişafını ölkə iqtisadiyyatı üçün vacib sayır: "1993-cü ildə dövlət proqramı qəbul edildi. Amma onda vəsait yox idi. Böyük vəsait lazım idi. Yalnız 2010-cu ildə real istehsal başladı".

Amma bu gün də metallurgiya sənayesinin yaxşı günlər yaşadığını demək olmaz. Doğrudur, bir neçə iri özəl zavodlar var. Amma onların istehsal həcmi o qədər də çox deyil.

Ekspertin sözlərinə görə, metallurgiya sənayesi regionlarda yerləşdiyi üçün regional sosial-iqtisadi inkişafa töhvə ola bilər: "Regionlarda iri müəsisələrin fəaliyyət göstərməsi xüsusilə də Gəncə, Sumqayıt, Daşkəsən və Gədəbəydə yeni sənaye şəhərlərinin formalaşmasına gətirib çıxaracaq".

Metallurgiya sənayesinin inkişafı məşğulluq probleminə də müsbət təsir edə bilər. Metallurgiya sənayesi əmək tutumlu olduğundan bu sahənin inkişafı xüsusilə bölgələrdə yeni iş yerlərinin açılması deməkdir. Statistik məlumatlara görə, hazırda bu sahədə 6 minə qədər insan çalışır. Bu sektorun özəlliklərindən biri də burada işin xüsusiyyəti ilə bağlı əməkhaqqının yüksək olmasıdır. Məsələn, metallurgiya müəssisəsində çalışan bir işçinin orta aylıq əməkhaqqı 600 manata yaxındır. Amma təəssüf ki, bu gün metallurgiya sahəsinin ümumi sənayedə payı cəmi 1-2%-dir.

Mütəxəssislər hesab edir ki, metallurgiya sənayesinin inkaşafı yalnız hökumətin imkanları hesabına həyata keçirilməməli və xarici investorlar da cəlb olunmalıdır. Həmçinin daha çox kiçik və orta müəsisələrin yaradılmasına üstünlük verilməlidir. Bu yolla ölkə metallurgiya məhsullarının dünya bazarındakı qiymət dəyişikliyindən irəli gələn risklərdən qoruna bilər.

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.