İqtisadiyyatın digər sahələri ilə müqayisədə iqlim dəyişmələrinin ən çox təsir etdiyi sahə kənd təsərrüfatıdır. Bu gün dünyada su və torpaq resurslarının istehsal imkanları son həddədir və mövcud tələbatı çətinliklə ödəyir. Dünya əhalisinin və ərzağa olan tələbatın artması torpaq və su resursları üzərində təzyiqi artırır. Yağıntıların miqdarındakı dəyişikliklər, ortalama temperaturun yüksəlməsi, daşqınlar, quraqlıq və s. kimi amillər kənd təsərrüfatında mühüm təsirlərə malikdir. Nəticədə böyük torpaq sahələrinin əkin dövriyyəsindən çıxmasına, heyvanlarda xəstəliklərin yaranmasına səbəb olur.
Milli.Az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Bəhruz Nuriyev deyib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasının (COP28) əhəmiyyətindən danışan B.Nuriyev bildirib ki, Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 12-ci maddəsinə uyğun olaraq Konvensiyanın Əlavə 1-ə daxil olmayan (inkişafda olan) ölkə kimi, Azərbaycan öz emissiyaları haqqında hesabatı hər dörd ildən bir Konvensiyanın Katibliyinə təqdim edir. Konvensiya ilə yanaşı, Azərbaycan Respublikası Paris Sazişini 2016-cı ildə ratifikasiya edərək qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb. 2050-ci ildə isə bu hədəfin 40 faizə çatdırılacağına dair öhdəliyi təsdiqləyib və bu istiqamətdə aktiv fəaliyyət göstərmək Azərbaycan hökuməti üçün prioritet məsələdir.
Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri bildirib ki, beynəlxalq təcrübələrə əsaslanaraq iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinin aradan qaldırılması üçün iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin yumşaldılması, yəni mitiqasiya istiqamətində ölkə siyasətini təşviq edərək Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətləri çərçivəsində Strategiya Planı hazırlanıb. Aqrometeoroloji məlumatların təhlili əsasında iqlim dəyişmələrinə həssas ərazilər müəyyənləşdirilərək təbii resurslardan səmərəli istifadə proqramları həyata keçirilir. Bütün bunlar İqlim-ağıllı kənd təsərrüfatı (Climate-smart agriculture) konsepsiyalarında öz əksini tapır. Kənd Təsərrüfatı Nazirliyinin iqlim dəyişmələrinin təsirlərinə yönəlmiş inkişaf strategiyası həmin konsepsiyaya uyğun həyata keçiriləcək.
Azərbaycan COP28-də pavilyonla təmsil olunur. Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon "İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq" ("Pioneering sustainable solutions for climate resilience") mövzusunu əhatə edir.
Pavilyonun konsepsiyası Azərbaycanın zəngin flora və faunası üzərində qurulub.
İnteraktiv formatdakı pavilyonda Azərbaycanın iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya, adaptasiya üzrə fəaliyyəti və digər layihələr barədə məlumat verilir.
Pavilyonda "Enerji keçidi", "Ətraf mühit xəritəsi", "Bərpaolunan enerji", "Ağıllı kənd" və digər bölmələr fəaliyyət göstərir. İnteraktiv formatdakı "Azərbaycanın Ətraf Mühit Xəritəsi" Milli Parklar, İqlim növləri, Bərpaolunan enerji, Su ehtiyatları və Yaşıl konsepsiyanı əks etdirir. Hər mövzu mövcud infrastruktur və gələcək layihələr haqqında ətraflı məlumatlarla Azərbaycanın xəritəsini təqdim edir. Pavilyondakı instalyasiyada Azərbaycan Respublikasının "Qırmızı kitab"ı, iqlim təşəbbüsləri və minalarla mübarizə mövzusu da əhatə olunub. Burada "Qırmızı kitab"a düşmüş və Azərbaycanda nəsli kəsilməkdə olan heyvan və bitkilər haqqında məlumatlar, QHT və dövlət qurumları tərəfindən həyata keçirilən ekoloji layihələr, ölkəmizdəki mina problemi və ekoloji nəticələri barədə məlumat verilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun