İqtisadiyyat

Azərbaycan qazı üçün növbə - ölkənin Avropa bazarında mövqeyi getdikcə möhkəmlənir

27 Noyabr 2022 10:23
Baxış: 956

Hazırda kəskin enerji böhranının yaşandığı Avropada Azərbaycan qazına tələbat sürətlə artır. Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 25-də "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat" adlı beynəlxalq konfransda dediyi kimi, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan sonra qaz tədarükünün ya artırılması, ya da başladılması ilə bağlı Avropanın 10-dan çox ölkəsindən müraciətlər daxil olub. Bu gün Azərbaycandan təqribən 22 milyard kubmetr qaz ixrac edilir ki, bunun da 50 faizindən çoxu Avropa ölkələrinə gedir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hazırda Azərbaycan qazının tədarükü artıq imzalanmış müqavilələr əsasında həyata keçirilir və bu müqavilələrdə konkret həcmlər göstərilir. Bazarda artan tələbatı ödəmək üçün qaz hasilatını artırmaq lazımdır ki, bu da yeni razılaşmalar olmadan mümkün deyil. Azərbaycanın "Abşeron", "Ümid", "Babək", "Asiman", "Şəfəq" və digər yataqlardan qaz hasilatını artırmaq üçün böyük potensialı var.

Azərbaycan qazının tədarük coğrafiyasını genişləndirmək üçün əlavə boru kəmərlərinin tikintisi tələb olunur ki, onlardan biri Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) 2022-ci il oktyabrın 1-də istifadəyə verilib. Qeyd etmək lazımdır ki, bu infrastrukturun işə salınması sayəsində Bolqarıstanda qazın topdansatış qiyməti birbaşa 34 faiz ucuzlaşıb. Bu, Azərbaycan qazının tədarükünün ehtiyacları ödəməkdən əlavə, bazarda rəqabəti necə artırdığının və bununla da hazırda Avropa istehlakçısı üçün çox vacib olan qiymətlərin aşağı düşməsinə töhfə verdiyinin bariz nümunəsidir.

Bolqarıstan və Serbiya arasında interkonnektorun 2023-cü ildə işə salınması planlaşdırılır ki, bu da Serbiyaya Azərbaycan qazına çıxış əldə etməyə imkan verəcək. Maraqlıdır ki, Serbiya müvafiq infrastrukturun hazır olmasını gözləmədən Azərbaycanla müqavilə imzalamaq istəyir. Albaniya da Azərbaycan qazının idxalında maraqlı olan ölkələr sırasındadır və hazırda Trans-Adriatik boru kəmərinin tranzit ölkəsidir. Həmçinin TAP-a qoşulmalı və qazı Bosniya və Herseqovina, Monteneqro, Xorvatiyaya çatdırmalı olan İon-Adriatik boru kəməri də diqqət mərkəzindədir. Macarıstan, Şimali Makedoniya və enerji çatışmazlığı probleminə daha həssas olan digər ölkələr də Azərbaycan qazına maraq göstərirlər.

Amma Azərbaycan qazının Avropaya tədarükünü artırmaq üçün həllini tapmalı olan ən mühüm məsələ, təbii ki, Cənub Qaz Dəhlizinin buraxılış imkanlarının genişləndirilməsidir.

Prezident İlham Əliyev vurğulayıb ki, bunun üçün əlbəttə ki, bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq.

"Biz tamamilə yeni olan mövcud boru kəməri sistemini genişləndirməliyik. İki ildən az müddət bundan əvvəl biz Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərini tamamladıq. Lakin artıq bu gün biz həcmin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük. Bunun üçün əlbəttə ki, bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq. Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. Buna görə biz ümid edirik ki, tərəfdaşlarla həmin məqama çatacağıq. Həmçinin TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi. Çünki demək olar ki, TANAP-ın bütün tutumu cəlb olunub. Əlbəttə ki, bütün bunlara əlavə sərmayə lazım olacaq. Bunun üçün bizə əlbəttə ki, türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq", - deyə Prezident İlham Əliyev bildirib.

Beləliklə, Azərbaycanın Avropaya daha çox qaz tədarük etmək və qitənin enerji təhlükəsizliyini təmin etmək potensialı və arzusu var. Avropa ölkələri də, göründüyü kimi, etibarlılığını dəfələrlə sübut etmiş ölkəmizlə tərəfdaşlıq əlaqələrini genişləndirməyə çalışır. Amma arzu olunanı reallığa çevirmək üçün artıq konkret addımlarla dəstəklənən substantiv kommersiya danışıqlarına ehtiyac var, çünki qaz hasilatının artırılması və mövcud infrastrukturun genişləndirilməsi də müəyyən vaxt tələb edir.

Milli.Az

5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics