İqtisadiyyat

Devalvasiya iddiası: Hansı hallarda manat ucuzlaşdırıla bilər?

12 Yanvar 2022 13:48
Baxış: 1 354

Azərbaycanda son aylarda yenidən devalvasiyanın olacağına dair iddialar, ehtimallar səsləndirilməkdədir. 2015-ci ilin acı təcrübəsi ilə əlaqədar bu fərziyyələrə inanan kifayət qədər insan var.
 
Bəs, indiki iqtisadi göstəricilərlə ölkəmizdə yenidən devalvasiyanın baş verməsi ehtimalı nə dərəcə realdır, devalvasiya hansı hallarda baş verə bilər?

Milli.Az sfera.az bildirir ki, iqtisadi baxımdan dollar/manat məzənnəsinin dəyişməsi tədiyə balansının vəziyyətindən asılıdır.

Tədiyə balansı nədir?

Sadə formada izah etsək, tədiyə balansı müəyyən dövrdə ölkədən çıxan dollarla, ölkəyə daxil olan dolların fərqini göstərir. Ölkədən çıxan dollar, ölkəyə daxil olan dollardan çox olduqda manatın ucuzlaşması üçün əsas yaranır, əks hallarda məzənnə sabit qalır, yaxud manat bahalaşır.

Lakin tədiyə balansında kəsir yarananda Mərkəzi Bank devalvasiya qərarı verməyə tələsmir, bu halda 2 göstəriciyə diqqət yetirir: birincisi, kəsirin məbləği nə qədər böyükdür, ikincisi, kəsir hansı müddətə aradan qalxa bilər.

Əgər kəsirin məbləği bir neçə yüz milyon dollar, yaxud 1-2 milyard dollardırsa və  bu kəsir 1 ildən sonra aradan qalxacaqsa, o halda devalvasiyaya gedilmir. Amma kəsirin məbləği çox böyükdürsə, məsələn, 3-4 milyard dollar və ya daha çox, həmçinin kəsirin qısa müddətdə aradan qalması ehtimalı azdırsa, bu halda Mərkəzi Bank vaxt itirmədən devalvasiyaya gedir.

Azərbaycanda son illərdə tədiyə balansında bir neçə dəfə kəsir yaranıb. 2015-2016-cı illərdə və 2020-ci ildə tədiyə balansında kəsir olub. İndiyə qədər 2 dəfə kəsirin yaranmasına baxmayaraq, yalnız 2015-ci ildə devalvasiya qərarı verilib.

Çünki öncə də qeyd etdiyimiz kimi, həmin dövrdə həm kəsir böyük olub (11,33 milyard dollar), həm də kəsirin qısa müddətdə aradan qalxma ehtimalı yox idi.

Lakin 2020-ci ildə 2 milyard dollara yaxın kəsirin yaranmasına baxmayaraq, Mərkəzi Bank devalvasiya qərarını vermədi. Bunun da yeganə səbəbi kəsirin qısa müddətdə aradan qalxacağına dair proqnozların güclü olması idi.

Həqiqətən də 2021-ci ildə tədiyə balansında müsbət fərq yarandı və devalvasiya təhlükəsi aradan qalxdı. Mərkəzi Bankın 2021-ci ilin yanvar-sentyabr aylarına dair açıqladığı məlumat göstərir ki, tədiyə balansında 2,44 milyard dollar müsbət fərq var. Müsbət fərqin ilin yekununda 3,5-4 milyard dollara yüksələcəyi proqnozlaşdırılır.

Azərbaycanın tədiyə balansının vəziyyəti daha çox neftin ixrac qiyməti ilə bağlıdır. İxrac qiyməti 50 dollardan aşağı düşmədikdə kəsirin yaranması ehtimalı olmur.

Hazırda neftin orta qiyməti 85 dollar ətrafında dəyişir və proqnozlara əsasən, 2022-ci ildə orta qiymət 70 dollardan aşağı düşməyəcək. Qarşıdakı illərdə qaz ixracının da artacağını nəzərə alsaq, tədiyə balansında kəsirin yaranması ehtimalı azdır.

Buna görə də nə 2022-ci ildə, nə də yaxın 2-3 ildə devalvasiyanın olma ehtimalı yoxdur. Yalnız Mərkəzi Bank və hökumət müəyyən məqsədlər (qeyri-neft ixracının artırılması, daha çox turistin cəlb edilməsi və s.) naminə devalvasiya qərarı verə bilər. Ancaq belə məqsədlər üçün devalvasiyanın faydalı olacağı iddiası reallıqda öz təsdiqini tapmayıb.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.