Mədəniyyət

"Fantaziyanı biç, çantaya çevir" müsabiqəsinin bağlanış mərasimi keçirilib - FOTO

19 İyun 2021 16:24
Baxış: 462

Worldskills Azerbaijan platformasının təşkilatçılığı ilə 14-25 yaşlı gənclər arasında keçirilən "Fantaziyanı biç, çantaya çevir" müsabiqəsinin bağlanış mərasimi keçirilib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutan tədbirdə müsabiqəçilərin əl işlərindən ibarət sərgi və qaliblərin mükafatlandırılması həyata keçirilib.

Sərgi və mükafatlandırma mərasiminin açılış nitqində Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini Ceyhun Kərəmov müsabiqənin perspektivləri, mahiyyəti barədə söhbət açıb. Agentlik rəsmisi qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Bununla yanaşı, tədbirdə çıxış edən Azərbaycan Milli Geyim Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Cizgi" brendinin təsisçisi və Worldskills Azerbaijan platformasının dəb texnologiyaları üzrə səfiri modelyer-dizayner Gülnarə Xəlilova və "Libas" moda evinin həmtəsisçisi, rəssam-dizayner Zemfira Cəfərova bu səpkidə müsabiqələrin gənclərin dəb texnologiyaları ixtisasına olan marağının artırmasına, eləcə də  sözügedən ixtisasın inkişafına töhfə verəcəyini vurğulayıblar.

Xatırladaq ki, aprel-may aylarında keçirilən müsabiqəyə 60-dan çox iştirakçı hazırladıqları eko-çantaları təqdim ediblər. Qaliblər Facebook sosial mediasında keçirilən səsvermə və münsiflərin heyətinin dəyərləndirməsindən ibarət iki mərhələli qiymətləndirmə prosesinə əsasən müəyyən edilib. Yekun qiymətləndirmə nəticəsinə görə Nadirli Ramilə 78.3 bal ilə I yerə, Cəfərli İlahə 68.8 bal ilə II yerə, Babayev Murad 68 bal ilə III yerə layiq görülüb. Qaliblər təcrübə imkanı və müxtəlif hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiyadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.