Mədəniyyət

"Əgər mükəmməl ola bilməsən, bu sənət səni məhv edəcək" - Keçmişdəki mən - FOTO

1 Dekabr 2019 22:44
0 Şərh     Baxış: 760

Bəhram Osmanov: "İnstitutu bitirəndə, gördüm ki, 9-a yaxın bütöv tamaşa hazırlamışam"

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir. 

"Valideynlərim teatra olan marağımın keçici olacağını düşünürdülər. Çünki onlar mənim daha hörmətli bir peşəyə yiyələnməyimi istəyirdilər. Amma teatrın sehri məni özünə cəlb etmişdi. O sehrin təsiri altına düşdüyüm gündən sonra məktəbdə öyrəndiyim hər şeyi yadımdan çıxardım".
 
Bu sözləri bizimlə söhbətində Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov söylədi. Onunla söhbətimiz əsnasında rejissorun uşaqlıq, gənclik illərinə nəzər saldıq.
 
1962-ci ildə Gəncə şəhərində anadan olan müsahibim deyir ki, uşaqlıq illəri onun üçün maraqsız keçib: "Gəncə mənim ata-baba yurdumdur. Atam, babam və böyük babalarım da bu şəhərdə dünyaya göz açıb. Amma hamıdan fərqli olaraq, yaşadığım mühit və sovet dövrünün reallıqları mənim üçün maraqsız gəlirdi. Ailədə 3 uşaq idik. Mən sakit təbiətli uşaq olmuşam. O illəri indi çətinliklə xatırlayıram. Valideynlərimin hər ikisi işləyirdi. Bütün valideynlər kimi mənim atam, anam da vətənə layiq övlad yetişdirməyə çalışırdılar".
 
Ən böyük əyləncəm kitab oxumaq idi
 
Müsahibim deyir ki, həmyaşıdlarından fərqli olaraq heç bir əyləncəyə, oyunlara marağı olmayıb: "Hələ uşaq vaxtından cəmiyyəti, ətraf mühiti öyrənmək istəmişəm. O dövrdə Gəncədəki uşaqların əksəriyyəti davakar idi. Sakit təbiətli biri olsam da, ətrafımda hər şeydən xəbərdar idim. Bəzən elə olurdu ki, mən də davalara qoşulurdum. Məktəb illərində ancaq dərsdən çıxıb evə gəlirdim. Bəlkə də, bu, mənim xarakterimdən irəli gələn bir şey idi. Ən böyük əyləncəm kitab oxumaq idi. O dövrdə müxtəlif dərnəklər, rəsm, idman dərsləri keçirilirdi. Bütün dərnəklərə yazılsam da, bir aydan sonra marağım itirdi. Teatrla tanış olduğum günə qədər çox yaxşı şagird idim. Dərslərimə hər zaman hazırlıqlı olurdum".
 
Rejissorun teatra marağı isə tamamilə təsadüf nəticəsində yaranıb: "Məktəb illərində "Qəribə dilənçi" adlı bir tamaşaya baxmışdım. Uzun illər sonradan öyrəndim ki, bu, Polşa tamaşasıdır. Bu tamaşada dəhşətli bir sehr məni özünə cəlb etmişdi. Artıq məndə teatr sənətinə böyük sevgi yaranmışdı. 6-cı sinifdə Gəncə Dövlət Dram Teatrında uşaq rolları oynamağa başlamışdım. Bir müddət sonra isə artıq böyük aktyorlarla birgə səhnəyə çıxdım. Ən böyük arzum aktyor olmaq idi. Valideynlərim isə bu marağımın keçici olacağını düşünür, əyləncə kimi qəbul edirdilər. Amma teatra marağım yaranandan sonra öyrəndiyim hər şeyi yadımdan çıxardım. Valideynlərim mənim daha hörmətli bir peşəyə yiyələnməyimi istəyirdilər. Amma günlərin bir günü "Bir baxış" tamaşasını izlədikdən sonra məndə təlatümlər yarandı. Beləliklə, rejissor olmağa qərar verdim. İstedadlı və zəhmətkeş aktyorların tərəfində olan bir rejissor olmaq istəyirdim. Məqsədim Moskvada təhsil almaq idi. Amma valideynlərim bu dəfə də istəyimə qarşı çıxdılar".

Düşünürdüm ki, bu iş məndə alınacaq
 
Valideynlərinin narazılığına görə, həmsöhbətim Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub: "Məktəb illərindən fərqli olaraq tələbəliyim çox maraqlı keçdi. Çünki o dövrdə özümü sərbəst və azad hiss edirdim. O illərdə Bakıda yataqxanada yaşayırdım. İnstitutun binası Malakan bağının yaxınlığında yerləşirdi. Ustad sənətçilərlə həm müəllim-tələbə, həm də dost münasibətimiz var idi. İnstitutumuzun pedaqoji heyəti çox güclü idi. Orada hamı bir-birini tanıyırdı. Timuçin Əfəndiyev o dövrdə teatr sənəti fakültəsinin dekanı idi. Timuçin müəllim təşkilatçı və institut rəhbəri kimi böyük işlər görüb. Mehdi Məmmədov bizim kafedra müdirimiz idi. Məşhur rejissor Nəsir Sadıqzadə kurs rəhbərim oldu. O, həm də mənim ən yaxın dostlarımdan biri idi. Yaş ötdükcə onlara olan hörmətim daha da artır. Çünki onlar mənə heç bir qadağa qoymamışdı. Tələbə vaxtı hər zaman tədris proqramından irəli gedirdim. İkinci kursda oxuyanda 10-15 dəqiqəlik rejissor parçası hazırlamaq əvəzinə, bütöv tamaşalar hazırlayırdım. Kurs tamaşalarıma komsomol təşkilatının rəhbərləri gəlib baxırdılar. İnstitutu bitirəndə gördüm ki, artıq 9-a yaxın bütöv tamaşa hazırlamışam. Bu, bir tələbə üçün çox yaxşı göstərici idi. Həmin tamaşalar haqqında bu günün məşhur tənqidçiləri rus və Azərbaycan dillərində böyük resenziyalar yazırdı. Onlar gənc bir tələbənin hazırladığı tamaşada axtardıqları konseptuallığı tapdıqlarını yazırdılar. Əlbəttə, bu, məni çox sevindirirdi. Düşünürdüm ki, bu iş məndə alınacaq. Hətta valideynlərim teatra gəlməyimi istəməsə də, sonradan bununla razılaşmalı oldular".
 
Boş vaxt tapan kimi kitab oxuyurdum 
 
İnstitutu bitirən müsahibim 1985-ci ildə hərbi xidmətə yollanır: "Hərbi xidmətim Dağıstanda olsa da, Şimali Qafqazın bütün şəhərlərini gəzdim. Amma hərbi xidmət illərim çox darıxdırıcı idi. Yaxşı ki, orada böyük bir kitabxana var idi. Gecələr boş vaxt tapan kimi kitab oxuyurdum. Bədii ədəbiyyat oxumaqdan böyük zövq alırdım. Sən demə, hərbi xidmətə gedəndə məni axtarırmışlar. Xalq artisti Qurban İsmayılov mənə yazıb demişdi ki, səni Mərkəzi Komitədən axtarırlar. Çünki həmin ərəfədə yenidənqurma siyasəti aparılırdı. Onlara yeni nəsli gənc nümayəndələri lazım idi. 1987-ci ildə Bakıya qayıtdım. Mərhum aktyorumuz Həsənağa Turabov Akademik Milli Dram Teatrın direktoru idi. Mənim diplom tamaşamı izləmişdi və məni teatrda işləməyə dəvət etdi. Beləcə, Akademik Milli Dram Teatrında 23 illik fəaliyyətim başladı".
 
Akademik Milli Dram Teatrından ayrıldıqdan sonra Bəhram Osmanov 3 il işsiz qalır, amma bu müddətdə sənətdən uzaqlaşmır: "Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri idim, ölkə hüdudlarından kənara çıxmağa başlamışdım. Məni Rusiyanın müxtəlif şəhərlərinə rejissor laboratoriyalarına dəvət etdilər və tamaşa hazırlamağımı istədilər. O üç il ərzində azad və sərbəst bir sənətçi ömrü yaşadım. 3 ildən sonra Gənc Tamaşaçılar Teatrının baş rejissoru təyin olundum və artıq 7-ci mövsümdür ki, burada işləyirəm. Teatrımızın çox maraqlı truppası var. Teatrı və tamaşanı həqiqətən sevən istedadlı aktyorlarla birgə işləyirik. Mənə elə gəlir ki, Gənc Tamaşaçılar Teatrı özünün ən parlaq dövrünü indi yaşayır".

Həmişə tələbələrimlə fəxr etmişəm
 
Mədəniyyət və İncəsənət Universitetində dərs deməyə başlayan Bəhram Osmanov o dövrdə SSRİ-nin 10 ən cavan institut müəllimlərindən olub: "Müəllim olmaq şəxsi istəyim deyildi. Timuçin müəllim universitetdə dərs deməyi mənə məsləhət gördü. Bunu istəməsəm də, təkid etdi. Bu yaxınlarda pedaqoji fəaliyyətimin 30 illiyi tamam oldu. Çoxlu sayda tələbəm var. Onların bəziləri fəxri adlara layiq görülüb. Tələbələrimdən bəziləri Gənc Tamaşaçılar Teatrında, o cümlədən bir sıra bölgə teatrlarında işləyirlər. Hər zaman onlarla fəxr etmişəm. Hərdən mənə zəng edib bəzi mövzularda məsləhət alırlar. Onlara həmişə deyirəm ki, teatr sahəsində uğur qazanmaq üçün zəhmət və səbir ən vacib keyfiyyətdir. Əgər bunlar varsa, istedad özünü büruzə verir".
 
Müsahibim işini nə qədər çox sevsə də, şəxsi həyatın həmişə bir addım ödə olduğunu deyir: "Nə olursa olsun, harada olmağımdan asılı olmayaraq özümü ailəmə həsr etmişəm. Bütün bu işləri görməkdə mənə hər zaman həyat yoldaşım kömək edib. O, mənim həyatdakı ən böyük dayağımdır. Mən dördüncü kursda oxuyanda o birinci kursda oxuyurdu. Biz bir-birimizi institut illərində tanıdıq və ailə qurduq. Təvazökarlıqdan uzaq olsa da, məncə, Azərbaycanda sənət pedaqogikasını onun qədər dəqiq bilən ikinci bir şəxs yoxdur. Hazırda birgə kurs aparırıq. Hər dərsdə onun necə inkişaf etdiyinin şahidi oluram. Buna görə də həmişə onunla fəxr etmişəm".
 
Qızımın bu sənətə gəlməyinə razı deyildim
 
İki qız atası olan Bəhram müəllim deyir ki, işindən dolayı övladlarının tərbiyəsinə çox vaxt ayıra bilməyib: "Bu işlə daha çox həyat yoldaşım məşğul olub. Amma hər zaman mərhəmətli övlad yetişdirməyə çalışmışıq. Dostoyevski deyir ki, dünyanı gözəllik xilas edəcək. İllər keçdikdən sonra başa düşdüm ki, dünyanı gözəllik xilas edə bilmir. Onu yalnız insanların mərhəməti xilas edə bilər. Bunun pis və yaxud yaxşı olduğunu deyə bilmərəm. Çünki bu, mənim həyata baxış tərzimdir. Qızlarımdan biri - Ayla Osmanova mənim sənətimi davam etdirir. Necə ki, valideynlərim mənim teatra gəlməyini istəmirdilər, mən də onun bu sənətə gəlməyinə razı deyildim. Lakin tale elə gətirdi ki, o, rejissorluğu məndən öyrəndi. Bakalavr və magistrda onun kurs rəhbəri idim. Düzü, iş mühitində ata və qız münasibətini bir kənara qoyub ancaq işə köklənirik. Bu, mənim xarakterimlə bağlı olan məsələdir. İşdən kənarda isə hamı kimi bizim də ata-övlad münasibətimiz var. Çalışıram ki, ailəmizdə heç bir problem olmasın". 
 
Deyir ki, keçmiş illərə geri qayıdanda peşmanlıq keçirdiyi müəyyən hadisələr də olub: "Hərdən fikirləşirəm ki, gərək sakit bir iş tapıb məşğul olardım. Teatra gəlməyimə peşmanlıq çəkdiyim vaxtlar da olub. Bəzən gücsüz olduğumu hiss etmişəm. Bu zaman öz-özümə demişəm ki, teatr mənim yerim deyil. Çünki bu, çox məşəqqətli sənətdir və sən hər zaman mükəmməl olmağa çalışmalısan. Əgər mükəmməl ola bilməsən, bu sənət səni məhv edəcək. Çünki teatr çox qəddardır".

Uğursuz işlərim çox olub
 
Bəhram müəllim bu gün də öz işinə şübhə ilə yanaşdığını söyləyir: "Heç bir zaman özümdən və işlərimdən razı olmamışam. Hər bir yeni tamaşaya başlamaq və tamaşa üzərindəki hazırlıq mənim üçün məsuliyyətli bir işdir. Amma mən teatrı sənət olaraq sevirəm. Məşhur bir ifadədə də deyildiyi kimi, özünü sənətdə yox, sənəti özündə sev. Düzdür, heç bir kəs uğursuzluqdan yaxasını qurtara bilməz. Mənim də uğursuz işlərim çox olub. Bir anlıq məyus olsam da, heç vaxt ruhdan düşməmişəm. Teatrda digər müəssisələr kimi bir müəssisədir və tamaşa istehsal edir. Gərək keyfiyyətli tamaşa hazırlayasan ki, onu sata biləsən. Mənə lazımdır ki, tamaşaya tamaşaçı gəlsin və bu sənətlə maraqlansın. Son 20 il ərzində buna az-çox nail olmuşam. Bu gün Gənc Tamaşaçılar Teatrının kifayət qədər tamaşaçısı var. Hər tamaşamda bunun canlı şahidi oluram". 
 
Sonda Bəhram müəllim rubrikanın ənənəsinə uyğun olaraq gənclərə öz tövsiyəsini də verdi: "Təhsili sevsinlər. Oxumaq heç vaxt insana mane olmayıb. Hansı sənətdə olmağına baxmayaraq, öz işini canla-başla görmək lazımdır. Bəzən biz arzuladığımız yox, tamam başqa bir peşəyə yiyələnirik. Bu isə o deməkdir ki, bizim həyatdakı missiyamız məhz olduğumuz yerdir. Ambisiyaları bir kənara atıb reallığı qəbul etmək lazımdır. Cəmiyyət gənclər üçün qurulur. Ölkə rəhbərliyi də bu sahəyə böyük diqqət göstərir. Biz bununla fəxr edirik ki, gənc səlahiyyət sahiblərimiz var. İstərdim ki, gənclər onlara yaradılan şanslardan yararlansınlar. Hər bir kəs öz ölkəsinin həqiqi vətəndaşı olmağı bacarmalıdır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.