Milli.Az-ın "Azərbaycanın kino incilərindən" layihəsində
Bu, sadəcə, güzgüləmə, aynada əks etdirmə effektinin təsirinin bədii həllidir - insanlar başqalarına münasibətdə bulunduğu yolverilməz davranışı özünə aid müşahidə edəndə diksinirlər, bu, onlara qətiyyən xoş gəlmir. Gənc bəstəkar Ayazın dostu gənc rejissor da Cənnət xalaya məhz bu "priyom"u tətbiq edərək Ayazla Sevdanın qarşılıqlı hörmət və məhəbbət üzərində qurulmuş ailəsini xilas edir - nişanlışı Zərifəni nəsilli-nəcabətli, varlı-hallı Afət adı altında Sevdanın qədrini bilməyən Cənnət xalaya yeni gəlin kimi təqdim edir. Kasıb ailədən çıxmış stomatoloq Sevda daxilən çox ziyalı təbiətə malikdir. Amma bu cəhət Cənnət xala üçün ən axırıncı yerdədir. Birinci yerdə olan isə gəlinin təmtəraqlı cehizə və məişət qəhrəmanlığı cəhətinə malik olmasıdır. Afətlə ünsiyyətdə o, bunların hamısını dəst halında alır: Sevdaya göstərdiyi qərəzli münasibəti indi onun özünə nümayişləyən, qayınananı məişət qəhrəmanına çevirən qondarma və həyasız gəlin rolunu oynayan Afət adlı bəla olaraq. Və nə yaxşı ki, müdriklik Cənnət xalanın dadına çatır - necə deyərlər, "pisi görməsən, yaxşının qədrini bilməzsən" prinsipi özünü doğruldur.
Videonu izləmək üçün şəklə klikləyin:
Milli.Az olaraq "Azərbaycanın kino incilərindən" layihəmizdə ekran əsərlərimizin yubileylərini qutlamaqda davam edirik. Anlaşıldığı kimi bu dəfə söhbət 1978-ci ildə Hüseyn Seyidzadənin Məcid Şamxalovun "Qayınana" librettosu əsasında ekranlaşdırdığı eyniadlı filmdən gedir. Əbədi, klassik, milli mövzu olan gəlin-qayınana münasibətlərinin bu dərəcədə qrotesk komikliklə həlli uzunmüddətli (və belə görünür ki, əbədi tamaşaçı marağı) doğurmaya bilməzdi. Filmin quruluşçu rejissorunun Hüseyn Seyidzadə olması amili, müasir dillə desək, kino sənətimizin brendlərindən birinin trenddə qalmasını təmin etməkdədir.
Filmdə İlqar obrazını canlandırmış xalq artisti İlham Namiq Kamalla Mədəniyyət və İncəsənət Universitetində görüşüb söhbətləşdik. Həmin gün müdiri olduğu "Musiqili teatr aktyoru" kafedrasında universitetə qəbul edilmiş tələbələrin fakültələrə bölüşdürülməsi günü idi. İlham müəllim niyyətimizi həvəslə qarşıladı və böyük məmnuniyyətlə filmlə bağlı təəssürat və xatirələrini bölüşdü.
Heydər Əliyevin tövsiyəsi
İlham Namiq Kamal:
- İnsanların 40 yaşını qeyd etmək məqbul sayılmasa da, filmlərin ekranlara çıxmağının 40-cı ildönümünə bu aid deyil. Təbii ki, "Qayınana" filminin adı çəkiləndə ilk olaraq gözlərimin qarşısında böyük rejissorumuz Hüseyn Seyidzadə canlanır. Bildiyiniz kimi film Məcid Şamxalovun eyniadlı librettosu üzrə Əjdər İbrahimovla xanımı Marqarita Maleyevanın yazdıqları ssenari əsasında çəkilib. Ümumiyyətlə belə bir filmin kino tariximizə yazılması isə Heydər Əliyevin adı ilə bağlıdır. O, teatrda həmin əsərin tamaşasına baxandan sonra yaradıcı heyətlə ənənəvi kulisarxası söhbətində baş rolun ifaçısı Nəsibə xanım Zeynalovanı nəzərdə tutaraq qeyd etdi ki, bəs niyə belə bir qüdrətli sənətkarın ifasında bu cür uğurlu alınmış obrazın kino versiyası olmasın? Ssenari də bundan sonra yazıldı. Və Cənnət xanım obrazını təkrarsız tərzdə canlandıran Nəsibə xanımın ətrafında yeni bir ansambl yarandı. Əlbəttə, teatrdan fərqli olaraq kinoda obrazlarla aktyorların yaşı bir-birinə uyğun olmalıdır. Mənə də İlqar obrazının sınaq çəkilişlərində iştirak edib təsdiq olunmaq nəsib oldu..."
İlham müəllim qeyd etdi ki, elə təkcə İlqar obrazına 12 aktyor sınaq çəkilişinə dəvət edilibmiş - Murad Yagizarov, Rafael Dadaşov, Fuad Poladov, Ramiz Məlik, Rafiq Əzimov və başqaları. Ayaz roluna isə Hüseynağa Hadıyev və Ceyhun Mirzəyev də sınağa dəvət olunmuşdular.
Qəbul edilən və edilməyən improvizələr
İ.N.Kamal:
"Hüseyn müəllim Ceyhunu təsdiq etmişdi. Amma bədii şura nədənsə bu seçimlə razılaşmamışdı. Sonra seçim Fuadın üzərində dayandı - onun qrimini dəyişdilər, eynək taxdılar və Ayaz roluna o təsdiq olundu. Bütün rollara bir neçə aktyor sınaq çəkilişinə dəvət edilmişdi. Həmçinin Zərifə-Afət roluna da bizim bir neçə aktrisamız sınanmışdı. Amma seçim İnarə Quliyevanın (Moskva Operetta Teatrının aktrisası və rejissoru) üzərində dayandı. İlk dəfə tərəf-müqabili olduğum bu aktrisa səmimiliyi və peşəkarlığı ilə yadımda qalıb. Ümumiyyətlə, çox səmimi kollektivimiz var idi. Peşəkar və səmimi. Buna görə də 40 il keçməsinə baxmayaraq, tamaşaçı marağı sarıdan korluq çəkməyən filmlərimizdəndi. Bu da təbii ki, filmin müəllifi Hüseyn Seyidzadənin məharətinin sayəsində baş verən təzahürdü. Nəyə görə bunu məharət adlandırıram? Çünki başqa bir rejissor olsaydı, komediya janrının dar çərçivəsində qura bilərdi filmi - məsələn, Ayazla İlqarı sırf komik personajlar kimi təqdim edə bilərdi. Amma Hüseyn müəllim belə etmədi: o, ekrana zahirən və daxilən gözəl olan azərbaycanlı alicənab, ziyalı gənclərinin obrazını gətirdi. Buna görə də film belə sevilir. Onlar axı gülməli və ya gülünc adamlar deyillər, həyatın bütün şəraitlərində müvafiq davranışa, daxili tərbiyəyə malik insanlardır. Özü də yəqin ki, eşitmisiz, Hüseyn müəllim kifayət qədər çətin rejissorlardandı, o mənada ki, onun özünün zövq dərəcəsi var idi. Fikir verirsinizsə, filmin hər bir kadrı sanki bir tablodu. Bu da təbii ki, operatorun ustalığı ilə yanaşı quruluşçu rejissorun səyinin nəticəsidir. Artıq, yersiz improvizəni qətiyyən qəbul etmirdi..."
Hüseyn Seyidzadənin rejissor ötkəmliyi Nəsibə xanımdan da yan keçməyib - teatr tamaşasında bu rolu oynayanda aktrisa "çamadan" sözünü "maçadan" şəklində işlədirmiş, filmin çəkilişində də belə deyib. Bunu eşidəndə Hüseyn müəllim qəti etiraz edib, deyib ki, bu filmə bütün ittifaq (keçmiş SSRİ nəzərdə tutulur - red.) baxacaq, mən onlara necə izah edəcəm ki, "maçadan" nə deməkdi?!... Hətta buna görə qrupun əhval-ruhiyyəsi korlandığı üçün həmin gün çəkiliş təxirə salınıb.
İ.N.Kamal:
"Mənim bir improvizəmlə bağlı da narazılıq yaranacağını düşünmüşdüm, amma əksinə oldu. Afəti gətirib Ayazgildə qoyub çıxıb getmək istəyəndə ssenariyə görə "sağ olun" deməliydim. Necə oldusa, ağzımdan "mehriban olun" ifadəsi çıxdı. Duruxdum, fikirləşdim ki, indi yenə çəkiliş ovqatı pozulacaq. Amma Hüseyn müəllim dedi ki, dayan, dayan, onu bir də de. Beləliklə, "mehriban olun" ifadəsinin daha uyğun olduğunu etiraf etdi, yəni ikimənalı ifadə idi, həm "qırın bir-birinizi" mənasında, həm də əsl mənasında anlaşılırdı, ona görə effekt doğurmuşdu.
Sovet kinosənayesinin özəllikləri
Söhbətimiz əsanasında İlham müəllim kadrarxası məqamları və sovet kinosənayesinin özəlliklərini də xatırladı:
"Bir dəfə operatorlardan biri nəsə səhv, ya da səhlənkarlıq etmişdi, Hüseyn müəllim də çəkilişi təxirə salmışdı. Mən də Nəsibə xanımdan soruşdum ki, doğrudur ki, o operator belə məsuliyyətsizlik edib? Nəsibə xanım bircə kəlmə ilə cavab verdi, dedi: "Çoox!...". Bu cavabda işə diqqətsiz münasibətin bütün mənaları var idi. Nəsibə xanım həyatda da hazırcavab idi.
Bağ epizodu Mirməmməd Cavadzadənin Nardarandakı bağ evində çəkilmişdi. Mənzil epizodları isə quruluşçu rəssamımız Nadir Zeynalovun müstəsna əməyinin nəticəsidir. Məhz o, kinostudiyanın pavilyonunu o cür gözəl mənzilə çevirmişdi. Pavilyondan kənar çəkilişlərə hamı kinostudiyanın avtobusu ilə getməli idi. Heç kimə öz maşını ilə getməyə icazə verilmirdi. Öz libaslarımızda çəkilməyə də həmçinin. Hər personaja çeşidli qarderob alınmışdı ki, ekranda yeknəsəq görkəmdə görünməyək. Bir filmdən aldığımız qonorarla "Jiquli" maşını ala bilirdik."
Bəxti gətirmiş aktyorların xoşbəxt rejissoru
Müsahibimiz deyir ki, film rejissorun tablosudu, buna görə əsl rejissor istəməz ki, o tabloda ümumi harmoniyanı pozan çalar olsun. Afətin kuklası, Məşədi Kərimin üzünün ifadəsinin vaxtaşırı dəyişən portreti kimi detallar Hüseyn müəllimin fantaziyasının məhsulu idi.
İ.N.Kamal:
"Bir də vurğulayıram, onun filmlərinin hər biri bitkin bir tablo idi. Təəssüf ki, tez itirdik Hüseyn müəllimi. Son vaxtlarda deyirdi ki, "Xanəndənin taleyi" adlı film üzərində işləyir, amma başa çatdırmağa ömrü çatmadı..."
Rejissorun adı cismani vəfatından sonra sənətkarlıq meyarı gücünü itirmirsə, onu xoşbəxt rejissor, filmlərində çəkilən aktyorları isə bəxti gətirmiş aktyorlar adlandırmamaq olmur. Hüseyn Seyidzadə və onunla çalışmış aktyorlar məhz bu təəssüratı doğurur.
Və əlbəttə konkret olaraq nə yaxşı ki, sayəsində neçə-neçə gəlin-qayınana narazılıqlarına əl-qol açmağa imkan verməyən bu film ərsəyə gəlib. Beləliklə, bəxti gətirənlərin sayı və çeşidi çoxalıb, çoxalmaqda da davam edir.
Samirə Behbudqızı
Milli.Az