"Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində Şirvanşahlar Sarayında Azərbaycan rəssamı Vüsalə Ağarazıyevanın "Şeh. Olmayan Səhər" adlı fərdi sərgisinin açılışı olub.
Milli.Az bildirir ki, layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub.
"Şeh. Olmayan Səhər" əsərində Vüsalə Ağarazıyeva Şirvanşahlar Sarayını qaranlığın tədricən aydınlığa yol verdiyi həmin o kövrək anda gecə-sübh sərhədində yerləşən düşüncə məkanına çevirir.
AZƏRTAC-ın müxbiri ilə söhbətində rəssam sərgi ideyasının Şərq fəlsəfəsindən yarandığını, burada şehin anı, görünən ilə görünməyən, yuxu ilə oyanış arasındakı incə sərhədi simvolizə etdiyini bildirib.
O, şehin gecə ilə səhər, yuxularla reallıq "arasında" yarandığını vurğulayıb. Məhz bu keçicilik, keçici vəziyyət onu sərgini yaratmağa ruhlandırıb.
"Mən bu anların çox incə, lakin canlı duyğularını çatdırmaq istədim. Axı, şeh səhər hələ tam gəlməmiş və gecə demək olar ki, keçəndə peyda olur. Onu görmək üçün, sadəcə, vaxtında - həm fiziki, həm də daxilən oyanmaq lazımdır", - deyə V.Ağarazıyeva qeyd edib.
Milli.Az





