Mədəniyyət

"Belə şeyə baxanda, başımı aşağı salıram..." - MÜSAHİBƏ

24 Avqust 2011 09:33
Baxış: 1 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Muğam" Teatrının direktoru Arif Qazıyevlə yaxından tanışlığım yox idi. Sadəcə olaraq, bu teatrı yaratmamışdan əvvəl uzun illər televiziyada rejissor işlədiyini eşitmişdim. Bununla belə, milli musiqimizin təəssübünü çəkənlərdən olduğunu bilirdim. Amma onunla həmsöhbət olandan sonra bir çox maraqlı məqamlardan xəbərdar oldum. Sən demə, dünyaca məşhur bəstəkarımız Fikrət Əmirovun xalası oğlu olan Arif müəllimin incəsənətə gəlişi də elə musiqi ilə bağlı olub. Qalanını isə həmsöhbətimizin öz dilindən təqdim etməyi daha uyğun bildik.

- 1938-ci il mayın 17-də Gəncə şəhərində anadan olmuşam. Orta təhsilimi orda başa vurub, Bakıya gələrək Teatr İnstitutuna qəbul olundum. O vaxta qədər isə bir çox musiqi festivallarının iştirakçısı olmuşam. Demək olar ki, 8-9 yaşımdan festivallarda iştirak edirdim. Gəncədən gəlirdik Bakıya, həmişə burda ya Opera və Balet Teatrında, ya da filarmoniyada keçirilən yekun konsertlərdə iştirak edirdik. Məsələn, mən Mircəfər Bağırovun vaxtından incəsənətdəyəm. Çünki 8 yaşım olanda, onun qarşısında oxumuşam.

Bəlkə də çoxları bilmir ki, "Cücələrim" mahnısının ilk ifaçısı mənəm. Rəhmətlik Qəmbər Hüseynli Gəncədə bizim bədii rəhbərimiz idi. O, "Cücələrim" mahnısını yazıb gətirmişdi və dedi ki, "Bakıya gedirik, gəlin xorla bunu oxuyaq". Qrupun solisti bir mən idim, bir də Münəvvər Seyfullayeva. Bakıya gəlib həmin mahnını filarmoniyada oxuduq. Mircəfər Bağırov da filarmoniyanın eyvanında oturub tamaşa edirdi. Sonra "Vətən oğlu" mahnısını oxudum. Konsertdən sonra Bakının Mədəniyyət İdarəsinin müdiri Hökumə Sultanova gəlib məni Bağırovun yanına apardı. O da məni çox mülayim qarşıladı və əlini çiynimə qoyub dedi ki, "oğlum, çox yaxşı oxudun, istəyirsən sənin üçün şərait yaradım, qal, Bakıda oxu?" Sözün düzü, istəmədim.

Gəncəyə qayıdandan üç gün sonra Bağırov mənə 4-5 yekə qutuda hədiyyələr göndərdi. Bütün Gəncə danışırdı ki, yoldaş Bağırov Arifə hədiyyə göndərib. Hansı ki, atamı bəy nəslindən olduğu üçün 1937-ci ildə tutub güllələyiblər. Mən atamın üzünü görməmişəm. Amma atamı tutan adam mənə hədiyyə göndərirdi. Nə isə, Teatr İnstitutuna qəbul olunandan sonra 1956-cı ildə Azərbaycanda telestudiya fəaliyyətə başladı...

- Bəs nə üçün oxumağı atdınız?

- Nə bilim vallah, Teatr İnstitutuna qəbul olunandan sonra aktyorluğa daha çox meyl etdim. Sonra rejissor olmaq istədim. İnstitutda oxuduğum illərdə bir çox tamaşalarda oynadım. Telestudiya fəaliyyətə başlayandan sonra orda diktor kimi çalışdım. Onu da deyim ki, televiziyanın ilk kişi diktoru mən olmuşam. Müsabiqədən kişilərin arasından ilk dəfə mən keçdim. 1957-ci ildən 1959-a dək diktor işləyəndən sonra televiziyanın nəzdində yaradılan Miniatür Teatrının aktyor truppasına keçdim.

- O vaxtlar televiziya yeni yaranan bir qurum olduğundan, diktorluq da çox nüfuzlu peşə sayılırdı. Hər halda siz də o vaxt gənc olmusunuz. O yaşda da insan şöhrətpərəst, populyarlığa meylli olur. Bəs nə üçün diktorluqdan getdiniz?

- Doğrudur, o vaxtlar 18-19 yaşında qəşəng bir oğlan idim. Amma get-gedə diktorluğa həvəsim öldü. Çünki gün ərzində cəmi-cümlətanı xəbərləri oxumaq üçün 10 dəqiqə efirdə olurduq, vəssalam. Bu da məni bezdirdi. Aktyor truppasına keçəndən sonra Leninqrada getdim və orda görkəmli rejissor Tovstonoqovun kursunda oxudum. Bakıya qayıdandan sonra da başladım televiziyanın musiqi şöbəsində rejissorluq etməyə. Baş rejissor olduğuma görə o dövrün bütün musiqi proqramlarını, görkəmli sənətkarlarla bağlı verlişləri hazırlayırdım.

Sonra "Azərbaycantelefilm"ə rejissor keçdim və birinci işim, deyərdim ki, həm çətin, həm də prestijli oldu - "Şur" muğamı haqqında film çəkdim. Doğrudan da o dönəmlərdə mən birinci dəfə muğamla simfonik muğamı sintez etdim. Bu, olub 1967-ci ildə. Deməli, Əhməd Bakıxanovun ansamblından Arif Babayev, İslam Rzayev, Əlibaba Məmmədov və Əbülfət Əliyevin ifasında "Şur" muğamını dəstgah-tamaşa şəklində qurduq və ona Fikrət Əmirovun "Şur" simfoniyasını əlavə etdik. Çünki Fikrət Əmirov ABŞ-da səfərdə olarkən dünyanın ən məşhur dirijorlarından olan Leopold Stakovski "Şur" simfoniyasına dirijorluq etmişdi. Həmin dirijor konsertdən sonra jurnalistlərə demişdi ki, "Fikrət Əmirovun simfonik muğamları 20-ci əsrin ən görkəmli əsərlərindəndir".

Bütün bunlar həmin filmdə əksini tapdı və film bir il sonra - 1968-ci ildə Kiyevdə keçirilən "Prometey" festivalında "ən yaxşı film" kimi mükafat aldı. Musiqimizlə bağlı çəkdiyim bütün filmlərim SSRİ-nin bir çox mükafatlarına layiq görülüb. Bunlardan başqa, bütün korifey sənətkarlarımızla bağlı filmlər çəkmişəm...

- Bütün bu işlərdən sonra nə üçün "Karvansara" kimi dar məkana sığınmağa razılaşdınız?..

- Bura mənim üçün dar deyil. Çünki muğam sənəti çox böyükdür...

"Muğam" Teatrı açılandan sonra başladım yavaş-yavaş indiki ansamblı toplamağa. Elə oldu ki, televiziyadan çıxdım və bu işi rahat həyata keçirdim. Əvvəlcə bizə burda iki otaq ayırdılar. Təzə-təzə gələndə, bu "Karvansara"da 8 idarə vardı, hamısını başqa yerlərə köçürtdürdüm, otaqları təmizlətdirdim, buranı yenidən restavrasiya etdirdim. Bilirsinizmi, bizim ən böyük sərvətimiz muğamlarımızdır. Əgər muğamlar olmasaydı, nə Üzeyir bəy, nə Qara Qarayev, nə operalarımız, nə də baletlərimiz meydana çıxardı. Bütün gözəl mahnılarımız muğamların üstə yazılıb. Xaricilər tez-tez bizim teatra təşrif buyururlar. Bizim xanəndələr oxuyan kimi fikir verib görürəm ki, italyanlar çəngəl-bıçağı yerə qoyub əvvəldən-axıradək ona qulaq asırlar. Hərdən də görürsən ki, azərbaycanlılar da gəlir, amma onların başı yeməyə daha çox qarışır...

- Bəlkə xaricilərə əsrarəngiz təəssüratlar yaşadan muğamlarımız özümüzünkülər üçün adiləşib...

- Sənət heç vaxt adiləşə bilməz. Sənət həmişə yaşayır, inkişaf edir. İnsanların mənəviyyatı adiləşib. Musiqimizdə elə bil bilərəkdən xaos yaradılıb. Yadımızdan çıxarmamalıyıq ki, azərbaycanlıyıq...

Zakir Əliyev üçün "Kimlər gəldi, kimlər keçdi" klipini çəkmişdim. Yəni həyatdı da, görün, kimlər gəlib-keçib: Nizami, Füzuli, Üzeyir, Qara Qarayev, Fikrət... Camaat baxıb yaddan çıxarmasın ki, bu dünyada kimlər yaşayıb və o dünyaya köç edib. Çünki hamının yolu oradır. Ona görə də, bir-birimizin qədrini bilək, bir-birimizə əl tutaq, çalışmayaq ki, kimisə tez tənqid edək. Bəzən telekanallarda görürəm ki, dava-dalaş düşür. Belə şeyə baxanda, başımı aşağı salıram.

Millətin zəif cəhətindən film çəkmək asandır. Nədi-nədi, yüngül gülüş xatirinə. Başqa xalqlar baxıb desinlər ki, bunlara baxın... İstəmirəm ki, bizi hər yerdə alverçi kimi tanısınlar. Mən inanıram ki, həmin filmləri çəkənlərin bizim intelligensiyamız barədə məlumatı yoxdur. Bizim mədəniyyətimiz həmişə dünyada yüksək səviyyədə tanınıb. İndi isə çox zəif, bayağı və peşəkarlıq baxımından bir qəpiyə dəyməyən filmlər baş alıb gedir...

- Televiziyanın yaranmasından 3-4 il sonra çox istedadlı telerejissorlar yetişdi. Bir-birindən maraqlı verilişlər, telefilmlər çəkildi. Amma müasir texnikanın bol olduğu bu dövrdə telerejissura acınacaqlı səviyyəyə düşüb. Bədiilikdən əsər-əlamət qalmayıb...

- Bizim vaxtımızda filmlərimizi Bakıda saf-çürük edəndən sonra Moskvada da gözdən keçirirdilər. Yəni, ciddi nəzarət vardı. Moskvanın Mərkəzi Televiziyasında SSRİ-nin 20-dək tanınmış telerejissoru filmi ortalığa qoyub müzakirə edirdilər. Və onların qabağında dayanmaq asan deyildi. Senzura olsa da, məsləhətlər də verirdilər. Özü də o vaxt video yox idi, biz filmləri lentə çəkirdik. Bu da bilirsiniz ki, çətin prosesdir. Amma elə həftə yox idi ki, SSRİ-nin Mərkəzi Televiziyasında Azərbaycanın bir filmi nümayiş olunmasın. İndi peşəkarlar yoxdu axı. Baxırsan, modelyer gəlib film çəkir. Telerejissuranı öyrənmək üçün tələbələr studiyadan çıxmamalıdırlar, kameradan aralanmamalıdırlar... İndi aftoş-maftoş, biri o birisinin arvadına sataşdı və s. belə şeyləri doldurublar kliplərə. Böyük var, kiçik var, bəsdirin də...

- İstərdim, Fikrət Əmirovla bağlı bir sual verim. Onun Qara Qarayevlə küsülü olması bəlliydi. Eşitdiyimə görə, onları neçə dəfə barışdırmaq istəsələr də, alınmayıb. Nə idi Azərbaycan musiqisinin bu iki nəhəngini bir-birinə düşmən edən?

- Fikrət Əmirov xalam oğlu idi, bu öz yerində. Amma Qara Qarayevlə də münasibətim vardı. Onun haqqında film də çəkirdim...

Mən onların ikisi ilə də işləyirdim. Qara Qarayev də bilirdi ki, Fikrətin xalası oğluyam. Fikrət heç vaxt demədi ki, "niyə Qarayevdən film çəkirsən, o mənim düşmənimdir axı?" Nə də Qara müəllim dilinə gətirmədi ki, "sən Fikrətin xalası oğlusan". Və yaxud "sən Fikrətin xalası oğlusan, filmi pis çəkmisən..." Onlar yalnız öz aralarında "düşmənçilik" ediblər, heç kimi bu məsələyə qatmayıblar. Bilirsənmi, onların da aralarına girənlər vardı. Bəzi zəif bəstəkarlar özlərinə yer eləmək üçün onların aralarını vururdular. Eləcə, bir-birinin ətini yeyə-yeyə rəhmətə getdilər. Bir-birini əsəbiləşdirə-əsəbiləşdirə ikisi də cavan yaşda - 64-65 yaşda dünyadan köçdü.

İltifat Hacıxanoğlu
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.