Mədəniyyət

Şahnaz Haşımova: "Aybənizin oxumasını istəmirdim, çünki..." - FOTO

7 İyun 2017 21:03
0 Şərh     Baxış: 4 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Şahnaz Haşımovanın Milli.Az-a müsahibəsi.

- Şahnaz xanım, bu günlərdə 60 illik yubileyinizi qeyd etdiniz. Bu 60 il sizin üçün necə yadda qalıb?

- 6 yaşımdan oxumağa həvəsli olmuşam. Orta məktəbdən çıxandan sonra kurs bitirərək mühasib işlədim. Amma bu da uzun ömürlü olmadı. Çox keçmədi ki, Qənbər Hüseynli adına musiqi məktəbinə daxil oldum. Beləliklə musiqi həyatım başladı. Bütün ömrümü sənətimin yolunda şam kimi əritmişəm. Heç bir kənar sahə ilə məşğul olmamışam.Yalnız oxumuşam, gənclər yetişdirmişəm. 19 il Gəncə Filarmoniyasının direktoru vəzifəsini icra etmişəm. Sağlamlığımla əlaqədar olaraq bu günlərdə vəzifədən getdim. Həm də istədim ki, mahnılarımı oxuyum, boş vaxtımı əsərlərimə həsr edim. Çox darıxmışdım mahnılarım üçün.

- Adətən sizin kimi sənətkarlar rəhbər vəzifələrdə yorulur. Bəs siz necə?

- Bəli, düz qeyd etdiniz. Amma buna baxmayaraq, mən vəzifə məsuliyyətini dərk edən bir insanam. İşimə həmişə böyük məsuliyyətlə yanaşmışam. Yoruldum deməmişəm, xəstəyəm deməmişəm. 19 il məncə heç az müddət deyil. Bir igidin ömrüdür.

- Atanız sənətə gəlişinizə mane olmadı?

- Xeyr, çünki atam özü də həm sazda ifa edirdi, həm də şeirlər yazırdı. Biz hamımız atamıza oxşamışıq. O həm də mühəndis idi. Gəncənin bir çox tarixi tikililərində atamın zəhməti var. Anam isə evdar qadın olub, 10 övlad dünyaya gətirib, ikisi körpə vaxtı dünyasını dəyişib. Hal hazırda məndən başqa 7 bacı-qardaşım var.

- Amma görünür ki, sizinlə Aybəniz xanım bu sənətə gəlməkdə daha israrlı olmusunuz.

- Bəli, sənətdə bir Aybəniz xanımdır, bir də oğlum Tural Abdullayev. Aybəniz xanım dünyaya gələndə mənim 11 yaşım var idi. Həkim ilk onu mənim qucağıma verdi. Mən evdə böyük olduğum üçün bacılarım da, qardaşlarım da mənə ana kimi baxıb.

- Deməli bacınızı sənətə siz gətirmisiniz?

- Yəqin ki, o məni evdə görəndən sonra bu sənətə həvəsli olub. Sözün düzü istəmirdim ki, Aybəniz oxusun. Çünki o əziyyəti görmüşdüm. Sənət insanın bütün ömrünü alır, gərək bütün gününü bu sənətə həsr edəsən. Oxumaq üçün həyatını sənətə verməlisən.

- Gəncədə yaşamaq, Bakı mühitindən uzaq düşmək bir sənətkar kimi sizin üçün maraqlıdır?

- Bəli, mən Gəncədən ayrı yaşaya bilmərəm. Bu yerlərin suyu, torpağı məni saxlayır. Evimdə həm xanımam, həm də sənətkar. Mənim yeməklərim hamının dilində əzbərdir. Bizə gələn deyir ki, nə olardı, kaş badımcan dolması hazırlayardı (gülür). Çünki mən bu təamı xüsusi hazırlayıram.

- Həyat yoldaşınız da kamança ifaçısıdır. Evdə iki sənətkar olmağının çətinlikləri nələrdir?

- Həyat yoldaşım kamança ifaçısıdır. O "Göygöl" ansamblında ifa edəndə, mən ora gəldim. O zaman 16 yaşım var idi. Orada tanış olub evləndik. İki oğul övladım dünyaya gəldi. O məni tanıyırdı deyə sənətdə heç bir qadağa qoymadı mənə. Həyat yoldaşımla bir çox qastrol səfərlərinə gedirdik, çıxışlarımız olurdu. Bir sözlə o bütün həyatını mənim inkişafıma həsr edib.

- Şahnaz xanım sənətə yeni gələn gənclərə nə tövsiyyə edərdiniz?

- Onlara tövsiyyə edirəm ki, tənbəl olmasınlar. Zəhmətkeş olsalar, əziyyətləri yerdə qalmaz. Əziyyət çəkməsələr, itib-batacaqlar. Allah onların yolunu açıq etsin.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.