Mədəniyyət

"Bizim küçə"nin Sarası: "Atamı alman əsilli bir qadın zəhərlədi..." - FOTO

29 Sentyabr 2015 15:12
6 Şərh     Baxış: 5 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1950-ci illərin sonunda əslən iranlı olan Sasanpur adlı rejissor diplom işi kimi "Molla Fəttahın macəraları" adlı qısametrajli film çəkir. Filmdəki obrazlardan biri nərmənazik və eyni zamanda ərəb rəqsi oynaya bilən bir qız olmalı idi. Bakı Xoreoqrafiya Məktəbinə üz tutan filmin ikinci rejissoru Əşrəf Mamayev burada filmin qəhrəmanını tapır.

Milli.Az show.az-a istinadən bildirir ki, həmin filmdə Mövsüm Sənani, Nəsibə Zeynalova kimi sənətkarlarla tərəf-müqabili olan bu qız öz rolunun öhdəsindən məharətlə gəlir. Elə həmin filmdən sonra dəvət aldığı ikinci rol isə ona o zaman üçün ağlagəlməz şöhrət qazandırır. Çəkiliş təkliflərinin, dəvətlərin ardı-arası kəsilmir. O isə aktrisa olmaq istəmirdi. Yazısı başqa idi... Leninqrad, aspirantura, ailə, sonra da 18 illik direktor fəaliyyəti... Bütün bunlar onun yaşadığı bir ömür payı oldu. Amma yüzlərlə tələbəsinin həyatında bir müəllim izi qoyan Rima Məmmədova tamaşaçıların yaddaşında Azərbaycan kino incilərindən sayılan "Bizim küçə" filminin qəhrəmanı Sara Gözəlova kimi qaldı.

- "Bizim küçə" filmi mənim həyatımda heç vaxt unutmayacağım iz qoydu. 18 yaşım vardı onda. Sınaq çəkilişlərindən elə o dəqiqə keçdim. Filmin çəkilişləri iki ay yarım Qara dənizdə, Batumidə, Suxumidə, Yaltada, Soçidə, sonrakı səhnələr isə Bakıda çəkildi. Sara obrazı mənim üçün çox doğma idi. İmran Qasımov bu obrazda düşdüyü vəziyyətlərdən asılı olmayaraq, hər yerdə namuslu, mərd, qorxmaz, sədaqətli olan bir azərbaycanlı qızının obrazını yaratmışdı. Bu obraz mənim sonrakı taleyimə elə böyük təsir göstərdi ki... Mən bütün həyatım boyu "azərbaycanlıyam" kəlməsinin məsuliyyətini daşıdım. Sonradan təhsilimi davam etdirdim. Leninqradda oxudum. Hətta məni orada evlə də təmin edirdilər, təki qalıb dərs deyəydim. Amma mən orada da "azərbaycanlı" idim. Qala bilməzdim. Məni Vətənimdə ailəm, 3 yaşlı qızım və valideynlərim gözləyirdilər.

- Maraqlı adınız var - Rima...

- Atam silahdüzəltmə üzrə mühəndis idi. O, Moskvada Bauman adına hərbi məktəbi bitirən ilk azərbaycanlılardandı. Böyük Vətən Müharibəsi illərində Saratovda, hərbi zavodda işləyirmiş. Anamla elə tələbəlik illərində tanış olub, evləniblər. Saratovda, kommunal mənzildə yaşayırlarmış. Anam mənə hamilə olanda atamı qonşu mənzildə yaşayan alman əsilli bir qadın zəhərləyir. Ölüm ayağında olan atamı Rima adlı qonşu qadın sağaldır. Atam da söz verir ki, qızı olsa adını "Rima" qoyacaq. Bir müddət sonra isə onu Bakıya - o vaxtlar hərbi zavod olan Leytenant Şmidt adına zavoda göndərirlər. Beləcə, mənim Bakı nağılım başlayır.

- Atanız filmə çəkilməyə etiraz etmədi ki?

- Valideynlərim olduqca mərhəmətli, ziyalı insanlar idi. Onların həyatı bir başqa mövzudur. Atam həmişə deyərdi ki, mən qızıma güvənirəm, bilirəm ki, səhv addım atmaz. Bax o güvən həmişə mənə kömək olurdu. "Bizim küçə" filmindən sonra Həsən Seyidbəyli məni "Telefonçu qız", "Böyük dayaq" filmlərinə də dəvət etdi. Rəhmətlik Həsən Seyidbəyli dəfələrlə evimizə gəldi, valideynlərimlə danışdı. O elə bilirdi ki, onlar mənə mane olurlar, amma hər şey əksinə idi. Səbəb sadə idi: mənə elə gəlirdi ki, hansısa başqa bir filmə çəkilsəm, "Bizim küçə"nin kollektivinə xəyanət etmiş olaram. Mən xarakter baxımından çox sədaqətli insanam. Fikirləşirdim ki, onlara öyrəşmişəm, indi necə gedim başqalarına isinişim? Digər bir səbəb də o idi ki, projektorların işığı mənim gözlərimə pis təsir edirdi. Nəsə istəmədim... Sonra incəsənət institutunun rejissorluq fakültəsini bitirdim. Opera və Balet teatrında "Traviata" əsərini qoydum. Paralel olaraq Opera və Balet Teatrında balerina kimi də çalışırdım. 1969-70-ci illərdə Teatr İnstitutunda dərc deməyə başladım. Sonra sənədlərimi Leninqrada, aspiranturaya göndərdim və qəbul oldum. İnanın, taleyimin o dönəmi üçün Allahıma çox minnətdaram. Bakıya qayıtdıqdan sonra düz 18 il Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışdım. Yüzlərlə tələbəm oldu. Amma illər ötsə də insanlar hələ də məni Sara kimi xatırlayırdılar. Evdə indi də həmin filmin saralmış ssenarisi və albomum durur. Arada vərəqləyirəm. O günləri - Gözəlova Saranı xoş təbəssümlə xatırlayıram.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.