Alimlər damarlar vasitəsilə üzərək dərman çatdıra bilən və hədəfə çatdıqdan sonra bədəndə həll olaraq yox olan mikro ölçülü robotlar yaradıb, heyvanlar üzərində uğurla test ediblər.
Milli.Az xəbər verir ki, tədqiqatın nəticələri Science jurnalında dərc edilib.
Mikro robotlar qum dənəsi böyüklüyündə jelatin kapsullardan ibarətdir. Kapsulların içində həm müalicə məqsədli dərman, həm də maqnit sahəsi ilə idarə olunmalarına imkan verən dəmir oksid nanohissəcikləri yerləşdirilib.
Tədqiqatçılar klinik maqnit navigasiya sistemi və real vaxt rentgen görüntüləmə texnologiyasından istifadə edərək bu mikro robotları damar quruluşu insanlara bənzəyən donuz və qoyunların beyin damarları içərisində idarə edə biliblər.
Robotlar damarlar vasitəsilə hədəf bölgəyə dərmanı çatdırdıqdan sonra bədəndə öz-özünə həll olaraq tamamilə yox olublar.
Hələ insanlarda sınaqdan keçirilməyən metod mütəxəssislər tərəfindən insult, beyin şişləri və çətin çatılan digər xəstəliklərin müalicəsində əhəmiyyətli irəliləyiş kimi qiymətləndirilir.
Alimlər bildirirlər ki mikro robotlar dərmanı yalnız ehtiyac olan toxumaya çatdırmaqla bədənin digər hissələrində yayılmasını və yan təsirləri xeyli azaldır. Uğurlu araşdırmalar davam edərsə, texnologiyanın 5-10 il ərzində tibbdə istifadəyə veriləcəyi gözlənilir.
İsmayıl
Milli.Az





